Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:40

İranda intiqam çağırışları səslənir


Tehranda Möhsün Fəxrizadənin portreti, 28 noyabr, 2020-ci il
Tehranda Möhsün Fəxrizadənin portreti, 28 noyabr, 2020-ci il

İntiqam çağırışları səslənməsinə baxmayaraq, İran hökumətinin sözçüsü diplomatiyanın hələ də mümkün olduğunu deyib

İranda nüvə fiziki Möhsün Fəxrizadənin dəfn mərasimi keçirilib. O, ötən həftə Tehranda öldürülüb və buna görə rəsmilər İsraili ittiham edir.

Noyabrın 30-da dövlət televiziyası Fəxrizadənin dəfn mərasimi göstərib. Müdafiə Nazirliyinə məxsus açıq məkanda mərasimə nazir Əmir Hatəmi də qatılıb. İştirakçılar koronavirus pandemiyasına görə bir-birindən aralı oturub, maska taxıblar.

Fəxrizadə noyabrın 27-də Tehran yaxınlığında hərbi pusquda öldürülüb. Yük maşınına qoyulmuş bombanın partladığı, silahlıların alimə atəş açdığı bildirilir.

İran hücumda İsraili ittiham edir. İsrail bunu şərh etməyib. Qətlə görə məsuliyyəti götürən olmayıb. Bu hücumda məqsədin Tehranın nüvə silahları hazırlamaq fəaliyyətini pozmaq olduğu düşünülür. İran isə nüvə proqramının dinc məqsədi olduğunu deyir.

Diplomatiya “hələ də mümkündür”

İntiqam çağırışları səslənməsinə baxmayaraq, İran hökumətinin sözçüsü diplomatiyanın hələ də mümkün olduğunu deyib.

Hökumətin sözçüsü Əli Rabiey noyabrın 29-da deyib ki, “biz erkən hərbi əməliyyat başlamaq, yaxud diplomatiyadan əl çəkmək tələsinə düşməyəcəyik”.

İran Prezidenti Həsən Ruhani isə daha öncə bəyan etmişdi ki, ölkə “vaxtı gələndə” intiqamını alacaq, “tələyə” düşməyəcək.

Ruhani ölkədə mötədil fiqurlardan sayılır, 2015-ci il nüvə sazişinə qayıtmaq tərəfdarı olduğu bildirilir.

İran sözügedən sazişi altı böyük dövlətlə imzalayıb. ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa etdi. O, İranı nüvə silahı hazırlamaq cəhdində, regionda ekstremist fəaliyyəti maliyyələşdirməkdə suçlayıb. İran isə iddiaları rədd edib.

Nüvə sazişi Trampın sələfi Barak Obama administrasiyası dövründə imzalanıb. Trampı 3 noyabr seçkisində məğlub etmiş Co Bayden saziş imzalananda Obamanın vitse-prezidenti idi.

İntiqam çağırışları

Noyabrın 29-da İranın sərt xətt tərəfdarı olan qəzetində dərc olunmuş rəydə deyilir ki, Fəxrizadəni İsrailin qətlə yetirdiyi müəyyənləşibsə, ölkə rəhbərliyi İsrailin Hayfa limanını vurmalıdır. “Kayhan” qəzetinin yazmasına görə, bu hücum zamanı obyektlər dağıdılmalı, “həm də insan tələfatına səbəb olmalıdır”.

Bu rəydən bir gün öncə İranın Ali dini lideri də Fəxrizadənin qətlinə görə cavab tədbirləri görməyə çağırıb. Ayətulla Əli Xameneyinin rəsmi vebsaytında noyabrın 28-də dərc olunmuş yazıda deyilir ki, “bu cinayət izlənməli və məsuliyyət daşıyanlar cəzalanmalıdır”.

Ruhani isə İsraili qətldə Birləşmiş Ştatların “muzdlusu” kimi davranmaqda ittiham edib.

İsrail Fəxrizadənin İranın hərbi nüvə proqramının başçısı olduğunu deyir. 2008-ci ildə Birləşmiş Ştatlar İranın atom fəaliyyətinə görə sanksiya qoyanda siyahıda onun da adı vardı.

Bir çox ölkələr, hətta İrana rəqib hesab olunanlar belə bu qətli pisləyib.

Avropa Birliyinin noyabrın 29-da yaydığı bəyanatda bu insident “İran hökumət rəsmisinin və bir neçə mülki şəxsin” qətli kimi təsvir olunub. Ancaq hücumda başqalarının öldürüldüyü bəlli deyil.

XS
SM
MD
LG