Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

Twitter ‘döyüşləri’: sosial media bloklanırsa...


Bakı, 14 oktyabr, 2020-ci il
Bakı, 14 oktyabr, 2020-ci il

Azərbaycan əhalisi Ermənistandan üç dəfə çox olsa da, bu ölkədə internetdən istifadə qonşudakının kiçicik bir hissəsini təşkil edir

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Endi Heyl Dağlıq Qarabağ döyüşlərinin “Twitter” sosial şəbəkəsindəki əks-sədasından yazır. Sentyabrın 27-dən təmas xəttində əməliyyatlar başlayanı hər iki tərəfdən sosial şəbəkə istifadəçiləri də qüvvələrini səfərbər edib.

Anuş Qavalyan adlı Twitter istifadəçisi özünü “#Artsaxdan (ermənilər Dağlıq Qarabağa Artsax deyirlər – red.) bir qadın” kimi təqdim edib.

Döyüşlər başlayandan yazdığı emosional tvitlərdə ATƏT-in Minsk qrupu həmsədrlərini “təq” etməyi də unutmayıb. Ancaq onun həm də Dağlıq Qarabağdakı separatçı rejim başçısının keçmiş müşaviri olduğu üzə çıxıb. LinkedIn-də, internetdə ingiliscə başqa mənbələrdə onun hələ də həmin vəzifədə qaldığı qeyd olunur. Qavalyan vəzifəsini qeyd etməli olması iddialarını belə cavablandırıb ki, o, vəzifəsindəm mayda istefa verib. “Mən özümü qadın kimi göstərmirəm, mən qadınam”, – o deyib.

Müəllif bu halın hər iki tərəfdən fərdlərlə rəsmilərin internetdə koordinasiyalı işini üzə çıxardığını yazır.

Əhalisi 3 dəfə böyükdür, amma...

Məqalədə deyilir ki, Azərbaycan əhalisi Ermənistandan üç dəfə çox olsa da, bu ölkədə internetdən istifadə qonşudakının kiçicik bir hissəsini təşkil edir.

“Azərbaycan diasporu da müqayisədə zəif görünür, 1 milyon civarındadır və əsasən keçmiş sovet respublikalarına səpələnib”, – müəllif yazır.

Elis Tomas Albert Janq Avstraliya Strateji Siyasət İnstitutu üçün dörd gün müddətinə “Twitter”dəki ingilisdilli postları təhlil ediblər, “hər iki tərəfdən xeyli sayda şübhəli hesablar” aşkarlayıblar. Həmin hesabların münaqişə ilə bağlı siyasiləşmiş həştəqlər yaydığı vurğulanır.

“Bu fəaliyyətin müəyyən hissəsi şübhəsiz, həqiqidir, ancaq həqiqi olmayan fəaliyyət də müşahidə etdik, yeni açılan hesablarda kəskin artım, şübhəli postlar… ” – Tomas və Janq radioya emaillə yazıblar.

Onların təhlilinə görə, döyüşün ilk günlərində ermənipərəst Twitter həştəqləri Azərbaycanla bağlı olanlarda bir neçə dəfə artıq imiş.

Üstəlik, Kim Kardaşyan Uest və Ledi Qaqa kimi tanınmış amerikalıları postlara təq edərək dəstəyi daha da gücləndiriblər.

Amerikalı jurnalist, “trol ovçusu” kimi tanınan Coş Rasel münaqişə ətrafında “irihəcmli bot fəaliyyəti” aşkarladığını yazır.

Oyuna gec qoşulan Azərbaycan

Tədqiqatçılar Azərbaycanın oyuna gec qoşulduğunu, amma bu il sözügedən sosial şəbəkədə xeyli fəallaşdığını qeyd edirlər.

Atlantik Şurasının Rəqəmsal Ekspertiza Laboratoriyası dezinformasiyanı araşdırır. Qurum hələ iyul döyüşlərində Azərbaycan-pərəst hesabların sayının artdığını vurğulayırdı. O zaman koordinasiya olunduğu görünən azsaylı hesablar daha böyük dəstək əldə etməyə çalışırdı.

Ancaq Tomas və Janq vəziyyətin “daha da qəlizləşdiyini” yazırlar, axı, Azərbaycan hakimiyyəti sosial mediaya çıxışı bloklayıb.

Onların sözlərinə görə, Twitter-də Ermənistana qarşı hesabların açılmasında iki dəfə kəskin artım yaşanıb, biri iyulun ortasında, digəri sentyabrın 27-28-də. Və maraqlıdır ki, “Twitter-də ingiliscə Azərbaycan-pərəst fəaliyyət əsasən Türkiyə və Pakistana bağlı hesablardan qaynaqlanır”. Hər iki ölkə Azərbaycanı dəstəkləyir.

Bu arada münaqişə tərəfləri kiberhücumlar haqda informasiya da yayır. Sentyabrın 27-də Azərbaycanda hökumət vebsaytlarına haker hücumu haqda informasiya yayılıb. Azərbaycan mənbələri həmçinin Ermənistanın onlarla vebsaytının sıradan çıxarıldığını açıqlayıblar.

“Freedom House” təşkilatının oktyabrın 14-də yaydığı hesabatda Azərbaycan internet azadlığına görə “qeyri-azad”, Ermənistan isə “azad” kateqoriyasına salınıb. Bu göstəricidə həm də internetə çıxış dəyərləndirilir. Hakimiyyət təmsilçiləri isə internetin azadlığının məhdudlaşdırılması fikrini qəbul etmirlər.

XS
SM
MD
LG