Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:33

Tehran qadınları kimləri oxuyur


"Mağazaya gələn oxucuların 70%-i qadınlardır". Foto arxiv
"Mağazaya gələn oxucuların 70%-i qadınlardır". Foto arxiv

Tehranın kitab mağazalarında fransız yazıçıları Alber Kamü və Simona de Bovuardan tutmuş, yəhudi müəllifi Anna Frank və rus şairi Osip Mandelştama qədər bir çox müəllifin kitablarını tapmaq mümkündür. "France 24" kanalı yazır ki, kitab mağazalarının əsas oxucu kütləsini təşkil edən qadınlar xarici müəlliflərin əsərlərini oxumağı sevirlər.

"İran qadınları daha çox oxuyur, daha çox tərcümə edir və daha çox yazır. Ümumiyyətlə, onlar kitab bazarında kişilərdən daha yaxından iştirak edirlər", – "Sales" nəşriyyatının redaktə şöbəsinin müdiri Nərgiz Mösavat kanala müsahibəsində deyib.

Oxucuların 70%-i qadınlardır

"Kitablar mənim üçün zərurətdir. Onlar mənim yeganə pənah yerimdir. Bu isə bəzən məni qəzəbləndirir", – deyən 36-yaşlı Mösavat İran İslam Respublikasında mədəni həyata qoyulan məhdudiyyətlər haqda danışmır.

O, naşir olaraq İran cəmiyyəti ilə səsləşən kitablar seçdiyini deyir və QULAQ-da həyatını itirmiş Mandelştamı və polyak dissident yazıçı Tadeuş Konvitskinin "Kiçik apokalipsis" romanını misal göstərir.

Mösavat düşünür ki, bu, İranın ictimai və siyasi təcrübəsi ilə səsləşən gözəl bir kitabdır: "[Bu kitablar] bizə deyir ki, digər insanlar da ağrı və çətinliklərdən keçib, ancaq həyatda qalıblar".

"Çeşmə" adlı başqa bir nəşriyyatın əsas kitab dükanını idarə edən 32-yaşlı Reza Bəhraminin sözlərinə görə, mağazaya gələn oxucuların 70%-i qadınlardır.

"Yeni nəşrlər ətrafında çoxlu əks-səda və gözlənti olur və bu, satışın həcmini artırır", – Bəhrami deyir.

İranda çıxan kitablara senzura tətbiq olunduğu halda, əksər Qərb bestsellerləri tezcə tərcümə edilib müəllif hüquqlarının tanınmadığı İranda satışa çıxarılır.

"Bəşəriyyətin qısa tarixi"ndən tutmuş...

Bəhraminin sözlərinə görə, qadın oxucular əvvəlcə romantik kitablara, yaxud trillerlərə baxırlar. Amerika yazıçıları Sidni Şeldon və Meri Hiqqins Klark, yaxud tanınmış britaniyalı detektiv müəllifi Aqata Kristi kimi.

Ancaq oxucuların maraqları bununla məhdudlaşmır. İran paytaxtının kitab dükanlarında nümayiş masalarının üzərində israilli alim Yuval Noy Hararinin "Sapiens. Bəşəriyyətin qısa tarixi" kitabının fars dilində tərcüməsini görmək olar.

Trampın qardaşı qızı Meri Trampın iyulda çıxmış qalmaqallı "Həddən artıq çox və həmişə çatışmayan" kitabı da İranda satışdadır. Burada Hillari və Çelsi Klintonların "Cəsur qadınların kitabı"nı alıb oxumaq mümkündür.

Amma yazıda deyilir ki, satışda olan xarici bestsellerlərin heç də hamısı yeni deyil. "Çeşmə" nəşriyyatı noyabrda Amerika yazıçısı Con Fantenin 1939-cu ildə çıxmış "Tozdan soruş" və Jan-Pol Sartrın 1949-cu ildə nəşr olunmuş " Qəlbdə ölüm" kitablarının çox satılmağa başladığını görüb.

İslam inqilabından sonra...

Nəşriyyat bundan başqa, fransız yazıçısı Jan Tölenin "İntiharlar dükanı" və yapon yazıçısı Haruki Murakaminin "Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri" kitablarına tələbatın böyük olduğunu da gözdən qaçırmayıb.

Adının çəkilməsini istəməyən 51-yaşlı kitab satıcısı kanala deyib ki, bu gün Tehranın kitab dükanlarında hər cür kitab tapmaq mümkün olsa da, ümumilikdə İslam inqilabından sonra çap işi zəifləyib. Onun sözlərinə görə, bunu iqtisadi vəziyyət, senzura və beyin axını kimi bir çox səbəblərlə izah etmək olar. Kitabların qiyməti hər adamın cibinə uyğun deyil.

Ultramühafizəkar liderlərin dönə-dönə Holokost faktını dandığı ölkədə "Sales" kitab dükanının əməkdaşı Cavad Rəhimi Yeni Zelandiya yazıçısı Hezer Morrisin "Osvensim döyməçisi" kitabının uğurundan danışır. 1945-ci ildə nasist konsentrasiya düşərgəsində həyatını itirmiş amsterdamlı yəhudi qız Anna Frankın gündəliyi ("Anna Frankın gündəliyi") də böyük maraqla qarşılanıb.

Rəhiminin sözlərinə görə, Kamünün "Taun"u və de Bovuarın "Bütün insanlar ölümlüdür" əsərləri pandemiya dövründə ən çox satılan kitablar olub.

XS
SM
MD
LG