Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:37

İlham Əliyev BMT sessiyasında nə deyib, müxalifət nə deyir?


Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu qurumun 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclas keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev də iclasda videoformatda çıxış edib.

AZƏRTAC çıxışın mətnini yayıb. O bir sıra məsələlərlə yanaşı ölkədə demokratiya və insan hüquqları məsələlərinə də toxunub.

“Demokratiyanın inkişafı hökumətimizin başlıca prioritetləri sırasındadır”

Prezident deyib ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir:

“Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib…”

“Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib”

Prezident əlavə edib ki,Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib və son 17 ildə ümumi daxili məhsul üç dəfə artıb:

“Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir”.

Müxalifətin mövqeyi

Amma Azərbaycanın bəzi müxalifət qüvvələri bir qayda olaraq prezidentin belə fikirlərinin əksini söyləyirlər. Onlar deyirlər ki, ölkədə seçkilər demokratik prinsplərə və beynəlxalq standartlara cavab vermir. Müxalif qüvvələrin vurğulamasına görə, fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı və toplaşma azadlığı qorunmur.

Onlar qeyd edirlər ki, paytaxt Bakıda yalnız şəhərin mərkəzindən uzaq, ucqar ərazidə kütləvi aksiyalara razılıq verilir.

Üstəlik, Prezidentin haqqında bəhs etdiyi dialoqda da Milli Şura və Müsavat Partiyasının iştirak etmədiyi bildirilir. Milli Şura bəyan edib ki, dialoq imitasiya xarakteri daşımamalıdır.

Bütün bunlarla yanaşı, müxalifət ölkənin iqtisadi cəhətdən inkişaf etməsi ilə bağlı fikirləri də qəbul etmir.Onlar qeyd edirlər ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətindən asıldır.

Prezident: ““Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir ”

Prezident BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu qurumun 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasdakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir...”

Prezident əlavə edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır:

“Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Prezident İlham Əliyev çıxışında daha sonra deyib:

“Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.

Prezidentin söyləməsinə görə, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir.

İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda çıxış etməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı olub.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri əks mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez hər iki tərəfə qara xəbərlər gəlir. Bu gün, sentyabrın 21-də də Azərbaycanın bir hərbi qulluqçusunun həlak olduğu açıqlanmışdı.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG