Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

6 manatlıq vəkildən keyfiyyət gözləmək olarmı


Məhkəmə
Məhkəmə

Hər il on minlərlə adama dövlət hesabına vəkil təyin edilir. Həmin vəkillərin pulsuz hüquqi yardımından yararlananlar arasında narazı qalanlar da olur, razılar da.

Azərbaycan Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna təminat verir. Əgər şəxsin özünün pul ödəyib, özünə vəkil tutmağa maddi imkanı çatmırsa, dövlət bu işi öz üzərinə götürməlidir. Yəni, bu halda şəxs dövlət hesabına yüksək keyfiyyətli hüquqi yardımdan yararlanmalıdır.

Müşahidələr göstərir ki, dövlət hesabına vəkillərdən narazı qalanların sayı daha çox olur. Bəzilərində belə fikir formalaşıb ki, əgər şəxs vəkilə xidmət haqqı ödəmirsə, ondan yaxşı iş də gözləməməlidir. Halbuki, şəxs özü ödəməsə də, onun əvəzinə dövlət müdafiəçiyə vəsait ödəyir.

"İstintaqçılar da belə davranışı gözləmirdi"

Dövlət hesabına hüquqi yardım göstərən vəkillərin bir sıra hallarda proseslərdə formal iştirakı, qanunsuzluqlara göz yumması, yalnız müstəntiqin dediyi sənədləri imzalamaqla işini bitmiş sayması s. hallarla bağlı da şikayətlərin sayı az deyil. Hətta onların bəzən istintaqçılarla əlbir olub, müdafiəçisi təyin olunduğu şəxsin yox, istintaq orqanının maraqlarına uyğun davranması haqda iddialar da var.

2020-ci ilin iyulunda Milli Orduya dəstək yürüşündə baş verənlərlə əlaqədar eyni cinayət işi üzrə həbs olunan AXCP funksionerləri Ayaz Məhərrəmli və Baba Süleymanovun hər ikisinə dövlət hesabına vəkil təyin olunmuşdu.

A.Məhərrəmli
A.Məhərrəmli

A.Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, həmin müdafiəçidən razı qalıb, hətta ev dustaqlığına buraxılandan sonra ona zəng edərək minnətdarlığını da ifadə edib. Onun sözlərinə görə, dövlət hesabına vəkillərin mənfi hərəkətləri haqda eşitmişdi deyə, ona təyin edilmiş vəkildən də müsbət gözləntisi yox idi: "Bu baxımdan, onun davranışı mənim üçün gözlənilməz oldu. Vəkil qadın idi, Mətanət xanım. Mənə təzyiq göstərməyə çalışdılar, bu anda elə reaksiya verdi ki... Hiss olundu ki, istintaqçılar da belə davranışı gözləmirdi. Çünki dövlət vəkillərinin onların dediyi ilə oturub-durmasına öyrəşiblər. Bu, faktiki, mənə qarşı fiziki təzyiqin qarşısını aldı. Sonradan istintaq təcridxanasına da gəlib mənimlə görüşmüşdü".

"Mənə qətiyyən vəkillik eləmədi"

B.Süleymanov isə deyir ki, ona təyin edilmiş müdafiəçi ondan çox istintaqçıların vəkili rolunda çıxış edirdi: "Mənə qətiyyən vəkillik eləmədi. Deyirdi ki, istintaqçılar necə istəyir, elə də elə, sənədləri imzala. Mənim səhhətimdə ciddi problemlər var deyə, məni döymürdülər, amma psixoloji təzyiqlər var idi. Vəkil bunu görürdü, heç nə demirdi. Məhkəmədə həbs qərarı veriləndə bir kəlmə də danışmadı...".

Dövlət hesabına təyin edilən vəkillərin bir çox hallarda keyfiyyətinin yüksək olmamasını onlara ödənilən vəsaitin azlığı ilə əlaqələndirənlər də var. Hazırda dövlət hesabına hüquqi yardıma görə vəkilə xidmət haqqı hər iş saatı 6 manatdan hesablanmaqla ödənilir. 2018-ci ilin mayına qədər isə məbləğ hər saat üçün 2 manat idi.

