Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:42

'O hadisə terror yox, gəncəlilərə edilənlərin qisası idi...'


"Gəncə işi"
"Gəncə işi"

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı başlayıb. Bu işdə ittiham aktının həcmi o qədər böyükdür ki, iki prokuror onun elanını bir məhkəmə iclasında başa çatdıra bilməyib.

İttihamda yazılıb ki, Y.Səfərov Suriyada təlimlər keçib, digər təqsirləndirilən şəxslərlə birlikdə mütəşəkkil dəstə yaradaraq ölkədə dövlət çevrilişi etmək istəyib. Sabiq icra başçısı və polis əməkdaşının güllələnməsi isə "terror aktı" kimi qiymətləndirilib.

Oktyabrın 14-də keçirilən məhkəmə iclasında prokurorlar ittihamı elan edəndən sonra hakim Əfqan Hacıyev təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Yalnız Y.Səfərov özünü qismən təqsirli bilib, digərləri isə günahsız olduqlarını deyiblər.

"İttihamlar da, elə bu məhkəmə də şoudur"

Y.Səfərov təsdiqləyir ki, E.Vəliyev və onu mühafizə edən polisi o güllələyib. Amma mütəşəkkil dəstə yaratmaları, bu planı əvvəlcədən digərləri ilə müzakirə edib həyata keçirməsi, hakimiyyəti zorla ələ keçirmək cəhdi və s. haqda ittihamda yazılanları qəbul etmir. Y.Səfərovun sözlərinə görə, E.Vəliyevin güllələnməsi terror yox, onun Gəncə əhalisinə etdiklərinə görə qisasdır.

Y.Səfərov məhkəmədə ifadə verərkən bu haqda ətraflı danışacağını deyir.

Təqsirləndirilən şəxslərdən Firudin Zeynalov hadisə baş verərkən həbsdə olub. Özünü təqsirli bilmədiyini vurğulayan F.Zeynalov ona qarşı irəli sürülən ittihamın mahiyyətini anlamadığını deyir. O, tələb edib ki, prokurorlar ittihamları bir-bir izah etsinlər. Bu barədə məhkəməyə yazılı vəsatət də verib: "Biz yaxşı bilirik ki, ittihamlar da, elə bu məhkəmə də şoudur. Əgər şoudursa, ondan biz də şou göstərərik burada...".

Bu işdə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə qarşısında dayananların sayı 10-dur. Digər iki nəfər – Anar Bağırov və Ağa Sərxani saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, onlar saxlanılarkən silahlı müqavimət göstərib, bu üzdən zərərsizləşdirilib. Amma onların ailə üzvləri bu haqda iddialarla razılaşmır və bəraət tələb edir. Bu üzdən A.Bağırovun bacısı Aynur Bağırova, A.Sərxaninin də həyat yoldaşı Sevinc Sərxani onların hüquqi varisi qismində məhkəmədə iştirak edir.

A.Bağırova qardaşının mütəşəkkil dəstənin üzvü olması, E.Vəliyevə qarşı terror planında iştirakı və hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərməsi barədə ittihamda yazılanlarla razılaşmayıb.

"İttihamda yazılanların hamısı yalandır. Başdan-ayağa cəfəngiyatdır", - A.Bağırova məhkəmədə belə deyib.

Məhkəmə prosesi oktyabrın 15-də davam edəcək. Y.Səfərov və digər təqsirləndirilən şəxslər ətraflı ifadə verəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərovun yaxınları isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG