Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:26

Navalnının müsahibəsi araşdırılır


Aleksey Navalnı (ortada) həyat yoldaşı Yuliya və oğlu Zahar ilə Berlində
Aleksey Navalnı (ortada) həyat yoldaşı Yuliya və oğlu Zahar ilə Berlində

Müstəntiqlər iddia edirlər ki, Navalnı aprelin 27-də müsahibəsində Rusiyada konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırıb

Rusiyalı müxalifətçi Aleksey Navalnının “Exo Moskvı” radiostansiyasına müsahibəsi ilə bağlı Moskvada təhqiqat başladılıb. Bu haqda AzadlıqRadiosunun Rusiya xidməti xəbər verir.

Rəsmi TASS xəbər agentliyinin dekabrın 1-də istinad etdiyi mənbələrə görə, müstəntiqlər iddia edirlər ki, Navalnı aprelin 27-də müsahibəsində Rusiyada konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırıb.

Beş ilədək həbs...

“Müsahibədə səslənən bəyanatlarla bağlı noyabrın 30-da istintaq başladılıb, ekstremist fəaliyyətə çağırış elementlərinin olub-olmaması araşdırılır”, – mənbə TASS-a deyib.

Rusiya Cinayət Məcəlləsində belə bir cinayətə görə beş ilədək həbs cəzası nəzərdə tutulub.

Aprelin 27-də “Exo Moskvı”ya danışan Navalnı Kremli onun komandasının koronavirus pandemiyası ilə bağlı təkliflərini rədd etdiyinə görə tənqid edib. Navalnı Rusiyada ailələrə və kiçik biznesə maliyyə dəstəyi ayırmağı təklif edirdi. O deyib ki, Rusiya hakimiyyəti vətəndaşların ehtiyaclarını gözardı etdiyinə görə, “elə indi, böyük ehtimalla zorla dəyişdirilməlidir”.

Proqramın aparıcısı dərhal qeyd edib ki, bunlar Navalnının fikirləridir, hökuməti devirməyə açıq çağırış deyil və Navalnı da bunu müsahibəsində təsdiqləyib.

Navalnıdan sanksiya çağırışı

Navalnı hazırda Almaniyada müalicə olunur. Onun avqustun sonunda Sibirdə sinir qazıyla zəhərləndiyi bildirilir. Müxalifətçi zəhərlənməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin dayandığını deyir. Kreml isə bunu təkzib edir.

Navalnı dekabrın 1-də Instagram-da yazıb ki, istintaq Putinin göstərişi ilə başladılıb, məqsəd onun tam müalicə olunandan sonra Rusiyaya qayıdışını əngəlləməkdir.

Oktyabrda Avropa Birliyi (AB) və Britaniya müxalifətçiyə “sui-qəsd cəhdinə” görə Rusiyanın altı aparıcı rəsmisinə və bir qurumuna sanksiyalar tətbiq edib – aktivlərini dondurub və səyahət qadağaları qoyub.

Navalnı ötən həftə AB-ni Moskva ilə münasibətləri ilə bağlı yeni strategiya hazırlamağa, Kremlə daha artıq sanksiyalar qoymağa çağırırdı.

XS
SM
MD
LG