Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:57

70-yaşlı vətəndaş prezidenti məhkəməyə verir: 'Oğlumu döyüb öldürüblər...'


"Boynuna nəyisə qoymaq istəyiblər. Görüblər ki, vəziyyəti pisləşdi, tez təcili yardım çağırıblar".
"Boynuna nəyisə qoymaq istəyiblər. Görüblər ki, vəziyyəti pisləşdi, tez təcili yardım çağırıblar".

Xaçmaz sakini İsmayıl Aydəmirov prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban Əliyeva və Daxili İşlər naziri Vilayət Eyvazovu məhkəməyə verməyə hazırlaşır. Bu barədə AzadlıqRadiosuna danışan 70-yaşlı İ.Aydəmirov deyir ki, artıq iddia ərizəsi də yazıb. Səbəb isə oğlu Mirəlinin ölümüylə bağlı obyektiv araşdırma aparılmaması, bu məqsədlə edilən müraciətlərinə də cavab verilməməsidir.

1994-cü il təvəllüdlü Mirəli Aydəmirov ötən il mayın 27-də saat 18:40 radələrində Xaçmaz rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Ekspert rəyində onun artıq dozada narkotik maddə qəbulundan zəhərlənmə nəticəsində öldüyü yazılıb. İ.Aydəmirov isə bu rəyin saxta olduğunu, oğlunun Xaçmaz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığını və bir neçə saat sonra xəstəxanada vəfat etdiyini bildirir. Onun sözlərinə görə, meyitin üzərindəki xəsarətlər də onun zəhərlənmədən ölmədiyinin sübutudur: "Ekspertin rəyi başdan-ayağa saxtadır. Rəydən belə çıxır ki, oğlum narkotik qəbulundan küçədə yıxılıb qalıb, tapıb xəstəxanaya çatdırıblar. Bu qədər yalan olmaz. Vəkilimizin sorğusuna TƏBİB-dən verilən rəsmi cavabda Səyyaf Tağıyev yazıb ki, gecə saat 03:50-də polis şöbəsindən təcili yardıma çağırış gəlib. Mirəlini şöbədən xəstəxanaya gətiriblər".

İ.Aydəmirov oğlunun ölümü ilə əlaqədar prezident, vitse-prezident, daxili işlər naziri və başqa məsul şəxslərə onlarla teleqram, məktub göndərib
İ.Aydəmirov oğlunun ölümü ilə əlaqədar prezident, vitse-prezident, daxili işlər naziri və başqa məsul şəxslərə onlarla teleqram, məktub göndərib

TƏBİB-in cavabı

TƏBİB-in cavabında vurğulanıb ki, M.Aydəmirov xəstəxanaya bu diaqnozla qəbul edilib: "Ağır qapalı kəllə-beyin travması. Baş-beynin əzilməsi. Komatoz vəziyyət. Alnın sol nahiyəsinin sol tərəfdən əzilməsi və qançırı. Sağ sairin səyrılmış yarası".

İ.Aydəmirovun sözlərinə görə, oğlunun xəstəxanaya yerləşdirilməsindən mayın 27-də axşam saat 16:30 radələrində xəbər tutub. Sahə müvəkkili zəng edərək rayon polis şöbəsinin rəis müavininin onu görmək istədiyini bildirib. Şöbədə isə ona bildirilib ki, artıq dozada narkotik qəbulundan oğlunun vəziyyəti pisləşib, xəstəxanadadır: "Orada danışıqlarından şübhələndim ki, nəsə, məsələ başqadır. Yoldaşımla xəstəxanaya getdik, oğlum reanimasiyada idi. Məni buraxmadılar, anası gedib gördü. Gəlib dedi ki, onu elə vəziyyətə qoyublar, ölüm ayağındadır, üst-başı işgəncə yeridir. Sonradan özüm apardığım araşdırma nəticəsində məlum oldu ki, başını polis şöbəsinin həyətində asfalta vurublar, içəridə döyüblər. Boynuna nəyisə qoymaq istəyiblər. Görüblər ki, vəziyyəti pisləşdi, tez təcili yardım çağırıblar".

İ.Aydəmirov oğlunun ölümünə görə Xaçmaz rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşlarını suçlu sayır, onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün rayon prokurorluğuna şikayət edib. Lakin prokurorluqda bu işi araşdıran müstəntiq polislərin əməllərində cinayət tərkibi müəyyənləşdirməyib və cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb.

"Mirəlinin 49-50 kilo çəkisi olardı"

İ.Aydəmirov bu qərarı polislərin əməllərini ört-basdır etmək kimi qiymətləndirir: "İlk gündən deyirəm, polis şöbəsinin qarşısındakı, içəridəki kameraların görüntülərinə baxsınlar. Niyə baxmırlar? Çünki mənim uşağımı şöbəyə gətirəndə o vəziyyətdə olmayıb. Mirəli təhqiqatçının otağında olanda özləri kameraya çəkiblər. O çəkilişin diski prokurorluqda da var, amma mənə vermirlər. Ümumiyyətlə, mənə heç bir sənəd vermirlər".

