Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:27

Orduya dəstək yürüşündən sonra həbs olunanların məhkəməsi başlayır


AXCP-nin 16 üzvü orduya dəstək yürüşündən sonra açılan cinayət işinə cəlb edilib.
AXCP-nin 16 üzvü orduya dəstək yürüşündən sonra açılan cinayət işinə cəlb edilib.

İyulun 15-də Bakıda keçirilən orduya dəstək yürüşündən sonra həbs olunan AXCP üzvlərindən daha dörd nəfərin ev dustaqlığına buraxılmaqla bağlı vəsatəti rədd olunub. AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifliyə sentyabrın 11-də Nəsimi Rayon Məhkəməsində "yox" cavabı verilib. Partiyanın digər üzvləri - Telman Seyfullayev, Ramid Nağıyev Elnur Cabbarovun eyni məzmunlu şikayətini isə Bakı Apellyasiya Məhkəməsinin hakimləri təmin etməyib.

İyulun 18-də həbs olunandan vəkili Aqil Layıcla görüşə bilməyən Ramid Nağıyevi yenə də məhkəməyə gətirməyiblər.

Cinayət işinin materialları ilə tanış ola biləcəklər

Cəbhəçilərin vəkilləri AzadlıqRadiosuna bildirib ki, onların barəsindəki həbs qərarından Avropa Məhkəməsinə şikayətlər göndəriləcək.

"Həbs-qətimkan tədbiri seçilməsi barədə qərardan şikayət vermişdik, təmin olunmamışdı. Bundan sonra ev dustaqlığına buraxılma üçün müraciət etdik. Nəsimi Rayon Məhkəməsi onu da təmin etmədi. Onun qərarını bu gün apellyasiya məhkəməsi də qüvvədə saxladı. Ölkə daxilində hüquqi müdafiə vasitələrini tükəndirmişik", – A.Yusiflinin vəkili Nemət Kərimli bildirib.

AXCP-nin 16 üzvü orduya dəstək yürüşündən sonra açılan cinayət işinə cəlb edilib.

Onlardan 15-i həbsdədir, bir nəfər istintaq dövrü üçün polis nəzarətinə verilib. Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ümumilikdə isə 37 nəfər istintaqa cəlb edilib, onların 36-sı həbsdədir. Onların arasında Müsəlman Birliyi Hərəkatının, Demokratiya və Rifah Hərəkatının üzvləri, Naxçıvan MR daxili i̇şlər nazirinin müavini olmuş Səyavuş Mustafayev də var.

Sentyabrın 11-də vəkillərə bu iş üzrə ibtidai istintaqın yekunlaşdığı bildirilib. Məlumat verilib ki, sentyabrın 14-ü səhər saat 09.00-dan həm vəkillər, həm də təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış ola biləcəklər.

Tanışlıq başa çatandan sonra iş Səbail Rayon Məhkəməsinə göndəriləcək.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, o cümlədən F.Qəhrəmanlı və M.İbrahimin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG