Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:27

Pompeo döyüşləri dayandıra biləcəkmi – Qərb mediası


Gəncə, 21 oktyabr, 2020-ci il
Gəncə, 21 oktyabr, 2020-ci il

Oktyabrın 23-də ABŞ Dövlət katibi Mayk Pompeo Vaşinqtonda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə görüşməlidir

Tramp administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliklə 3 noyabr seçkisi öncəsi xarici siyasətdə xal qazanmaq istəyir. Bu haqda “The Financial Times” qəzeti yazır.

Sabah – oktyabrın 23-də Dövlət katibi Mayk Pompeo Vaşinqtonda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə görüşməlidir. Qəzet bu görüşün Demokrat partiyasından prezidentliyə namizəd Co Baydenin tənqidlərindən sonra keçirilməsinə diqqət çəkir. Bayden Donald Tramp administrasiyasını böhranın həllində passiv iştiraka görə tənqid etmişdi.

Pompeo jurnalistlərə atəşkəsə diqqət ayıracağını deyib.

Sentyabrın 27-dən bəri Dağlıq Qarabağda əməliyyatların dayandırılması üçün Rusiyanın vasitəçiliyi ilə iki dəfə atəşkəs razılaşması əldə olunmasına baxmayaraq döyüşlər davam edib.

Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan qəzetə deyib ki, Vaşinqton böhranın həllində “müsbət rol” oynaya, vasitəçi, superdövlət kimi təsir göstərə bilər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə xəbərdarlıq edib ki, ölkəsinin Minsk qrupu həmsədrləri – Fransa, Rusiya və ABŞ arasında rəqabətin qurbanına çevrilməsini istəmir. “Söhbət ABŞ-ın, yaxud Rusiyanın uğur qazanmasından getmir”, – səfir vurğulayıb.

Karnegi Avropa fondunun region üzrə eksperti Tomas de Vaalın fikrincə, Birləşmiş Ştatlar “məsələdən o qədər uzaqlaşıb ki, ciddi təsir göstərmək gücündə deyil”.

“İndi hər şey Azərbaycanın hərbi əməliyyatlarından asılıdır. ABŞ-ın, həm də administrasiyanın son günlərində nəsə təklif edəcəyinə şübhə edirəm. Ancaq münaqişə kəskinləşərsə, Qarabağ ermənilərinin əziyyəti davam edərsə, Amerikanın nəhəng erməni icmasının reaksiyası yəqin böyük olacaq”, – o bildirib.

Ukrayna mövqeyini dəyişirmi

Hərb və Sülh Xəbərləri İnstitutunun portalında Yuri Pançenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyindən yazır.

İndiyədək Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Rusiya tərəfindən ilhaqı, Donbas müharibəsindən dolayı bu mövqe daha da güclənib.

Ancaq Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın fikrincə, Ukrayna “yalnız ərazi bütövlüyünə diqqət etdikcə münaqişədə avtomatik olaraq Azərbaycanın tərəfini tutmuş olur. Ukrayna münaqişənin dinc yolla həllində israr etsəydi, daha yaxşı olardı”.

Müəllif ölkənin bəzi siyasətçi və ekspertlərinin də bu yanaşmanı dəstəklədiyini qeyd edir.

Ukrayna bu yaxınlarda Azərbaycanı strateji tərəfdaş elan edib. Yəni Bakıyla münasibətlər Polşa, Litva, Gürcüstan kimi tərəfdaşların səviyyəsinə qaldırılıb. Azərbaycanı dəstəkləyən Türkiyə də strateji tərəfdaş statusuna malikdir.

Ermənistan isə indiyədək Krım və Donbasla bağlı səsvermələrdə bir qayda olaraq Rusiyanı dəstəkləyib.

Arsen Avakov amili

Məqalədə deyilir ki, Dağlıq Qarabağda əməliyyatlar başlayanda Xarici İşlər Nazirliyi rəsmi səhifəsində deyil, Facebook-da yerləşdirdiyi bəyanatda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək bildirməyib. Bəzi təhlilçilər bu münaqişənin artıq xarici siyasət deyil, yerli məsələ olduğunu düşünürlər. Daxili işlər naziri Arsen Avakovun Ermənistanın böyük və nüfuzlu Ukrayna diasporunu təmsil etdiyi bildirilir. Bu ilin əvvəlində AB-nin Bakıda təşkil etdiyi polislər üçün seminara etnik ermənilərdən ibarət nümayəndə heyəti göndəribmiş. Bakı onları qəbul etməyəndə isə Avakov AB səfirliyinə qəzəbli məktub ünvanlayaraq Azərbaycana qarşı cəza tədbirləri tələb edib.

Müəllif yazır ki, 2014-cü ildən nazir olan Avakovun nüfuzu Volodimir Zelenski prezident seçiləndən daha da güclənib. “Arsen Avakovun nüfuzu rəhbərlik etdiyi nazirliyi aşır. O, Azərbaycan-pərəst deyil və bütün gücüylə təsir gücündən yararlanaraq Ukraynanın Qarabağa dair mövqeyini dəyişməyə çalışır”, – Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos deyib.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 110 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut və Mincivan qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG