Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:30

Bazarda unun, südün... və yumurtanın bahalaşmasından danışırlar


Bazar, arxiv foto
Bazar, arxiv foto


Astara rayon mərkəzi bazarının önündəyik. İlk söhbət etdiyimiz yaşlı bir kişi olur.

“Süd də bahalaşıb, yumurta da”

“Bahaçılıqdır. Gəldim bazara, tərəvəz almışam. Süd də bahalaşıb, yumurta da. Südün litiri 70-80 qəpiyə idi, indi 1 manatdan yuxarı olub. Yerli toyuq yumartısının 10 ədədi 3 manatdır. Bunları alsam dərmana pul qalmaz. 250 manat pensiya alıram, çatmır. Xəstəliklə (koronavirusla) bağlı qorxu bizi əldən salıb. Pul elə dərmana gedir ”, deyə o qeyd edir.

Amma danışmağa bir elə həvəsli deyil. Bazarda seyrəklikdir. Həm satıcı azdır, həm də alıcı. Bazarın girişində balıq satırlar. Alıcılar deyirlər ki,balıq baha olduğu üçün hər kəs ala bilmir. Kütüm balığının 1 kiloqramını 13-14 manata təklif edirdilər. Ərazidə polislər də gözə dəyir. Onlar da tibbi maskası olmayanları saxlayıb xəbərdarlıq edirlər.

“Arpa, buğda da bahalaşıb”

Astara bazarında topdansatış kartof
Astara bazarında topdansatış kartof

Satıcılardan biri deyir ki, toxumluq kartoflarda bahalaşma var:

“Rusiyadan gələn kartof toxumunun 1 kiloqramı 65 qəpiyədir. Ötən ilki qiymətdən 10-15 qəpik bahadır. Amma İranın toxumluq kartofu ondan ucuzdur, 1 kiloqramı 45 qəpiyədir. Arpa, buğda da bahalaşıb. Arpa bir həftədə 2 qəpik bahalaşıb. Arpanı toyuqlar üçün dən kimi istifadə edirlər. Ötən ilə nisbət az alırlar. O da ev quşlarının az olmasından irəli gəlir. Meyvədə bahalaşma yoxdur. Meyvə alan azdır. Alıcılıq qabiliyyəti aşağıdır, ona görə zəruri ərzaq məhsulları alırlar. Bizdən nisyə mal istəyənlər də var. Verə bilmirik. Ona görə ki, özümüz də nisyə alırıq, həm də nisyə verəndə pulunu ala bilmirik ”

“Deyirlər benzin bahalaşıb, ona görə...”

Un anbarı, arxiv foto
Un anbarı, arxiv foto

Bir vitrində müxtəlif çəkidə olan un kisələri diqqəti cəlb edir. Satıcı deyir ki,həftənin əvvəlində gətiriblər, qiymətdə fərq var:

“Bu 10 kiloqramdır, 6 manat 80 qəpikdir. Əvvəl 5 manata idi. Sonra oldu 6 manata... 45 kiloqramlıq isə 24 manat 50 qəpiyə, 50 kiloqramlıq kisə isə 29 manat 50 qəpikdir. Topdansatışdan bu qiymətə gətirirlər, deyirlər benzin bahalaşıb ( bu ildən A 92 markalı benzin 11 faiz bahalaşıb), ona görə...”

Qənd, şəkər tozu...

Bazardakı market sahiblərindən biri isə söyləyir ki, ərzaq məhsulların hamsında az-şox qiymət artımı var:
“Ən çox alver əhaliyə pensiya verəndə olur. İrana koronvirusla bağlı yollar bağlıdır, əhali əsasən bizdən mal alır. Əvvəllər bazarlığa İrana gedirdilər. Yanacaq bahalaşmamışdan əvvəl duru yağlar bahalaşdı. Benzinin bahalaşması qiymət artımına təkan verdi. Qəndin 1 kiloqramı 1 manat 49 qəpik, şəkər tozun bir kiloqramı isə 1 manat olub”

Həmsöhbətim xatırladır ki, şəkər tozu bir müddət əvvəl 80 qəpik olub, qəndin qiymətində də bahalaşma var.

“Nisyə dəftərimdə 12 min manat borc yığılıb”

Azərbaycan, satıcı nisyə dəftərinə baxır, arxiv foto
Azərbaycan, satıcı nisyə dəftərinə baxır, arxiv foto

Market sahibi nisyə dəftərinə diqqət çəkir, 12 min manat alacağı olduğunu deyir.

“Pensiya verəndə alver artır. Həm də o vaxtı bir qədər borcları toplaya bilirik. İri maraketlər heç kimə nisyə vermir, biz veririk.Ətrafda yaşayanlar tanışlardır, “yox” deyə bilmirsən. Nisyə dəftərimdə 12 min manat borc yığılıb. Bu borcu kimdən alım? Pensiya alanlar vəziyyətdən çıxa bilirlər.Yeni ailələr, günəmuzd işləyənlər haradan gətirsinlər? Hər yer karantindir ( koronavirusla bağlı Azərbaycanda martın 24-dən karantindir). Alvermiz əhalinin cibi ilə bağlıdır.”

“Bizdə bahalaşma yoxdur”

Sənaye mallarının satışı ilə məşğul olan mağazalara isə buraxmadılar. Dedilər ki, onlaynla işləyirlər. Sahibkarın sözlərinə görə gəlirində də artım var:
“Bizdə bahalaşma yoxdur.İstehlak malların təminatı yaxşıdır. Alıcı da var. Karantindir, alıcı hara getsin? Gəlib burdan alır.”

“ Ən çox növbə apteklərdədir ”

arxiv foto
arxiv foto

Astara şəhər sakini Asən Həşimli isə deyir ki, ailələrin gəliri azalmaqda davam edir:
“Karantin, müharibə (2020-ci ildə 44 günlük İkinci Qarbağ müharibəsini nəzərdə tutur), yanacağın qiymətinin qalxması, xəstəlik,...vəziyyətmizi ağırlaşdırıb.Hər gün bahalaşma ilə üzləşirik. Ən çox növbə apteklərdədir. Elə ailə yoxdur ki, apteklərə üz tutmasın.Pulmuzun yarısı dərmana gedir.Dərman da baha.İqtisadi vəziyyət yaxşı deyil. Unu, qəndi bahalaşdırıblar. Kasıblar da ən çox bu ərzaqlardan istifadə edirlər.”

Rəsmi rəqəmlər...

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə isə, ötən il ölkədə inflyasiya cəmi 2,8 faiz olub.
Qurum bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 5 faiz bahalaşma baş verib.
Əvəzində ötən ilin 11 ayında muzdla çalışanların əməkhaqlarının 10 faizdən çox artdığı qeyd edilir.

XS
SM
MD
LG