Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:34

“Avropa Komissiyası dərman şirkətlərinə necə boyun əyə bilər axı?”


Ursula von der Leyen
Ursula von der Leyen

Von der Leyen deyib ki, vaksini kollektiv sifariş etmək “düzgün hərəkət” idi

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Birliyinin 447 milyon vətəndaşı üçün vaksini sürətlə əldə etmək strategiyasında səhvləri etiraf edir. Birliyin deputatları isə blokda vaksinasiya prosesinin başlanmasıyla bağlı tənqidlər səsləndirir.

“Biz hələ də istədiyimizə çatmamışıq. Təsdiqləmə prosesində gecikdik. Kütləvi istehsala çox nikbin yanaşdıq, həm də çox əmin idik ki, sifariş etdiyimiz vaxtında çatıdırılacaq”, – von der Leyen fevralın 10-da Avropa Parlamentində deyib.

Vahid vaksin planını müdafiə edib

Amma almaniyalı siyasətçi pandemiyaya birliyin 27 üzvü üçün vahid vaksin planı ilə qalib gəlmək yanaşmasını müdafiə edib.

Avropa Birliyində koronavirusdan 500 mindən çox ölən olub. Komissiya vaksin sxeminə uyğun olaraq çatdırılmanın ləng getməsinə görə tənqid olunur. Bu plan AB üzvləri adından vaksin alışını razılaşdırmaq imkanı yaradır.

Vaksin istehsalçıları tərəfindən isə təchizatda yubanma yaranıb.

Parlamentin 10 fevral sessiyasında danimarkalı deputat Piter Kofod gileylənib ki, Britaniya, Birləşmiş Ştatlar və İsrail vaksinasiya kampaniyasında xeyli irəliləsə də, AB hələ də yerində sayır.

“Avropa Komissiyası dərman şirkətlərinə necə boyun əyə bilər axı?” – sol qanadı təmsil edən fransalı deputat Manon Obri von der Leyendən soruşub.

“Sağlam bədənə bioloji aktiv maddə vuranda...”

Komissiya sədri isə vaksinlərə AB ərazisində təcili istifadəyə deyil, şərti bazar icazəsi verilməsini müdafiə edib. Onun sözlərinə görə, proses üçün tələb olunan 3-4 həftəlik əlavə vaxt “inam və təhlükəsizlik yaratmağın əsas sərmayəsi” idi.

“Sağlam bədənə bioloji aktiv maddə vuranda kompromisə yer qalmır”, – o deyib.

Avropa Parlamentindəki üç əsas partiya onun bütün üzv ölkələrlə birlikdə irəliləməklə bağlı yanaşmasını dəstəkləyib.

Von der Leyen deyib ki, vaksini kollektiv sifariş etmək “düzgün hərəkət” idi.

“Təsəvvürümə gətirmirəm ki, bir neçə böyük oyunçu bunun üstünə cumur və digərləri əliboş qayıdır. İqtisadi şərtlər altında bu nonsensdir və məncə, bu, cəmiyyətimizin sonu olardı”, – o vurğulayıb.

Dünyada koronavirusa 107 milyona yaxın insan yoluxub. 2 milyon 300 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG