Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:45

Müharibənin bircə qalibi var


Sülh sazişindən sonra xəritə belə görünür
Sülh sazişindən sonra xəritə belə görünür

“Rusiya bunu yaxşı bacardı. Putin bu vəziyyətdə boz kardinaldır”, – ATƏT-in Minsk qrupunun ABŞ-dan keçmiş həmsədri Metyu Brayza deyib

“Dağlıq Qarabağ sazişi Moskvanın bu vəziyyətdən əldə edə biləcəyi ən yaxşı nəticə idi”, –AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel təhlilçilərə istinadla yazır. O qeyd edir ki, Dağlıq Qarabağ sülh sazişinin bircə qalibi var, o da Rusiyadır. Belə ki, Moskva azından məğlubiyyət məngənəsindən qələbə ilə çıxmağı bacardı, regiondakı mövqeyini gücləndirdi.

“Rusiya bunu yaxşı bacardı. Putin bu vəziyyətdə boz kardinaldır”, – ATƏT-in Minsk qrupunun ABŞ-dan keçmiş həmsədri Metyu Brayza deyib.

Sentyabrın 27-dən başlanmış əməliyyatlarda azı 2 min əsgər və dinc sakin həlak olub. Azərbaycan noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Rusiya keçmiş Sovet İttifaqı ərazisindəki digər münaqişələrdə də hərbçilərini yerləşdirə bilib və bunu Dağlıq Qarabağda da etməyə çalışırdı. İndiyədək məqsədinə çatmamasının bir səbəbi Yerevan və Bakının Moskvaya vicdanlı vasitəçi kimi inanmaması idi.

Yeni razılaşmaya uyğun olaraq Rusiya hərbçiləri artıq münaqişə bölgəsinə yerləşdirdi və Minsk qrupunun digər həmsədrləri Paris və Vaşinqtonu ortadan birdəfəlik çıxardı.

“Bəli, Minsk qrupu öldü. Belə görünür. Rusiya boşluğu doldurdu. Türkiyə də belə elədi”, – Brayza deyib.

Xırdalan üzərindəki partlayışın izi ilə (Raket atılıbmı)
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Potensial tələ?

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyanın fikrincə, saziş Rusiyanın xeyrinədir, bu fakt Minsk qrupuna daha da təhlükə yaradır.

“Yeni razılaşmanın şərtləri Moskvanın məqsədlərinin ən vacibinə çatdırmış olur: yerdə dominant hərbi iştirak”, – Giraqosyan vurğulayıb. Təhlilçinin fikrincə, Moskva daha bir məqsədinə də nail oldu: Ermənistanın müstəqil xarici siyasət yürütməyə çalışan Baş naziri Nikol Paşinyana təsirini artırdı.

Sözügedən sazişə uyğun olaraq Bakı Dağlıq Qarabağın 40 faizinə, ətraf ərazilərin demək olar hamısına nəzarət edəcək.

Xocalılılar qol götürüb oynayır
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00


Bəzi təhlilçilər Rusiya üçün də potensial tələ görürlər. Londonda mənzillənən siyasi müşahidəçi, Rusiyanın təhlükəsizlik agentliklər üzrə ekspert Mark Galeotti deyir ki, regiona hərbçilərini yerləşdirmək Moskva üçün heç də asan iş deyil.

“Bu, ordu və xəzinəyə əlavə yükdür. Regionun geosiyasətində özünə rol əldə etmiş olur, ancaq onsuz da dünyanın bu hissəsində üstün mövqedə deyildimi? Mövqeyini saxlamaqdan ötrü öhdəliyini gücləndirməli olursansa, bu heç də proqres kimi görünmür…” – o, “Moscow Times”da dərc olunmuş rəydə yazır.

Örnək Azərbaycan

2000-ci illərin ortasında Minsk qrupunun həmsədri olmuş Stiven Men isə Azərbaycanı qalib sayır. Onun fikrincə, Rusiyanın sülh sazişinin imzalanmasında aparıcı rolu sürpriz olmadı, sülhməramlıların yerləşdirilməsi də Moskva üçün qəfil gediş sayıla bilməz.

“Rusiya həmişə üstün hərbi mövqedə olub və düşünmürəm ki, sülhməramlıların yerləşdirilməsi bu faktı dəyişir”, – Men radioya deyib.

Karnegi Moskva Mərkəzinin təhlilçisi Aleksandr Baunov diqqəti Paşinyan hökumətinin Moskvanı təngə gətirməsinə, Əliyevin isə daha ehtiyatlı davranmasına çəkir.

“Keçmiş sovet respublikaları içində Azərbaycan həmişə örnək olub, Rusiyadan tamamilə müstəqil xarici siyasət yürütməklə Moskva və Putinlə yaxşı münasibət də saxlayıb”, – o, noyabrın 8-də dərc olunmuş təhlildə yazırdı.

Müəllif qeyd edir ki, sülh sazişi Bakıya Rusiyaya daha artıq boyun əymədən qazanc gətirə bilər, hətta ərazisində Rusiya hərbçisi olsa belə.

Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı Aleksandr Qabuyev isə Twitter-də yazıb ki, bu saziş “Rusiyanın konfliktə əsas maraqlarına cavab verir və azından qısa müddətdə Moskva üçün ən yaxşı nəticədir”.

Türkiyənin adının çəkilməsi də vacib idi

AzadAvropa/AzadlıqRadiosu-nun digər əməkdaşı Ron Sinovits yazır ki, Rusiya sülhməramlıları Laçın rayonundan çəkiləcək yeni yolda da mövqe tutacaq. Şuşadan yan keçəcək “yeni Laçın dəhlizi” Ermənistanla Xankəndi arasında birbaşa yol açacaq.

Sənəddə “atəşkəsə birgə monitorinq mərkəzində” Türkiyənin iştirakına ümumi eyham var. Bakıdakı Strateji Kommunikasiya Mərkəzindən Fərid Şahbazovun fikrincə, İlham Əliyevin Rusiya sülhməramlılarına razılaşmasından ötrü Türkiyənin adının çəkilməsi də vacib idi.

“Biz hələ də detalları bilmirik – Türkiyə qüvvələri nə iş görəcək və konkret harada yerləşəcəklər. Türkiyə qüvvələrinin sayının çox olub-olmayacağını da bilmirəm. Əgər çox olarlarsa, Rusiya bundan məmnun qalmayacaq”, – deyən Şahbazov diqqəti Azərbaycanla Rusiya arasında inam probleminə çəkir. “Azərbaycanlılar üçün Türkiyə qüvvələri sabitliyin real qarantıdır”, – o vurğulayır.

Prezident İlham Əliyev noyabrın 10-da Türkiyə rəsmiləri ilə görüşündə deyib ki, bu ayın sonuna qədər Ermənistan qüvvələri işğal altında olan torpaqlardan çəkilməlidirlər və Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə noyabrın 10-da rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində deyib ki, Türkiyə Rusiya ilə yanaşı atəşkəsə nəzarət etmək məqsədilə Azərbaycan tərəfindən müəyyən edilmiş yerdə müşahidə mərkəzi yaradacaq. Türkiyə lideri bildirib ki, bu yer Azərbaycanın “erməni işğalından azad etdiyi torpaqlarda” qurulacaq.

XS
SM
MD
LG