Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:27

Koronavirusun yeni variantı vaksinə müqavimət göstərir


Novavax-ın laboratoriyaları
Novavax-ın laboratoriyaları

Alimlər onu da qeyd edirlər ki, daha yoluxucu variantların yayılması virusun bundan artıq mutasiyasını önləməkdən ötrü vaksinasiyanı sürətləndirməyin vacibliyini göstərir

Koronavirusun ilk dəfə Cənubi Afrikada aşkarlanmış daha yoluxucu variantı Birləşmiş Ştatlarda da qeydə alınıb. Bu mutasiyanın mövcud vaksinlərə və anticism müalicələrinə qismən müqavimət göstərməsi isə narahatlığı artırır.

Cənubi Karolinada bir-birilə əlaqəsi olmayan, bu yaxınlarda səyahətə çıxmamış iki nəfərdə Cənubi Afrika variantı aşkarlanıb. Bu isə mutasiyanın cəmiyyətdə artıq yayılmaqda olduğunu göstərə bilər.

60 faizlik qoruma

Səhiyyə ekspertləri daha öncə də Cənubi Afrika variantının Birləşmiş Ştatlarda mövcud ola biləcəyini ehtimal edirdilər. İndiyədək Britaniya və Braziliyada tapılmış variantlar ABŞ-da da təsdiqlənib. Cənubi Afrika variantı azı 30 ölkədə qeydə alınıb. Bu variant B.1.351 adıyla tanınır.

Bu arada “Novavax” şirkəti hazırladığı COVID-19 vaksininin Britaniyada sınaqlarda 90 faiz effektli olduğunu bildirib. ABŞ-da mənzillənən şirkət onu da qeyd edib ki, vaksini Cənubi Afrika variantına qarşı 60 faizədək qoruma təmin edir.

Moderna və Pfizer/BioNTech şirkətlərinin həftənin əvvəlində bildirməsinə görə, onların vaksinləri Britaniya variantına qarşı effektlidir, amma Cənubi Afrika variantına qarşı daha az qoruma təmin edir.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Entoni Fauçi MSNBC-yə deyib ki, yeni variantların hamısı narahatlıq yaradır, amma “ən çox narahatlıq doğuran və həqiqətən problemli ola biləcək variant Cənubi Afrikadakı mutantdır”.

Heç nəyin olmamasındansa...

Hazırda istifadədə olan üç vaksinin Cənubi Afrika variantına qarşı az effekt göstərməsi pandemiyanı nəzarətə alma cəhdlərini çətinləşdirir. Amma alimlərin fikrincə, hətta az effektli vaksin belə heç nədən yaxşıdır. Üç vaksin istehsalçısı dərmanları daha səmərəli etməkdən ötrü dəyişiklik planlaşdırdıqlarını bildiriblər.

Alimlər onu da qeyd edirlər ki, daha yoluxucu variantların yayılması virusun bundan artıq mutasiyasını önləməkdən ötrü vaksinasiyanı sürətləndirməyin vacibliyini göstərir.

Səhiyyə rəsmilərinin xəbərdarlığına görə, Birləşmiş Ştatlarda yoluxma və xəstəxanaya yatırdılanların sayında səngimədən sonra virus yenidən dalğalana bilər.

Yanvarın 29-da Dünya Səhiyyə Təşkilatının (DST) COVID-19 pandemiyasının mənşəyini araşdıran missiyası Çin alimləri ilə görüşəcək, Vuhanda laboratoriyalara, bazarlara və xəstəxanalara baş çəkəcəklər.

Fakt-araşdırıcı missiya yanvarın 28-də Vuhanda iki həftəlik karantindən çıxıb.

Çin rəsmiləri və dövlət mediası virusun bu ölkədən qaynaqlanmasını belə şübhə altına almağa çalışırlar.

XS
SM
MD
LG