Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:39

Rusiyada 5 mindən çox etirazçı saxlanıb


Sankt Peterburqda etiraz
Sankt Peterburqda etiraz

Birləşmiş Ştatlar, Avropa Birliyi və insan haqları qurumları Rusiya polisinin zorakılığını pisləyiblər

Rusiya polisi müxalifətçi Aleksey Navalnıya azadlıq tələb edən dinc etirazçılara qarşı dəyənək və elektroşokerlərdən istifadə edib.

Yanvarın 31-də Navalnı və komandasının ölkə boyunca təşkil etdiyi icazəsiz aksiyalarda 5 mindən çox etirazçı saxlanıb.

Rusiya Prezidenti Vladimir Putin “müxalifətin icazəsiz yürüşlərində iştirakının bədəlini artırır, döyülmə, cərimə, qısamüddətli həbslərlə potensial etirazçıları qorxutmağa çalışır”, – Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı Aleksandr Qabuyev nümayişlərdən sonra postunda yazıb.

Artıq ikinci həftəsonudur onminlərlə vətəndaş şaxtalı havaya, həbs ehtimalına baxmayaraq Navalnını müdafiə etməyə çıxır, Rusiya prezidenti və hökumətindən narazılıq bildirir.

Rusiya polisinin etirazçılarla sərt davranışı isə ötən il Belarusda Alyaksandr Lukaşenkanın istefasını tələb edənlərlə polisin qəddar rəftarını yada salıb.

Birləşmiş Ştatlar, Avropa Birliyi və insan haqları qurumları Rusiya polisinin zorakılığını pisləyiblər. Navalnı isə Telegram-da tərəfdarlarını polisə toxunmamaq, “provokatorlara uymamaq”la bağlı xəbərdarlıq edib.

20 il ərzində ən böyük etiraz fenomeni

Dünən axşamadək Moskvada 5 min 21 etirazçının saxlandığı bildirilir. Məlumatı “OVD-Info” müstəqil monitorinq mərkəzi yayıb. Bu, ötən həftəsonu saxlananların sayından çoxdur. Təkcə Moskvada 1600-dən çox saxlanan olub.

Navalnı tərəfdarlarının 31 yanvar aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

“Amnesty International” təşkilatının məlumatına görə, Moskvada polis saxlananlar deportasiya mərkəzlərinə aparır, çünki təcridxanalarda “yer yoxdur”.

31 yanvar aksiyasını bəziləri Putin 1999-cu ildə hakimiyyətə gələndən hökumətə qarşı ən böyük etiraz dalğası hesab edirlər.

“Bu, Putinin bütöv prezidentlik dövründə, 20 il ərzində ən böyük etiraz fenomenidir. Miqyasını dəyərləndirmək çətin olacaq, ancaq coğrafiyasına, şəhərlərin sayına görə misli görünməyib. Biz qorxmayan, fərqli etirazçı nəsli görürük”, – siyasi təhlilçi Kiril Roqov “Exo Moskvı” radiosuna deyib.

Moskvada nümayişə çıxanların sayı son illərlə müqayisədə kiçik olsa da, regionlarda etirazlarda iştirak daha böyük olub.

Təhlilçilərin fikrincə, etirazların ölkə boyunca yayılması bu ilin sonuna planlaşdırılan parlament seçkiləri öncəsi hökumətdən narazılığın artdığını göstərir.

Nümayişlər zamanı onlarla jurnalist də həbs olunub. Sankt Peterburqda azı 8 reportyorun saxlandığı bildirilir.


Reaksiyalar

Avropa Birliyinin Xarici siyasət rəhbəri Jozep Borrel, ABŞ Dövlət Entoni Blinken dinc nümayişçilərin, jurnalistlərin saxlanmasını pisləyiblər. “Biz Rusiyanı Aleksey Navalnı daxil olmaqla insan haqlarından istifadəyə görə saxlananları buraxmağa çağırırıq”, – Blinken tvitində yazıb.

Rusiyanın Xarici İşlər Nazirliyi isə Birləşmiş Ştatları Rusiyanın işlərinə “kobud müdaxilə”də ittiham edib, Vaşinqtonu Moskvanın qanunsuz hesab etdiyi yürüşlərə çağırışların təbliğində suçlayıb.

Ötən həftəsonu etirazlarına yüzminlərlə insan çıxmışdı. Polis 4 minədək etirazçını saxlayıb.

Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. O, avqustda Sibirdə zəhərlənəndən sonra Berlində müalicə alırdı. Müxalifətçi özünə sui-qəsdin arxasında birbaşa Putinin dayandığını deyir, Kreml isə iddianı rədd edir.

Fevralın 2-də isə məhkəmə müxalifətçinin mənimsəmə ittihamı üzrə 3 il yarımlıq şərti cəzasını real cəzayla əvəzləmək məsələsinə baxacaq. Bu ittiham qurama və siyasi motivli hesab olunur.

Prokurorluq onun Almaniyada müalicə olunarkən şərti cəzanın şərtlərini pozduğunu bildirir.

XS
SM
MD
LG