A.Bağırov
A.Bağırov

"Vəkillər var ki, can yandırır"

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirib ki, dəyişən iqtisadi vəziyyətlə əlaqədar yenidən artıma ehtiyac var: "2018-ci illə müqayisədə minimum əməkhaqqı artırılıb. İqtisadiyyat daim dəyişir, xərclər artır. Bu müddətdə qiymət dəyişiklikləri vəkillərin də xərclərinə təsir göstərib. Məhkəmə işlərinin mürəkkəbliyi, vəkillərin sərf etdiyi vaxt və xərcləri - nəqliyyat, rabitə, kargüzarlıq - nəzərə alsaq, bu artımın olması yerinə düşər".

Vəkillər Kollegiyasının sədri 50 faiz artımı məqsədəuyğun sayır. Onun sözlərinə görə, pulsuz hüquqi yardıma görə vəkilə ödənilən qonorarın artırılması üçün hazırda aidiyyəti dövlət qurumları ilə Vəkillər Kollegiyası arasında iş gedir.

A.Bağırov dövlət hesabına hüquqi yardımın keyfiyyətinin aşağı olması haqda iddialarla da razılaşmır. Deyir ki, bu, şəxsin özünün fərdi yanaşmasına bağlı məsələdir: "Əksinə, hakimlər bizə deyir ki, son dövrlərdə dövlət hesabına vəkillər bəzən müqavilə bağlayıb işə çıxanlardan da yaxşı vəkillik edir. Bu, şəxsin özünün vicdanına, peşəkarlığına bağlı məsələdir. Vəkillər var ki, dövlət hesabına işə çıxır, can yandırır. Vəkil də ola bilər ki, şəxsin yaxınlarıyla müqavilə bağlayıb, pul alıb, amma məsuliyyətsiz yanaşır".

90 faiz keyfiyyətsiz hüquqi yardım

Hüquqşünas Samirə Ağayeva Azərbaycanda dövlət hesabına hüquqi yardımın 90 faiz hallarda keyfiyyətsiz olduğunu düşünür. Onun sözlərinə görə, özəlliklə siyasi işlərin monitorinqi belə deməyə əsas verir. Hüquqşünas deyir ki, adətən, istintaqın ilkin mərhələsində belə vəkillərin xidmətindən istifadə olunur:

S.Ağayeva
S.Ağayeva

"Şəxsə özünün etibar etdiyi vəkilin yanında işgəncə verib, ondan etiraf ifadəsi almaq olmur. Dövlət hesabına vəkillər isə buna göz yumur. Ona görə də istintaqçılar ilkin mərhələdə sənədləşmələri başa çatdırandan sonra şəxsə imkan yaradırlar ki, özü istədiyi vəkil prosesə qoşulsun. İlkin mərhələdə isə qoymurlar".

S.Ağayeva xatırladıb ki, əksər hallarda dövlət hesabına vəkillər müdafiə etdikləri şəxs haqqında məhkəmə qərarlarından apellyasiya şikayəti vermirlər. Hüquqşünas bunu həm də onlara ödənilən qonorarın azlığıyla əlaqələndirir. Deyir ki, bu halda vəkil daha çox əziyyət çəkib vaxt sərf etməkdə maraqlı olmur: "6 manat çox cüzi məbləğdir. Peşəkar vəkil dövlət hesabına müdafiəçi təyin olunanda bu məbləğ qarşılığında öz bacarığını göstərməkdə maraqlı olmur, işə barmaqarası yanaşır. Vəkillik çətindir, stresslidir, vaxt aparandır. Söhbət gerçək vəkillikdən gedir".

Vəkillər Kollegiyasından AzadlıqRadiosuna verilən məlumata görə, 2020-ci ildə 21 min 913 nəfərə dövlət hesabına vəkil təyin edilib. Bu təyinatlar üzrə işə çıxan vəkillərə ümumilikdə 2 milyon 664 min 167 manat vəsait ödənilib.

XS
SM
MD
LG