Noyabrın 3-də ABŞ-a seçicilər təkcə prezident seçməyiblər. Senata və Nümayəndələr Palatasına liderlik uğrunda da iki partiya arasında yarışma gedib.
İlkin nəticələrə görə, Senatda iki yerin sahibi partiya dəyişib. Koloradoda Demokrat Con Hikenluperin Respublikaçı Senator Koru Qardner üzərində qələbə çaldığı xəbər verilir.
Alabamada isə keçmiş kollec futbol məşqçisi Tomi Tubervil Senatda Respublikaçılar adından mandata sahiblənib. O, Demokrat Senator Duq Consu məğlub edib.
23 və 12 mandat
Konqresin hər iki palatasına nəzarət Prezident Donald Tramp, yaxud onun Demokrat partiyasından rəqibi Co Bayden vəzifəyə keçəndən sonra öz siyasətini yürütməsi üçün vacib sayılır.
Son iki ildə Tramp parçalanmış Konqreslə işləməli olub. 2018-ci ilə seçkisində Demokratlar Nümayəndələr Palatasında çoxluğa sahibləniblər. Respublikaçılar isə Senata 53-47 səs çoxluğu ilə nəzarət edir.
3 noyabr seçkisində məntəqələr vaxt zonalarından asılı olaraq fərqli ştatlar fərqi saatlarda bağlanıb.
Respublikaçı senatorlar ümumilikdə 23 yeri qorumağa çalışırlar, bəzilərində vaxtilə güclü mövqeyə sahib olublar. Demokratlar isə Senatda 12 yeri müdafiə edirlər.
Artıq ABŞ mediası Demokratların səkkiz, respublikaçıların beş yeri qazandığını açıqlayıb.
Senat demokratların əlinə keçə bilər...
Senatda çoxluğu lideri Miç MakKonel noyabrın 2-də doğma Kentukki ştatında yekun çıxışında deyib ki, respublikaçı çoxluğun lideri kimi qalacağına ümid edir, amma yarışma çox gərgin keçir və Senat demokratların əlinə keçə bilər. Tramp qalib gələrsə, Demokratlar Senatda dörd yerin sahibini öz tərəfinə çəkməyə çalışmalıdırlar.
100 senatordan başqa, ABŞ-ın vitse-prezidenti də bu palatada müzakirəyə çıxarılan məsələlər üzrə səs bərabərliyi yarananda səsvermə hüququna malikdir. Yəni, Ağ evi Bayden qazanarsa, Demokratlar cəmi 3 yerin sahibini öz tərəfinə çəkməli olacaqlar..
ABŞ mediası MakKonelin Demokratlardan rəqibi Ami MakQrası məğlub etdiyini bildirir. Bülletenlərin 94 faizi sayılıb, MakKonel 58, Ami 38 faiz səs yığıb.
Ölkənin ən tanınmış senatorları öz yerlərini saxlamaqdan ötrü ciddi mübarizə aparırlar.
Nümayəndələr Palatasındakı 435 yerin hamısı hər iki ildən bir səsverməyə çıxarılır. ABŞ mediası Demokratların aşağı palatanı nəzarətdə saxlayacağını proqnozlaşdırır.
Senatda qalma müddəti altı ildir, hər iki ildən bir rotasiya əsasında seçki keçirilir. Bu il səsverməyə 33 yer çıxarılıb, vakant yerlərin doldurulması üçün iki xüsusi seçki keçirilir.
Səsvermə bülletenlərində xeyli sayda ştat və yerli məmur vəzifələri, vergilər, marixuananın leqallaşdırılması kimi referendum məsələləri də yer alıb.