Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:42

Putin Rusiyada əhalinin kütləvi vaksinasiyasına start verdi


Rusiya hərbi dəniz donanmasının matrosu peyvənd olunur
Rusiya hərbi dəniz donanmasının matrosu peyvənd olunur

Dünyada koronavirus 2 milyon insanın həyatına son qoyub, onlardan 380 mini Birləşmiş Ştatların payına düşür

Rusiya prezidenti Vladimir Putin rəsmiləri gələn həftədən kütləvi peyvəndləməyə başlamağa və inokyulasiya proqramını bütün rusiyalılar üçün əlçatımlı etməyə çağırıb:

"Mən sizə gələn həftədən gec olmayaraq bütün əhalinin kütləvi vaksinasiyasını tapşırıram”.

Yanvarın 13-də videbağlantı ilə hökumət müşavirəsi keçirən Putin Rusiyanın istehsal etdiyi vaksini “dünyada ən yaxşı” adlandırıb.

Prezident əlavə edib ki, Rusiya Sputnik V vaksininin kütləvi istehsalını sürətləndirmək məqsədilə “müvafiq infrasrtruktur” yaratmalıdır.

Dünyada COVID-19-a yoluxmalara görə dördüncü yerdə olan Rusiya ötən ay hələ sınaqların üçüncü fazasından keçməyən bu vaksinlə genişmiqyaslı peyvəndləməyə başlayıb.

Baş nazirin müavini Tatyana Qolikova deyib ki, hökumət peyvəndləmə proqramını yanvarın 18-dən sonra genişləndirə biləcək.

Rusiya Birbaşa İnvestisiyalar Fondu bildirib ki, indiyədək 1.5 milyon rusiyalıya Sputnik V vaksini vurulub.

Rusiyada pandemiyanın əvvəlindən 3.4 milyon yoluxma, 63 min 300-dən çox ölüm qeydə alınıb.

Müstəqil ekspertlər bu rəqəmlərin reallıqda xeyli çox olduğunu düşünürlər.

Koronavirusdan bir günə 4 min 500 ölüm

Birləşmiş Ştatlarda koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb – 4 min 500 xəstə vəfat edib. Ölkədə vaksinasiya kampaniyası da vüsət alır.

Yeni səyahət qadağaları açıqlanıb. ABŞ vətəndaşları daxil olmaqla bütün ziyarətçilər yola düşənəcən üç günü əhatələyən neqativ test nəticəsi, yaxud COVID-19-dan sağalmaqla bağlı sənəd göstərməlidir. Bu qayda yanvarın 26-dan qüvvəyə minir.

Dünyada koronavirus 2 milyon insanın həyatına son qoyub, onlardan 380 mini Birləşmiş Ştatların payına düşür.

Ehtiyat dozalar istifadəyə buraxılır

Yanvarın 12-nə olan məlumata görə, ölkədə son 24 saat ərzində 235 mindən çox yeni yoluxma və 4 min 470 ölüm aşkarlanıb. Xəstəxanada yatanların sayı 130 mindən çoxdur.

Tramp administrasiyası artıq yaşı 65 və yuxarı olanlara peyvənd vurulacağını açıqlayıb. Bir sıra ştatlarda indiyədək ilkin dozalar tibb işçiləri və qocalar evlərinin sakinlərinə vurulurdu.

Ölkə üzrə 27.5 milyon doza vaksinin paylandığı, 9.3 milyon amerikalıya ilkin doza vurulduğu bildirilir.

Federal hökumət ehtiyatda olan dozaları buraxmaq qərarına gəlib. Ehtiyat birinci doza vurulanların ikinci dozanı qəbul etməsi üçün saxlanmışdı. Pfizer/BioNTech və Moderna vaksinləri ikidozalıdır.

Səhiyyə naziri Aleks Azar deyib ki, indi hökumət arxayınlıqla ehtiyatlarını xərcləyə bilər.

Yeni prezident seçilmiş Co Bayden ayın əvvəlində bildirmişdi ki, ehtiyatda olan dozalardan daha çoxunu istifadəyə buraxacaq.

Kanadanın Ontario ştatında isə yanvarın 14-dən evdə qalmaqla bağlı göstəriş verilib. Yalnız həkimə və vacib bazarlığa çıxmağa icazə verilir.

Yaponiya, Çin

Yaponiya hökuməti yanvarın 13-dən Tokiodan başqa daha yeddi prefekturada fövqəladə vəziyyəti uzatmağı planlaşdırır. Məhdudiyyət ölkənin 126 milyonluq əhalisinin 55 faizə qədərini əhatələyəcək.

Bu arada ötən ildən təxirə salınmış Yay Olimpiya Oyunlarının taleyi də şübhə altındadır. Yaponiyada keçirilən rəy sorğularına görə, respondentlərin 16 faizi oyunların keçirilməsini istəyir. 77 faizin fikrincə, oyunlar təxirə salınmalıdır.

İndoneziya Prezidenti Coko Vidodoya yanvarın 13-də Çin istehsalı olan Sinovac vaksininin ilk dozası vurulub. 270 milyon əhalisi olan ölkənin səhiyyə orqanları vaksini təsdiqləyib.

Qonşu Malayziyada yanvarın 12-dən fövqəladə vəziyyət elan olunub.

Çində isə 5 milyon nəfərin yaşadığı şəhər də karantin tətbiq olunan siyahıya salınıb.

DST ekspertləri yubanmalardan sonra nəhayət Vuhan şəhərinə gedə bilib. Onlar xəstəliyin mənşəyini araşdıracaqlar.

XS
SM
MD
LG