Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:50

COVID-19-un mutasiyaları çoxaldıqca...


Arxiv fotosu
Arxiv fotosu

Səhiyyə rəsmilərini isə bir məsələ əndişələndirir – virus o dərəcədə dəyişə bilər ki, adamlar ona ikinci dəfə yoluxarlar

Yeni növ koronavirusla mübarizədə yeni dönəm başlayır: mutasiyaları sürətlə çoxalır. “The Associated Press” yazır ki, vaksinasiya uzandıqca yeni testlərdən, müalicə və vaksinlərdən yayına bilən variantın ortaya çıxacağı reallaşır.

“Buna həqiqətən çox ciddi yanaşılır”

Səhiyyə rəsmiləri koronavirusun genetik baxımdan fərqli formalar almasını yoluxmaların çoxluğu ilə izah edirlər. Yəni, hər bir yeni yoluxma virusa mutasiya etməyə, özünün kopiyalarını yaratmağa imkan verir və bu da pandemiyanı nəzarətə almaq cəhdlərinə təhdid yaradır.

Ötən həftə Dünya Səhiyyə Təşkilatı (DST) yeni variantların aşkarlanması yönündə cəhdləri artırmağa çağırıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirib ki, ilk dəfə Britaniyada aşkarlanmış yeni variant martadək Birləşmiş Ştatlarda dominantlıq edə bilər. Yeni variant daha ağır xəstəliyə səbəb olmur, amma xəstəxanaya yerləşdirilmələr, ölüm sayı məhz bu virus daha sürətlə yayıldığı üçün arta bilər.

“Buna həqiqətən çox ciddi yanaşılır”, – ABŞ hökumətinin baş infeksionisti Entoni Fauçi deyib.

Elə bir mutasiya yaranar ki...

İndilik, vaksinlər effektivlik göstərib, amma yeni mutasiyaların virus testlərinə zərbə vuracağının, anticism dərmanlarının effektini azalda biləcəyinin əlamətləri görünür.

MIT və Harvardın Broud İnstitutunun bioloqu Pardis Sabetinin sözlərinə görə, hazırda “zamana qarşı yarışmadayıq”. O deyir ki, indiki ştamm gənclərə çox təsir etmir deyə onlar maska taxmaya, kütlədən qorunmaya bilərlər, amma “nəhayət bir mutasiya onlara da təsir göstərə bilər”. 2014-cü ildə Ebola virusunda dəyişiklik durumu daha da pisləşdirmişdi.

Ötən martda, koronavirus Çində aşkarlanandan bir neçə ay sonra D614G adlı mutasiya peyda oldu və bununla da virus daha sürətlə yayıldı. Tezliklə o, bütün dünyada dominant versiyaya çevrildi.

Bir neçə ay nisbi sakitlikdən sonra virusun “qeyri-adi təkamülü başlayıb”. Bunu isə bioloq Trevor Bedford ötən həftə Twitter-də yazıb.

İlk dəfə Britaniyada aşkarlanmış ştamm tezliklə İngiltərənin bir çox yerlərində sürətlə yayılıb. İndi isə Birləşmiş Ştatlar daxil olmaqla azı 30 ölkədə qeydə alınıb.

Səyahətlə bağlı deyil

Ekspertlər həm də mutasiyalarım səyahətlə bağlı olmadığını düşünürlər, yəqin yoluxmalar artdıqca virus da müstəqil şəkildə oxşar mutasiyalar əldə edir.

Bəzi laboratoriya testlərinə görə, Cənubi Afrika və Braziliyada aşkarlanan variantlar anticisim dərmanlarına daha az reaksiya göstərə bilər.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyasından Dr. Canet Vudkuk deyir ki, hökumətin ekspertləri indi bu ehtimalı araşdırırlar.

Mövcud vaksinlər yetərincə geniş immun reaksiyası yaradır və effektini saxlamalıdır. Yetərincə genetik dəyişiklik isə vaksində də dəyişiklik edilməsinə yol aça bilər.

Səhiyyə rəsmilərini isə bir məsələ əndişələndirir – virus o dərəcədə dəyişə bilər ki, adamlar ona ikinci dəfə yoluxarlar. Hazırda təkrar yoluxma nadir hadisə sayılsa da, Braziliya artıq yeni varianta yoluxmuş bir şəxsin aylar öncə əvvəlki versiyaya tutulduğunu təsdiqləyib.

Bu səbəbdən mütəxəssislər adamları maska taxmağa, evlərindən kənar şəxslərlə bir araya gəlməyi məhdudlaşdırmağa, əllərini tez-tez yumağa səsləyirlər. Necə deyərlər, “ehtiyat igidin yaraşığıdır”.

XS
SM
MD
LG