Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:36

Virus mutasiya edir, amma vaksinlər də modifikasiya olunur


Skopyedə divar rəsmi
Skopyedə divar rəsmi

Son vaxtlar koronavirusun mutasiya etdiyi və onun yeni-yeni ştamlarının yaranması ilə bağlı narahatlıq artır.

Başlıca narahatlıq hələ tam dövriyyəyə buraxılmamış vaksinlərin dəyişkən virusa qarşı nə dərəcədə effektli olacağındandır.

CNBC yazır ki, daim mutasiya etmək virusların xüsusiyyətidir və 2019-cu ilin sonlarında Çində qeydə alınmış koronavirus da o vaxtdan bəri dəfələrlə mutasiya edib.

Koronavirusun bundan sonra da mutasiya edəcəyi gözlənilir.

Ən son aşkar olunmuş ştamlar Cəbuni Afrika və Britaniyada qeydə alınıb.

Burası da var ki, virusun yeni ştamlarının daha yoluxucu olması mövcud vaksinlərin onların öhdəsindən gələ bilməyəcəyinə dair nigarançılıq yaradıb.

Taclı virusun tacı

NBC News onda olan sənədlərə əsasən bildirir ki, Birləşmiş Ştatlarda da virusun yeni ştammı qeydə alınıb.

Ötən bazar günü isə Yaponiya İnfeksiyalar İnstitutu Brazilyadan gəlmiş dörd nəfərdə koronavirusun başqa bir ştammının aşkar edildiyini xəbər verib.

Alimlər xüsusilə də virusun tac çıxıntılarındakı protein dəyişikliyindən narahatdırlar.

Bu çıxıntılar virusun insan hüceyrələrinə bağlanmasına və orqanizmə daxil olmasına imkan yaradır.

Məsələ burasındadır ki, mutasiyaların virusu daha yoluxucu etməsi yeganə problem deyil. Bu o deməkdir ki, virusa qarşı hazırlanan vaksinlərə də düzəlişlər edilməli və onların modifikasiyaları dəyişdirilməlidir.

“Britaniya” variantı

Britaniya səhiyyə rəsmiləri ölkədə aşkar olunmuş yeni variant barədə Dünya Səhiyyə Təşkilatına dekabrın 14-də məlumat veriblər.

Şərti olaraq VOC 202012/01 adlandırılan variant ilk dəfə İngiltərənin Kent şəhərində bir pasientdə tapılıb.

Alimlər düşünürlər ki, virusun bu yeni variantının yoluxuculuğu köhnə variantdan 70 faiz çoxdur.

Yeni ştamm barədə xəbər bir çox ölkələri Britaniya ilə aviasiya rabitəsini dayandırmağa, rəsmi Londonu isə sərt karantini yenidən tətbiq etməyə məcbur edib.

Britaniyada dekabrın 28-dən bəri gündəlik yoluxma rəqəmi 50 minə çatıb.

DST bildirir ki, SARS-CoV-2 VOC 202012/01 ştammının haradan qaynaqlanması naməlumdur.

“Cənubi Afrika” variantı

Cənubi Afrika Respublikasının hökuməti yeni mutasiyanın dekabrın 18-də qeydə alındığını bəyan edib.

Yeni ştamm əksər vilayətlərə yayılaraq ölkənin əsas ştammına çevrilib.

Yeni variant “501Y.V2” adlandırılıb, çünki virusun tac çıxıntılarında N501Y mutasiyası tapılıb. Bu mutasiya habelə Britaniyada da tapılıb və daha sürətli yoluxma qabiliyyətinə malikdir.

Cənubi Afrikada başqa mutasiyalı viruslar da tapılıb və indi narahatlıq yeni variantların vaksinlərə daha müqavimətli ola biləcəyindəndir.

Lakin alimlərin əksəriyyəti bu qənaətdədirlər ki, yeni mutasiyalarla bağlı vaksinlərin də təkmilləşdirilməsi prosesi davam etdirilir.

Onlar deyirlər ki, adi qrip üçün hazırlanan vaksinlər də eynilə hər il modifikasiya edilir.

“Danimarka su samuru” variantı

Ötən ay Danimarkada aşkar edilmiş koronavirus mutasiyasının ölkənin nəhəng su samuru yetişdirilməsi sənayesi ilə bağlı olduğu düşünülür.

İyun ayından bəri 214 nəfərdə aşkar olunmuş variantların su samurlarında tapılan ştamlarla eyniliyi müəyyənləşdirilib.

Alimlər bildirirlər ki, Şimali Yutlandda tapılan yeni ştamm insnlara məhz samurlardan yoluxa bilərdi.

Ekspertlər ehtiyat edirlər ki, yeni variant potensial baxımdan insanların yoluxmadan və ya vaksinlənmədən sonrakı immun müdafiəsinin gücünü və müddətini azalda bilər.

Xoşbəxtlikdən bu variant daha sürətli yoluxma qabiliyyətinə malik deyil.

Çində erkən mutasiyalar

DST bildirir ki, virus ilkin yayıldığı Çində də mutasiya edib və yeni variant “D614G” adlanır. Lakin bu mutasiya artıq ötən ilin fevralında baş vermişdi.

Hazırda Çində virusun bu variantı dominant ştamma çevrilib.

İnsanların tənəffüs sistemlərində aparılmış tədqiqatlar yeni ştammın yoluxuculuğunun və sürətinin artdığını göstərib.

Variantların adı şərtidir

Alimlər deyirlər ki, yeni variantlar bəzən “Britaniya”, “Danimarka” və sair adlandırılsa da, onların ilkin mənşəyi bilinmir.

Buna görə də yeni variantlara görə ölkələrin günahlandırılması düzgün olmazdı.

ABŞ prezidenti Donald Tramp COVID-19-u “Çin virusu” adlandırdığına görə tənqid olunmuşdu.

İndiyədək məlum olan yalnız budur ki, koronavirus insanlara heyvanlardan, böyük bir ehtimalla yarasalardan keçib.

Məqalədə deyilir ki, yeni variantların aşkarlandığı ölkələrdə - Britaniya və Cənubi Afrikada virusun genetik kodu daim öyrənilir və bu səbəbdən də sözü gedən ölkələr mutasiyaların aşkar edilməsində liderdirlər.

XS
SM
MD
LG