Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:37

Paşinyanın Kremllə incə davranışının pərdəarxası


Nikol Paşinyan
Nikol Paşinyan

Cənubi Qafqaz üzrə ekspertlərin fikrincə, Rusiya daha artıq regional nüfuz qazanmaqdan ötrü Ermənistanla Azərbaycan arasında neytral mövqe saxlayır

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Ron Sinovits Dağlıq Qarabağda döyüşlərin Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremllə münasibətlərini qəlizləşdirdiyini yazır. Bu döyüşlər Rusiya üçün Cənubi Qafqazda yeni geosiyasi imkanlar və problemlər də yaradıb.

Paşinyan oktyabrın 6-da BBC-yə deyib ki, Prezident Vladimir Putin telefon söhbətlərində ona vəd verib – Azərbaycan qüvvələri Ermənistana hücum edərsə, Rusiya “müəyyən təhlükəsizlik öhdəliklərinə əməl edəcək” və özünün başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) çərçivəsində hərbi müttəfiqinin köməyinə gələcək.

Putin bundan bir gün sonra Rusiya dövlət televiziyasına müsahibəsində də ölkəsinin Ermənistanla bağlı KTMT öhdəliklərinə əməl edəcəyini vurğulayıb. O əlavə edib ki, münaqişəylə bağlı Paşinyanla daimi əlaqə saxlayır və Ermənistan Kremlin məsələ üzrə hərəkətlərindən məyusluğunu bildirməyib. Rusiya prezidenti həmçinin “tezliklə” atəşkəslə bağlı razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.

Məqalədə deyilir ki, Kremlin real addım atmaması, sərt bəyanatlar verməməsi ermənistanlıların çoxunu həqiqətən məyus edib.

“Moskva seçim etməli olacaq”

Azərbaycan Prezidenti İlham Əliyev isə oktyabrın 7-də Rusiya dövlət televiziyasına deyib ki, Dağlıq Qarabağda döyüşlər səngiyəndən sonra Bakı Ermənistanla danışıqlara qayıdacaq.

Cənubi Qafqaz üzrə ekspertlərin fikrincə, Rusiya daha artıq regional nüfuz qazanmaqdan ötrü Ermənistanla Azərbaycan arasında neytral mövqe saxlayır.

Kennan İnstitutundan Uilyam Hill deyir ki, həm Ermənistan, həm Azərbaycanla sıx münasibətlər saxlayan Rusiya onlara silah satır, enerji sektoru üzrə razılaşmalar imzalayır. Ancaq son vaxtlar Moskva Yerevanla daha çox yaxınlaşıb, Ermənistan KTMT-nin üzvüdür, Rusiyanın regiondakı hərbi təlimlərinə qatılır.

“Münaqişə təhlükəsizliyinə hədə yaradarsa, KTMT üzvü olaraq Ermənistanın nəzəri baxımdan Rusiyaya dəstək üçün müraciət hüququ var, bu zaman Moskva müttəfiq, yaxud vasitəçi rolları arasında seçim etməli olacaq”, – Hill vurğulayır.

Yerevanda mənzillənən Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan isə düşünür ki, “Türkiyənin Azərbaycana dəstəyinə qarşılıq olaraq Rusiyanın adekvat mövqe göstərməməsi, yaxud Ermənistanı daha açıq dəstəkləməməsi” “bəzi spekulyasiya”ya yol açıb. “Rusiya kritik məqamda dəstəyi yubatmaqla Ermənistan üzərində Rusiyanın gücünü və təsirini maksimum həddə qaldırmaq” istəyir.

“Rusiya üçün riskin olmasına baxmayaraq, bu kontekstdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan və Azərbaycan üzərində daha böyük hakimiyyət və nüfuz əldə etmək fürsəti yaranır. Çünki Rusiya münaqişə tərəflərinin əsas silah təminatçısıdır. Bir az da konkretləşdirsək, Rusiya Ermənistan hökumətinin bugünkü həssas vəziyyətindən istifadə edə bilər”, – Giraqosyan vurğulayır.

Paşinyana qiyam?

2010-2012-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri, ATƏT-in Minsk qrupunda ABŞ-dan həmsədr olmuş Metyu Brayza deyir ki, Kremlin əsas məqsədi Rusiya hərbçilərini “sülhməramlı”adıyla regiona yerləşdirməkdir.

“Fikrimcə, Rusiyanın hərbi baxımdan Dağlıq Qarabağ münaqişəsinə qatılmaq marağı yoxdur. O, qərəzsiz vasitəçi kimi görünmək istəyir”, – Brayza deyir. O, İstanbulda çalışır Azərbaycanın SOCAR şirkətinə bağlı Türkiyə neft şirkətinin idarə heyətinin üzvüdür.

“Sonucda, məncə, Moskva Azərbaycanı Rusiya sülhməramlıları məsələsinə razı salmaq istəyir. Bu, Rusiyaya, illər, onillər boyunca bütün regiona təsir göstərmək imkanı verəcək”, – o vurğulayır.

Keçmiş səfirin sözlərinə görə, “Moskva ətrafında Paşinyanı görmək istəmir”, onun hakimiyyətdən uzaqlaşmasını istərdi.

Brayza deyir ki, etnik ermənilərin nəzarətində olan torpaqlar əldən gedərsə, bu, Ermənistan millətçilərini qəzəbləndirər və Paşinyanın rəqiblərinin ona qarşı hərəkətə keçməsinə yol açar.

“Ona qarşı, çox güman Moskvanın təşkilatçılığı ilə hansısa qiyam görsəm, buna təəccüblənmərəm. Başqa sözlə, Moskva düşünüldüyündən daha ciddi oyun oynayır”, – o qeyd edir.

Türkiyə amili

Giraqosyan isə bununla razılaşmır, deyir ki, Putinlə Paşinyan arasında “gərginlik və fikir ayrılığı”na baxmayaraq, “Ermənistanda Rusiyanın təşəbbüsü ilə hansısa dəyişiklik ehtimalı azdır”. Təhlilçinin fikrincə, Rusiyanın Cənubi Qafqazdakı mövcud vəziyyətdə hədəflərinin iki vacib aspekti var. Birincisi köhnə taktikadır, eyni vaxtda Ermənistan və Azərbaycan üzərində Rusiyanın hakimiyyətini və mövqeyini maksimum həddə yüksəltməyə çalışır.

Kim güclüdür - Azərbaycan, yoxsa Ermənistan ordusu?
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

Onun fikrincə, Recep Tayyip Erdogan hökumətinin Azərbaycana hərbi dəstək verməsinin arxasında bu ölkənin Azərbaycan üçün əsas hərbi patron rolunu geri almaq istəyi dayanır. Rusiya isə Türkiyənin regionda oturuşma cəhdlərinə qarşı daha sərt diplomatik mövqe tutacaq, təhlilçi vurğulayır.

Giraqosyan Paşinyana qarşı qiyam ideyasını da rədd edir, əksinə, Dağlıq Qarabağda sentyabrın 27-də əməliyyatlar bərpa olandan onun populyarlığının daha da artdığını vurğulayır.

Əməliyyatlarda hər iki tərəfdən itkilər var. Azərbaycan Cəbrayıl şəhərini, rayonun bir sıra kəndlərini, eləcə də bəzi digər kənd və yüksəklikləri işğaldan azad etdiyini bildirir.

XS
SM
MD
LG