İ.Aydəmirov oğlunun ölümü ilə əlaqədar prezident, vitse-prezident, baş prokuror, daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Ombudsman və başqa məsul şəxslərə onlarla teleqram, məktub göndərib: "Ailəmin maddi vəziyyəti çox ağırdır, o teleqramlara verdiyim pulları balalarımın boğazından kəsirəm. Onlara da baxan yoxdur. Belə dövlət, belə idarəçilik olar?! Mirəlinin 49-50 kilo çəkisi olardı. Çəlimsiz bir uşağı döyüb öldürürlər, bunu Prezident Administrasiyasından tutmuş, adi polis serjantına qədər hamı bilir, amma ölçü götürən yoxdur. Ölkə rəhbərliyi olaraq mənim hüquqlarımı qorumurlarsa, onda başımın çarəsinə baxım".

Baş prokurorun birinci müavini Elçin Məmmədov cinayət işi başlanmasının rədd olunması haqda qərarı oktyabrın 6-da ləğv edib. İş materialları yenidən araşdırma aparılması üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

"Cəzalar əməllərə adekvat deyildi"

Hüquqşünas Namizəd Səfərov deyir ki, hüquq-mühafizə orqanlarında işgəncə hallarının mövcudluğu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana qarşı bir neçə qərarında da əksini tapıb. Hüquqşünasın sözlərinə görə, işgəncələr və nəticədə ölüm halları ölkə daxilində obyektiv araşdırılmadığına, günahkarlar cəzasız qaldığına görə bu işlər Avropa Məhkəməsinə gedib çıxır.

N.Səfərov vurğulayıb ki, hüquq-mühafizə orqanlarında baş verən ölüm halları əksər vaxtlarda intihar, yaxud da xəstəliyin nəticəsi kimi qələmə verilir: "Çox nadir hallarda cəzalananlar olanda da onların əməllərini işgəncə vermə yox, səhlənkarlıq kimi qələmə verirlər. Guya nəzarətsiz qoyub, adam intihar edib və s.".

İşgəncələr Əleyhinə Komitənin koordinatoru olduğunu və "Tərtər işi" üzrə həbs olunan hərbçilərə qarşı qeyri-insani rəftar hallarını araşdırdıqlarını vurğulayan N.Səfərov xatırladıb ki, həmin işdə 7 nəfər işgəncə nəticəsində dünyasını dəyişmişdi: "O işdə cəzalananlar oldu, amma hamısı yox. Göstəriş verənlər, yüksəkvəzifəlilər, arxasında himayəçisi olanlar məsuliyyətdən kənarda qaldı. Yəni, obyektiv, hərtərəfli araşdırma olmadı. Cəzalar da əməllərə adekvat deyildi, yüngül idi".

AİHM-nin qərarları

Avropa Məhkəməsi Azərbaycana qarşı onlarla işdə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü (işgəncə, insan ləyaqətini alçaldan, qeyri-insani rəftarın qadağan edilməsi) maddəsinin pozuntusunu tanıyıb. Məhkəmə bu qərarların bir çoxunda beynəlxalq təşkilatların hesabatlarına istinad edib. Məsələn, mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik ittihamıyla həbs olunan Qiyas İbrahimov və Bayram Məmmədov işi üzrə qərarda Avropa Məhkəməsi BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatına əsaslanıb. Qərarda Azərbaycanda hüquq-mühafizə orqanlarının tətbiq etdiyi işgəncə hallarından, bununla bağlı şikayətlərin araşdırılmamasından bəhs olunur.

Avropa Məhkəməsinin Azərbaycanda işgəncə şikayəti ilə əlaqədar sonuncu qərarı Turac Zeynalovun Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində ölümüylə bağlı olub. Avropa Məhkəməsi həm işgəncə faktını təsdiqləyib, həm də ölkə daxilində bu məsələnin obyektiv araşdırılmadığı qənaətinə gəlib. T.Zeynalovun atası Şuriyyə Zeynalovun şikayəti üzrə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin də pozuntusunu tanıyıb.

İşgəncə məsələsi beynəlxalq hesabatlarda

Azərbaycanda saxlananlara işgəncə verilməsi beynəlxalq hesabatlarda da dəfələrlə qeyd olunub. Dövlət Departamentinin ötən ilki hesabatında deyilirdi ki, Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən geniş istifadə davam edilir, işgəncə verilməsinə görə cəzasızlıq sistematik və endemik xarakter alıb.

Qurum bildirirdi ki, Azərbaycan polisi işgəncələrdən istintaqa lazım olan etirafların alınması məqsədilə istifadə edir. Hakimiyyət orqanları işgəncələrə məruz qalanların tibbi müayinəsinə mane olur.

Hakimiyyət təmsilçiləri isə, bir qayda olaraq, işgəncəylə bağlı deyilənləri təkzib edir, müdafiə tərəfinin bu iddiaları diqqəti yayındırmaq üçün ortaya atdığını deyiblər.

XS
SM
MD
LG