Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:31

F.Qəhrəmanlı: 'Elə vəziyyətdə idim ki, oxuya bilmədim...'


F.Qəhrəmanlı
F.Qəhrəmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlı istintaqdakı ifadəsinin təhrif olunduğunu bildirib. Bu barədə AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib.

Yaxınlarının sözlərinə görə, F.Qəhrəmanlı özü telefon danışığı zamanı bununla əlaqədar narazılığını çatdırıb.

"Demədiyi fikirlər ifadəyə salınıb"

"İş artıq məhkəməyə göndərilib, təqsirləndirilən şəxslərə də ittiham aktı paylanıb. Fuad Qəhrəmanlı deyir ki, ittiham aktı ilə tanış olanda onun istintaqa verdiyi ifadənin təhrif edildiyini görüb. Onun demədiyi fikirlər ifadəyə salınıb. Dedi ki, istintaqda elə vəziyyətdə olub ki, ifadəni oxumadan imzalayıb", – ailə üzvləri belə deyir.

F.Qəhrəmanlı onu da bildirib ki, məhkəmədəki ifadəsində bütün detallara aydınlıq gətirəcək.

İttiham aktında yazılıb ki, F.Qəhrəmanlı özünü təqsirli bilməyib, həmin gün yürüşdə də iştirak etmədiyini deyib. İyulun 14-də axşam evdə olanda Facebook və başqa şəbəkələrdə canlı yayımlara baxanda yürüşdən xəbər tutub. İnsanların hərəkətini izlədikcə görüb ki, get-gedə yürüşə qoşulanların sayı artır. Həmin vaxt ölkədə və xaricdə baş verən prosesləri müzakirə etmək üçün cəbhəçilərin sosial şəbəkədə yaratdığı qrupa daxil olub. Görüb ki, qrupda olanlar yürüşü müzakirə edirlər. O da qoşulub. Bu cinayət işi üzrə həbs olunan AXCP fəallarından Asif Yusifli, Bəxtiyar İmanov və digərləri də orada olub.

A.Yusifli
A.Yusifli

Asif Yusifli yürüşdə kimsəni idarə etmədiyini deyib

"Söhbətlərdən belə başa düşüb ki, insanların hansı məqsədlə ora toplaşmasından asılı olmayaraq, kütlə şəklində hərəkət etmələrinə sevinir, partiya olaraq, həmin kütlənin içərisinə daxil olmağa can atırlar. Müzakirə aparan cəbhəçilərdən bir neçəsi kütləyə qoşulmağı təklif edib. O da qoşulmağı məqsədəuyğun hesab edib. Kütləni kimin idarə edəcəyini düşünəndə xatırlayıb ki, bir neçə dəqiqə əvvəl Asif Yusifli yürüşdən canlı yayım edirdi. Ona görə belə qənaətə gəlib ki, orada cəbhəçiləri idarə edən şəxs Asif Yusifli olacaq. Gecə saat 2 radələrinə qədər gedən prosesləri izləyib. Kütlənin get-gedə aqressivləşdiyini görüb düşünüb ki, artıq istəklərinə nail olublar. Prosesin hansı şəkildə sona çatmasını izləmək istəsə də, səhhətindəki problemlərə görə yuxuya gedib", – ittiham aktında belə yazılıb.

F.Qəhrəmanlının ifadəsində adıçəkilən AXCP Rəyasət Heyətinin üzvü A.Yusifli isə ifadəsində orada kimsəni idarə etmədiyini deyib. O vurğulayıb ki, özü də Qarabağ əlilidir, Qarabağın azadlığı, orduya dəstək məqsədilə yürüşə qoşulub, orada heç bir başqa siyasi etiraz şüarı da səsləndirilməyib.

F.Qəhrəmanlı, A.Yusifli iyulun 15-də Bakıda orduya dəstək yürüşündən sonra həbs olunub. Yürüşlə bağlı cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs var ki, onların da 16-sı AXCP funksionerləridir.

Bu cinayət işi ötən həftə Səbail rayon Məhkəməsinə göndərilib. AzadlıqRadiosunun məhkəmədən əldə etdiyi məlumata görə, bu işə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov özü baxacaq. Yaxın günlərdə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG