Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:54

'Köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək'


Prezident İ.Əliyev məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin açılışında. 2018
Prezident İ.Əliyev məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin açılışında. 2018

"Bu yaxınlarda müşavirə keçirərkən mənə məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb".

Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb: "Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir".

Prezident daha sonra da deyib: "… Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, "Dövlətqaçqınkom"un balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin".

"...heç bir məntiqə sığmır"

Prezident qeyd edib ki, o, hər şeyi həmişə necə var elə də deyib: "Mən bilirəm ki, onlar (köçkünlər) bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır".

44 günlük İkinci Qarabağ müharibəsində 3 minə yaxın Azərbaycan hərbi qulluqçusunun həlak olduğu açıqlanıb.

Birinci Qarabağ savaşında (1988-1994) isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Həmin ərazilərin köçün düşən əhalisi ölkənin qalan ərazilərində yataqxanalarda, yarımçıq tiklilərdə və çadır şəhərciyində müvəqqəti məskunlaşmışdılar. Sonrakı illərdə çadır və vaqon şəhərciklər ləğv edildi. Həm orada, həm də başqa yerlərdə məskunlaşan köçkünlərin bir xeyli hissəsi onlar üçün salınan yeni şəhərciklərdə mənzillərlə təmin edildilər.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG