Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:19

Cəmiyyət pandemiyadan necə çıxacaq


COVID-19
COVID-19

Görəsən, pandemiya insanları necə dəyişdirəcək? Bizim mental sağlamlığımız, bir-birimizlə münasibətlərimiz, cəmiyyətdəki qeyri-bərabərlik, ətraf mühitə münasibət, 2021-ci və sonrakı illər ərzində necə yaşayacağımız barədə çoxlu suallar var.

BBC bu məsələlərlə bağlı dünyanın üzdə olan mütəfəkkirlərinin düşüncələrini toplayıb.

Sakitlik və zehin açıqlığı

Tibet xalqının dini lideri Dalay Lamanın dediklərindən: "COVID-19 pandemiyası bizə bir-birimizlə nə qədər bağlı olduğumuzu xatırlatdı: bir insanın başına gələn iş tezliklə bir çox başqa insana da təsir edir, hətta o insan planetin tamamilə fərqli, uzaq guşəsində yaşasa belə... Bu qədər insanın iztirab içində olduğu dönəmdə təəssüflənmək və narahat olmaq təbiidir. Yalnız sakitlik və zehin açıqlığı üzərində çalışmaqla başqalarına kömək edə bilərik. Bunu etməklə hətta özümüzə də kömək edə bilərik. Mən öz həyatımda tez-tez məhz ən çətin sınaqların güc qazanmağıma kömək etdiyini görmüşəm".

Dalay Lama bir çox başqa problemlər, o cümlədən ətraf mühit problemi kimi mövcud qlobal səhiyyə böhranının da həllini beynəlxalq əməkdaşlıqda görür.

20 milyon qız məktəbə qayıtmayacaq

Malala Fondunun tədqiqat və siyasət məsələləri üzrə direktoru Lüsiya Fray: "…COVID-19 təhsil sahəsinə seysmik təsir göstərib. Pandemiya səbəbindən 192 hökumət məktəbləri bağlayıb. Aprel ayınadək artıq 1.5 milyard şagird və tələbə evə göndərilmişdi. Bu, yoxsul ölkələrdə qızlar üçün məktəb həyatının yerli-dibli bitməsi demək ola bilər. "Ebola" böhranı zamanı qızlar cinsi istismara, yeniyetmə hamiləliyinə, erkən nikahlara, uşaq əməyinin istismarına məruz qalmış, evdə onlara daha çox ev işi yüklənmişdi. Bütün bunlar epidemiyadan ən çox əziyyət çəkən üç ölkədə qızların məktəbi atması ilə nəticələnmişdi. Malala Fondunun təhlili göstərir ki, eyni hal təkrarlanarsa, 20 milyon qız daha heç vaxt məktəbə qayıtmayacaq. Dünyada artıq 129 milyon qız təhsildən məhrumdur.

Dünyanın hər yerində valideynlər məktəblərin və müəllimlərin çəkdiyi zəhmətin dəyərini daha çox anlamağa başlayıb. Hökumətlər həm cari zamanda, həm də uzunmüddətli perspektivdə iqtisadiyyat və cəmiyyətin təhsildən asılı olduğunu anlayıblar. Nikbin olduğumu söyləyə bilməsəm də, gələcəyə böhranın imkana çevrilməsi yönündən …baxıram. Bizə gərəkən – iqtidar sahiblərinin də eyni şeyi etməsidir".

Dükanların qarşısı dolu, küçələr boş...

Kanadanın Britaniya Kolumbiyası Universitetinin psixiatriya professoru, "Pandemiya psixologiyası" kitabının müəllifi Stiven Teylor: "2020-ci ilin əvvəlində, lokdaun tədbirləri artdıqca dükanların qarşısı dolu, …küçələr boş idi. Çoxları həyatın yenidən normallaşacağına inanmırdı…

Ancaq fəlakətlərlə bağlı psixoloji tədqiqatlar göstərir ki, insanların çoxu yenidən özünə gəlir. Lokdaunsonrası Uhan buna bariz nümunədir…

Ancaq [müəyyən bir] azlıq, ola bilsin, insanların 10-15%-i üçün həyat normala qayıtmayacaq. COVID-19 obsessiv-kompulsiv pozğunluğun (OKP) bəzi formalarına genetik meyli olan insanlarda OKP-u gücləndirəcək. Bu insanların bir hissəsi uyğun müalicə almasa, onlarda xroniki bakteriofobiya (mikrob qorxusu) yarana bilər".

Professor əlavə edib ki, maskasız ünsiyyətin dövrü bitmiş kimi görünsə də, sonucda o geri qayıdacaq. Son aylarda üzbəüz əlaqələrin əhəmiyyəti çox aydın görünüb.

Gender bərabərsizliyi

Oksford Universitetinin sosiologiya professoru Men-yi Kan pandemiyanın kişilərlə qadınlar arasında əmək bərabərsizliyini artırması haqda danışıb: "…Qadınlar, xüsusən də anaların rifah halında ciddi reqress müşahidə olunur. Niyə? Əsas səbəblərdən biri odur ki, qadınlar hətta lokdaundan əvvəl də kişilərdən daha ağır iş yükü daşımağa öyrəşiblər. Şimali Amerika, Avropa və Şərqi Asiyada qadınlar kişilərdən daha çox ödənişsiz ev işi görür və beləliklə, onların ümumi iş vaxtı kişilərinkindən daha çoxdur. Bunlar gender bərabərsizliyinin digər formalarının (məsələn, məvaciblərin və vəzifələrin qeyri-bərabərliyi) həm səbəbi, həm də nəticəsidir".

XS
SM
MD
LG