Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:41

'Azərbaycan hakimiyyəti qarşısında çox çətin seçim ola bilər'


N.Paşinyan, V.Putin və İ.Əliyev
N.Paşinyan, V.Putin və İ.Əliyev

Keçən 2020-ci il Azərbaycanda bir neçə siyasi hadisələrlə yadda qaldı. Onların sırasında növbədənkənar parlament seçkiləri və İkinci Qarabağ savaşı ən mühüm hadisələr kimi dəyərləndirilir.

Bəs 2021-ci ildə Azərbaycanın siyasi həyatında hansı prosesləri gözləmək olar?

"Onu da 2020-ci ildə Azərbaycan həll etdi"

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Turan" agentliyinə bildirib ki, Azərbaycan özü üçün inkişaf prioritetlərini kifayət qədər aydın edə bilir: "Ölkə daxili bu, milli dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsidir, insan hüquq və azadlıqlarının genişləndirilməsi, təmin edilməsidir. Bu, dünya ilə açıq siyasətin aparılmasıdır, Azərbaycan maraqlarının daha çox güclü qorunduğu istiqamətlər və mərkəzlərlə əməkdaşlığın gücləndirilməsidir".

A.Mirzəzadə
A.Mirzəzadə

Deputat qeyd edib ki, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ problemin həlli idi: "Onu da əsasən 2020-ci ildə Azərbaycan həll etdi. Azərbaycan bundan sonra da aparılacaq siyasətlə bağlı öz bəyanatını verib. Bu, ərazi bütövlüyümüzdür, işğaldan azad olunmuş ərazilərin bərpasıdır, xarici əlaqələrin gücləndirilməsidir və digər məsələlərdir".

"Tam problemi həll edə bilmədik"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, 2021-ci ildə Azərbaycanın əsas fəaliyyəti Dağlıq Qarabağda separatçıları nəzarət altına almaqdan ibarət olacaq: "Düzdür, biz məsələnin böyük hissəsini həll elədik. Azərbaycan ordusu qələbə qazandı, amma obyektiv və subyektiv səbəblərə görə, çox təəssüf ki, tam problemi həll edə bilmədik. Rusiya hərbçiləri gəldilər Dağlıq Qarabağa, indi isə biz görürük ki, orada hələ də silahlı separatçılar var və Rusiya hərbçiləri onlara havadarlıq edir. Bu il ərzində bu məsələləri biz həll etməliyik və yəqin ki, növbəti illərdə də bu problem bizimlə qalacaq".

Politoloq hesab edir ki, Türkiyə hərbiçiləri Azərbaycanda yerləşdirilməlidir: "Onlarla birlikdə biz sadaladığım problemlərin həllində yaxından iştirak etməliyik. Bu il Türkiyə ilə hərbi ittifaq güclənə bilər. Türkiyə hərbçiləri artıq Dağlıq Qarabağda yerləşir (Türkiyə və Rusiya hərbiçilərinin Dağlıq Qarabağa bitişik Ağdamda Müşahidə Mərkəzi olmalıdır) və düşünürəm ki, Türkiyə hərbi bazaların Azərbaycanda rəsmiləşdirilməsi prosesi sürətləndirə bilər. Əsas məsələ separatçıları tərksilah etməkdir...".

Ekspert qeyd edib ki, bu il Azərbaycanın xarici siyasətində əsas prioritet qonşu dövlətlərlə normal münasibətlərin inkişafı olacaq: "10 noyabr bəyanatına fikir versək, orada regional əməkdaşlığın sürətlənməsi ilə bağlı maddəni görəcəyik. Ermənistan Azərbaycana qarşı ərazi iddialardan vaz keçsə, Ermənistanın bu prosesə qoşulması imkanı yarana bilər. Hələ ki, bunun baş verəcəyini düşünmürəm, çünki Ermənistanda hələ də revanşizm əhval-ruhiyyə var".

E.Şahinoğlu
E.Şahinoğlu

"Biz bu vəziyyətdə neytral qalmalıyıq"

Politoloq vurğulayıb ki, Rusiya və İranla əməkdaşlıq bu il də davam edəcək: "Düzdür, İranla bağlı başqa bir problem üzə çıxır. İran nüvə çalışmalarını sürətləndirib və Amerika-İran qarşıdurması güclənib. Hətta mümkündür ki, biz yeni toqquşmanın şahidi olacağıq. Bu toqquşma baş verərsə, təhdidləri Azərbaycana da dəyə bilər. Biz bu vəziyyətdə neytral qalmalıyıq".

Avropaya gəldikdə, E.Şahinoğlu bildirib ki, Avropa Birliyi ilə illərlə strateji sazişin imzalanması ilə bağlı danışıqlar (2017-ci ildən başlayıb) gedir: "Böyük ehtimalla, bu saziş bu il imzalanacaq".

"Avropa Birliyi ilə strateji sazişə üstünlük verməliyik"

E.Şahinoğlunun fikrincə, indi Azərbaycan hakimiyyəti qarşısında çox çətin seçim ola bilər: "Çünki biz Dağlıq Qarabağın böyük hissəsinin üzərində nəzarət təmin etdikdən sonra Rusiyanın bizə təzyiqləri arta bilər ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşulsun. Biz o zaman deyirdik ki, biz bu iqtisadi layihəyə o zaman qoşula bilərik ki, Dağlıq Qarabağ problemi ortadan qaldırılsın. İndi bu problemin böyük hissəsi həll olundu və Rusiya təzyiq edə bilər ki, Azərbaycan da layihəyə qoşulsun".

Politoloq sonda da deyib: "Kimsə deyə bilər ki, Azərbaycan həm Avropa Birliyi ilə saziş imzalaya bilər, həm Avrasiya İqtisadi İttifaqına üzv ola bilər. Amma Avropa istəməz ki, onun tərəfdaşı sözügedən İttifaqa üzv olsun. Mənə elə gəlir ki, biz daha çox Avropa Birliyi ilə strateji sazişə üstünlük verməliyik. Özü də biz bu il Avropaya qaz nəql etməyə başlamışıq".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, həmin il noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG