Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:26

Tramp vəzifədən daha tez kənarlaşdırıla bilərmi


Donald Tramp
Donald Tramp

Respublikaçı Tramp hakimiyyətin dinc transfer olunacağını deməyib, minlərlə etirazçı qarşısında çıxış edib, seçkidə qələbəsinin oğurlanması iddialarını təkrarlayıb

“Reuters” agentliyi ABŞ Prezidenti Donald Trampın yanvarın 20-dək, yəni vəzifə müddəti bitənəcən prezidentlikdən kənarlaşdırılmasının mümkünlüyündən yazır. Yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə basqın edərək Konqresin işini dayandırmasından sonra bəzi konqresmenlər belə bir çağırış səsləndirib. Yanvarın 20-də Co Bayden prezident andı içməlidir.

Respublikaçı Tramp hakimiyyətin dinc transfer olunacağını deməyib, minlərlə etirazçı qarşısında çıxış edib, seçkidə qələbəsinin oğurlanması iddialarını təkrarlayıb.

Agentlik yazır ki, Trampı vəzifədən kənarlaşdırmağın iki yolu var: birincisi ABŞ Konstitusiyasına 25-ci Düzəlişdir, ikincisi impiçment. Hər iki halda Baydenin andiçməsinə qədər Vitse-prezident Mayk Pense prezident səlahiyyətini icra edəcək.

Məsələdən agah mənbənin deməsinə görə, hökumət üzvləri və Trampın müttəfiqləri arasında 25-ci Düzəlişi işə salmaqla bağlı ilkin müzakirə aparılıb.

1967-ci ildə ratifikasiya olunmuş, 1963-cü ildə Prezident Con Kennedinin qətlindən sonra qəbul edilmiş düzəlişdə prezidentin varisliyi, onun vəzifəsini icra etmək qabiliyyətini itirməsi nəzərdə tutulub.

Ekspertlərin fikrincə, bu düzəlişi hazırlayanlar onun prezidentin fiziki, mental xəstəliyi zamanı tətbiqini nəzərdə tutublar. Bəzi alimlər isə deyirlər ki, düzəliş prezident öz vəzifəsinə təhlükə yaradanda da tətbiq oluna bilər.

İmpiçmentdən daha sürətli

25-ci Düzəlişin işə salınması üçün Pense və Tramp hökumətində çoxluq onun öz vəzifəsini icra edə bilməməsini bəyan edərək prezidenti vəzifədən kənarlaşdırmalıdır. Bu halda Pense prezidentliyin icrasına başlayır.

Ancaq Tramp işini bərpa etmək iqtidarında olduğunu bəyan edə bilər. Pense və hökumətdə çoxluq bunu mübahisələndirməsə, Tramp yenidən hakimiyyətdə qalır. Mübahisələndirsələr, məsələ Konqresə çıxır. Bu zaman yenə də Pense prezident səlahiyyətini icra edir.

Trampın kənarlaşdırılması üçün hər iki palatanın üçdə ikisi buna səs verməlidir. Ancaq demokratların nəzarətində olan Nümayəndələr Palatası Trampın vəzifə müddəti bitənəcən səsverməni yubada bilər, Kolorado Universitetində konstitusiya hüququ üzrə professor Pol Kampos deyib.

Kamposun fikrincə, 25-ci Düzəliş Trampı vəzifədən kənarlaşdırmağın uyğun yoludur və impiçmentdən daha sürətlidir.

“Pense dərhal prezidentliyə başlayır. Ancaq impiçment, prezidentin təqsirli bilinməsi bir neçə gün çəkər”, – o vurğulayıb.


Mümkün impiçment ittihamları

Trampın impiçment olunaraq vəzifədən kənarlaşdırılması da mümkündür. Bu zaman Konqresin aşağı palatası prezidentə ittiham irəli sürür. Nümayəndələr Palatasının 435 üzvündən sadə çoxluq “impiçment maddələri”ni təsdiqləsə, proses Senata keçir və orada prezidentə məhkəmə qurulur. Prezidentin təqsirli bilinərək prezidentlikdən kənarlaşdırılması üçün Senatda üçdə iki səs çoxluğu tələb olunur.

2019-cu ilin dekabrında Tramp Nümayəndələr Palatasında hakimiyyətdən sui-istifadə və Konqresin işini əngəlləmək ittihamları ilə impiç olundu. Onun Bayden və oğlu barədə araşdırma aparmaq üçün Ukraynaya təzyiq göstərdiyi bildirilirdi. Ancaq 2020-ci ilin fevralında o, respublikaçıların nəzarətində olan Senatda bəraət aldı.

Bəs, Tramp bu dəfə hansı “ağır cinayət”də ittiham oluna bilər?

Missuri Universitetində konstitusiya hüququ üzrə professor Frenk Baumen deyir ki, Trampa “qiyama çağırış”, yaxud ABŞ hökumətini devirmək cəhdində ittihamı verilə bilər.

Ancaq professorun deməsinə görə, Trampa daha ümumi ittihamın da irəli sürülməsi mümkündür: ABŞ konstitusiyasına sadiq qalmama və vəzifə andına əməl etməmə.

“Əsas ittiham Konstitusiya qarşı çıxmaq – qanuni keçirilən seçkinin qanuni nəticələrinə zərbə vurmaq cəhdi ilə bağlı ola bilər”, – Baumen deyib.

XS
SM
MD
LG