Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:20

İranlı dissidentlərin Türkiyədə günü qaradır – Qərb mediası


Türkiyə Prezidenti Recep Tayyip Erdoğan (solda) iranlı həmkarı Həsən Ruhani ilə
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan (solda) iranlı həmkarı Həsən Ruhani ilə

Tənqidçilər Türkiyənin səudiyyəli dissident Camal Xaşoqinin İstanbuldakı konsulluqda öldürülməsinə və iranlı dissidentlərə təhdidlərə fərqli yanaşdığını deyirlər

Türkiyədə sığınacaq almaq istəyən dissidentlər Tehranla Ankaranın yeni dostluğunun qurbanına çevrilirlər. “Foreign Policy” dərgisində Ançal Vohra bu iki ölkənin tarixən Yaxın Şərqdə nüfuz savaşı apardığını yazır. İran və Türkiyə Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləyirdilər.

Ancaq son vaxtlar taktiki müttəfiqlərə çevrilən Tehranla Ankara siyasi ziddiyyətlərini kənara qoyaraq ABŞ-ın regiona müdaxiləsini məhdudlaşdırmağa çalışırlar.

Qadın agentlər

Adətən Türkiyədə sığınacaq tapmış iranlı dissidentlərdən ötrü bu yaxınlaşma təhdid yaradır. “Türkiyə-İran münasibətləri yaxşılaşdıqsa Türkiyədə iranlı insan haqları fəallarının oğurlanması, deportasiyası, qətli artıb”, – müəllif yazır.

Eiza Bazyar minlərlə iranlı dissidentdən biridir, ölkəsində edam olunmaq təhlükəsi var, amma artıq Türkiyədə də özünü təhlükəsiz hiss etmir. O, 2013-cü ildə İran hökumətinin İraqla sərhədi minalarda təmizləmə bilmədiyini ifşa edəndən sonra saxlanıb. Hakim onu sonradan zaminə buraxıb. “O mənə məsləhət gördü ki, İrandan çıxım və heç qayıtmayım”, – Bayzar Türkiyənin Manisa şəhərindən telefonla müəllifə danışıb.

Onun sözlərinə görə, ötən ilin iyununda iranlı agentlər tərəfindən təhdid olunub. Bir neçə ay sonra isə başqa bir tanınmış iranlı dissident Həbib Çaab Türkiyədə oğurlanaraq İrana aparılıb. Hər iki halda agentlər qadınlar olublar. Məqalədə onlarla iranlının Türkiyəyə deportasiya olunduğu, azı üç iranlı dissidentin Türkiyədə qətlə yetirildiyi bildirilir.

“Alver predmeti”

Tənqidçilər Türkiyənin səudiyyəli dissident Camal Xaşoqinin İstanbuldakı konsulluqda öldürülməsinə və iranlı dissidentlərə təhdidlərə fərqli yanaşdığını deyirlər. “Türkiyənin insan haqları pozuntularına qəzəbli yanaşması özünün strategiyasına və siyasi rahatlığına uyğunlaşdırılır”, – müəllif yazır.

Türkiyə parlamentinin keçmiş üzvü Aykan Erdemirin fikrincə, iranlı dissidentlər münasibətlərdə sadəcə, “alver predmeti”dirlər. Bir tərəfdən, Ankara iranlı dissidentlərin siyasi fəaliyyətini məhdudlaşdırmaqla müxtəlif güzəştlər qoparır. “Digər tərəfdən, Ankara Tehrana təzyiq göstərmək istəyəndə iranlı diplomatların, agentlərin rolunu ifşa etməklə İslam Respublikasını utandırır”, – o deyib.

Həm İran, həm də Türkiyə insan haqlarının vəziyyətinə görə beynəlxalq qurumların hesabatlarında tənqid olunurlar. “Freedom House” təşkilatının ötən həftə açıqladığı hesabatda deyilirdi ki, İran, Türkiyə rejimləri xaricdəki vətəndaşlarını hədəfə alan ölkələrdir. Hesabatda İran rejiminin üç ölkədə beş sui-qəsd, yaxud buna cəhdin arxasında durduğu vurğulanırdı.

XS
SM
MD
LG