Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:59

Twitter Trampa qadağanı müdafiə edir


Donald Tramp
Donald Tramp

Şirkət Trampa qadağa qoyduğu üçün tənqid olunur. Ancaq Cek Dorsi deyir ki, bunun “Twitter üçün düzgün qərar olduğuna” inanır

Twitter sosial şəbəkəsinin baş icraçı direktoru ABŞ Prezidenti Donald Trampın bu platformadan uzaqlaşdırılması qərarını müdafiə edib, ancaq eyni zamanda bu hərəkətin təhlükəli presedent yaratdığını da etiraf edib.

Şirkət Trampa qadağa qoyduğu üçün tənqid olunur. Ancaq Cek Dorsi deyir ki, bunun “Twitter üçün düzgün qərar olduğuna” inanır. Onun sözlərinə görə, sosial platform “qeyri-adi və əsassız şəraitlə üzləşib, hamımız fəaliyyətimizi ictimai təhlükəsizliyə yönəltmişik”.

Bir nəfər, yaxud korporasiyanın gücü...”

Twitter ötən həftə Trampın hesabını bağlayıb, Kapitoliyə prezident tərəfdarlarının hücumundan sonra zorakılıq riskinin olduğunu əsas gətirib.

Dorsi deyib ki, onlayn ifadə nəticəsində oflayn baş verən istənilən ziyan “siyasət və qaydalarımızı hər şeydən önə çıxarır”.

Ancaq Dorsi onu da əlavə edib ki, hesabın bağlanması təhlükəli presedent yaradır, “bir nəfər, yaxud korporasiyanın qlobal ictimai söhbət üzərində gücünü göstərir”.

Tramp prezidentliyi dövründə Twitter-dən filtrsiz meqafon kimi istifadə edib, 88 milyonluq izləyicisi ilə birbaşa əlaqə qurub.

Dorsi deyir ki, Trampa qadağa Twitter-in sağlam söhbəti təbliğ edə bilmədiyini göstərir, həmçinin şirkətin siyasət və qaydalarda uyğunsuzluğa tənqidi baxmasına imkan yaradır.

Qadağadan sonra bəzi respublikaçılar bunun prezidentin söz azadlığına zərbə vurduğunu deyirdilər.

Tramp da senzuradan danışıb

Prezident yanvarın 13-də, Nümayəndələr Palatasının onun impiçmentinə səs verməsindən sonra xalqa videomüraciətində sosial media qadağalarına toxunub.

Tramp birbaşa özünə qadağalardan danışmasa da ümumilikdə amerikalılara qarşı senzura cəhdlərini pisləyib, bunu azad sözə hücum adlandırıb.

“Hər bir amerikalı dinc, sayğılı yolla səsinin eşidilməsinə layiqdir. Gərgin və çətin zamandır. Həmvətənlərimizə qarşı senzura, qara siyahıya salınma yanlışdır və təhlükəlidir”, – o deyib.

Facebook və digər platformalar da Trampın hesablarını bağlayıb, yaxud belə planları olduğunu açıqlayıblar. Onlar Kapitoliyə 5 nəfərin ölümüylə nəticələnmiş hücumun bəzi iştirakçılarına da oxşar qadağalar tətbiq ediblər.

XS
SM
MD
LG