Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:34

HRW da Bərdəyə kasset bombalı raketlər atıldığını təsdiqləyir


Bərdə, 28 oktyabr, 2020-ci il
Bərdə, 28 oktyabr, 2020-ci il

Bərdəyə hücum nəticəsində azı 21 mülki şəxs öldürülüb, azı 70 nəfər yaralanıb.

Oktyabrın 28-də Ermənistan qüvvələri Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş kasset bombaları və azı bir uzaqmənzilli raket atıb. Bunu “Human Rights Watch” insan haqları təşkilatı oktyabrın 30-da yaydığı bəyanatında deyir. Həmin hücum nəticəsində azı 21 mülki şəxs öldürülüb, azı 70 nəfər yaralanıb.

Ermənistan Dağlıq Qarabağa silah göndərməyi “dayandırsın”

“Human Rights Watch” hadisə yerində olan yerli və beynəlxalq jurnalistlərin və sakinlərin çəkdiyi fotoları təhlil edərək silahlardan ikisinin Smerç raketləri olması qənaətinə gəlib. Qurum bildirir ki, Ermənistan qüvvələrində Smerç reaktiv yaylım atəşi sistemi olduğunu bilir, amma Dağlıq Qarabağdakı separatçı qüvvələrdə bu silahlardan yoxdur. “Buna görə də bu hücumu Ermənistan qüvvələrinin həyata keçirdiyi, yaxud Dağlıq Qarabağ qüvvələrin silah verdiyi görünür. Ermənistan kassetli bombalardan istifadəni, yaxud Dağlıq Qarabağ qüvvələrini onlarla təchiz etməyi dərhal dayandırmalıdır”, – bəyanatda bildirilir.

“Bu amansız silahlar beynəlxalq sazişlə qadağan olunub və onlardan şəhər mərkəzində istifadə mülki insanların həyatına və beynəlxalq hüquqa aşkar sayqısızlığı göstərir”, – “Human Rights Watch”un böhran və münaqişələr üzrə aparıcı tədqiqatçısı Belkis Uill deyib.

“Bütün ölkələr Dağlıq Qarabağ müharibəsində kasset bombalarından istifadəni pisləməli və münaqişə tərəflərini onlardan istifadəni dayandırmağa çağırmalıdır”, – o vurğulayıb.

Xəstəxananın 100 metrliyinə raket atılıb

Oktyabrın 28-də Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Facebook-da Bərdənin Smerçlə vurulması haqda Azərbaycan tərəfin bəyanatını “əsassız və saxta” adlandırıb. Ancaq bir gün sonra nazirlik guya Bərdədə yerləşən hərbi obyektlərin siyahısını yayıb. “Human Rights Watch” bildirir ki, hadisə vaxtı Bərdədə olmasa da, hücumu çoxsaylı silahların texniki səhvi kimi anlamaq ağlasığmazdır.

Daha sonra bəyanatda hadisə şahidlərinin dediklərinə yer verilir. Onlardan bəzilərinin eşitdikləri partlayış səsləri 9N235 kasset bombacıqlarının partlayış səsinə uyğundur. Human Rights Watch hücum yerində çəkilmiş 6 video və 28 fotonu təhlil edib, hücuma məruz qalan iki məkanın peyklə çəkilmiş foto və videolara uyğun gəldiyini müəyyənləşdirib. Onlardan biri Bərdə Mərkəzi Xəstəxanasının cəmi 100 metrliyindədir. Fotolarda Smerç kasset bombalı raketin, partlamamış 9N235 bombacıqlarının hissələri görünür.

Human Rights Watch bildirir ki, beynəlxalq nəşrlərdə Dağlıq Qarabağdakı qüvvələrin Smerç reaktiv yaylım atəşi sistemi malik olduğu göstərilmir. Ancaq Ermənistanın Toçka, İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Bunların hamısı kasset bombalı başlıqlar yaya bilir.

Hadisə yerində olan xarici jurnalist Bərdədə hər hansı əsgər, yaxud hərbi maşın görmədiyini deyib. “Hətta ərazidə hərbi obyekt olsaydı belə, kasset bombalarının effektini nəzərə alaraq onlardan yaşayış məkanından istifadə müharibə qanunları ilə yolverilməzdir”, – bəyanatda deyilir.

Qurum hər iki tərəfi konvensiyaya qoşulmamağa çağırır

Kasset bombaları mülki şəxslərə uzunmüddətli təsirinə görə qadağan olunub. Onlar havada partlayaraq futbol meydançası boyda əraziyə onlarla, bəzən yüzlərlə bombacıqlar buraxır.

2008-ci ildə Kasset Bombaları üzrə Konvensiya qəbul olunub, bu bombalardan istifadə yasaqlanıb. Ancaq nə Ermənistan, nə də Azərbaycan konvensiyaya qoşulub. “Hər iki tərəf deyir ki, Dağlıq Qarabağ münaqişəsi bitməyənədək sazişə qoşula bilməz. İkisi də yubanmadan konvensiyaya qoşulmalıdırlar”, – Human Rights Watch bildirir.

Oktyabrın 29-da Amnesty International beynəlxalq insan haqları təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş kasset bombalı raketin atdığını rəsmən təsdiqləyib.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan son bir ayda 170-ə yaxın kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

XS
SM
MD
LG