Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:29

Filmə baxmazdan əvvəl onun məzmununu bilmək lazımdırmı?


Phys.org saytı yazır ki, ABŞ-ın Uestern və Hyuston Universitetlərinin alimləri “Journal of Marketing” jurnalında yeni bir məqalə dərc ediblər.

Məqalə içərisində spoyler olan film rəylərinin kassa gəlirlərinə ziyan vurub-vurmaması haqdadır. Məqalənin adı belədir: “Spoylerlər həqiqətən ziyan vururmu?” (Do Spoilers Really Spoil?...)

Bir çox rejissorlar spoylerlərə qarşıdır. Onlar narahatdırlar ki, mətbuat, yaxud auditoriya filmin gedişatını və ya içərisindəki sürprizləri açıb danışsa, ictimaiyyət kinoya gəlib pul xərcləmək istəməyəcək. Bəs görəsən, bu narahatlıq nə dərəcədə əsaslıdır?

Bu suala cavab tapmaq üçün tədqiqatçılar komandası ABŞ-da 2013-cü ilin yanvarından 2017-ci ilin dekabrına qədər çıxmış filmlərin gündəlik kassa gəlirlərini araşdırıblar.

Daha sonra bu filmlər Internet Film Məlumat Bazasından (IMDb) toplanmış rəylərlə tutuşdurulub. Bildiyimiz kimi, IMDb ABŞ-da ən populyar kino rəyləri platformasıdır.

Pul xərcləməzdən əvvəl

Bundan başqa, tədqiqatçılar spoylerlərin intensivliyi, başqa sözlə ssenarinin gözlənilməzliyinin spoylerləri oxumaqla dağılma dərəcəsini ölçmək üçün xüsusi mexanizm işləyib hazırlayıblar. Tədqiqatın nəticələri göstərib ki, spoylerin intensivliyinin kassa gəlirləri ilə müsbət və ciddi əlaqəsi var.

Tədqiqatçılardan biri Cun Hyun Rayu deyir:

"Biz qəbul edirik ki, müsbət korlama (spoylinq) effektinin arxasında gözlənilməzliyin azalması dayanır. Potensial tamaşaçılar (kinoteatra gedənlər) filmin keyfiyyətinə əmin olmayanda kinoya gedib pul xərcləməzdən əvvəl bu filmlərin spoyler rəylərinə baxıb ssenari ilə tanış olmaq istəyə bilərlər. Tədqiqat nəticəsində orta reytinq və spoyler intensivliyi arasında U-vari əlaqənin olduğu ortaya çıxıb. Bu isə onu deməyə əsas verir ki, orta və qarışıq qiymət alan filmlər üçün müsbət spoylinq effekti çox yüksək və çox aşağı xal yığan filmlərlə müqayisədə daha güclüdür".

Müsbət spoylinq effektinin eyni zamanda daha az reklam olunan filmlər üçün də daha güclü olduğu görünür.

Reklam istehlakçılar üçün informativ funksiya yerinə yetirə bilir. Reklam həm də kino industriyasında keyfiyyət siqnalı kimi görülür. Bu isə o deməkdir ki, potensial müştərilər arasında daha az reklam olunan filmlərin keyfiyyəti ilə bağlı daha çox qeyri-əminlik var.

Rəyləri izləmək

Tədqiqatçılar komandasının üzvü Ksin Vanq deyir ki, müsbət spoylinq effekti nümayiş sayı məhdud filmlər üçün də daha güclü olur.

Nümayiş sayını limitli saxlamaq müstəqil və arthaus studiyalarının geniş istifadə etdiyi strategiyadır. Bu strategiya keyfiyyətlə bağlı qeyri-müəyyənliyin daha yüksək olması ilə assosiasiya olunur. Vanqın sözlərinə görə, müsbət spoylinq effekti zaman keçdikcə dağılır. O bunun filmin həyat siklinin erkən dövrlərində istehlakçıların daha çox qeyri-müəyyənlik hiss etməsi ilə bağlı ola biləcəyini deyir.

Phys.org saytı daha sonra yazır ki, bunun kino sənayesində maraqlı tərəflərə bir neçə təsiri var. Onlardan ən əsası onlayn rəy platformalarının potensial müştərilərin (kinoya gedənlərin) rifah halını yüksəldə bilməsidir.

"Qeyri-müəyyənliyin azaldılması mexanizmi bunu deməyə əsas verir ki, spoylerlərin olduğu rəy platformaları müştərilərə düzgün qərar verməyə kömək edə bilər. Biz rəy platformalarına spoyler rəyləri üzərində xəbərdarlıq işarəsi qoymağı tövsiyə edirik. Bu, müştərilərin spoyler oxuyub-oxumamağı seçməsinə imkan verməyin faydaları ilə bağlıdır”, - tədqiqatçı Şici Lu sayta müsahibəsində deyib.

Tədqiqatçılar eyni zamanda kino studiyaları və kinoteatrlara belə platformalarda yazılan rəyləri müntəzəm izləməyi tövsiyə edirlər. Onlar bunun gələcək kassa gəlirləri ilə proqnoz verməyə kömək edə biləcəyi qənaətindədirlər.

XS
SM
MD
LG