Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:38

Niyaməddin Əhmədov: 'Əvvəl məni Xətai polisində döydülər'


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədov hakim qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Martın 3-də məhkəmədə Əhmədovun vəkili Zibeydə Sadıqova onun haqqındakı cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, istintaq zamanı müvəkkilinə qarşı irəli sürülmüş terroru maliyyələşdirmə ittihamı sübuta yetirilməyib. Bu ittihamla bağlı ortaya mötəbər sübut-dəlil qoyulmayıb.

Müdafiəçinin sözlərinə görə, Əhmədov da həbs-qətimkan tədbiri ilə bağlı bundan əvvəlki məhkəmə iclaslarında daim təqsirsiz olduğunu, Əli Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırıldığını bildirib. O vurğulayıb ki, AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş digər şəxslər (Səid Məmmədzadə, Ruslan Əmirov) də cinayət məsuliyyətinə cəlb edilib.

"4-5 nəfər mülkigeyimli gəlib məndən yapışdı"

Vəkilin daha bir vəsatəti isə məhkəmənin hökmü çıxarılana qədər Əhmədovun ev dustaqlığına buraxılması haqda olub: "Əgər cinayət işinə xitam verilməsə, heç olmasa, həbs-qətimkan tədbiri dəyişdirilsin. Niyaməddin Əhmədovun həbsdə saxlanması üçün müstəntiqin gətirdiyi, məhkəmələrin də qəbul etdiyi əsaslar artıq ortadan qalxıb".

Vəkil Sadıqova müvəkkilinin həbsdə saxlandığı 1 ilə yaxın müddətdə ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun pozulduğunu da əlavə edib.

Vəkilinin vəsatətlərinə münasibət bildirən AXCP fəalı deyib ki, onun haqqında bu cinayət işi başlanmamışdan əvvəl karantin rejimi qaydalarını pozma ittihamı ilə 1 aylıq inzibati həbs olunub: "Həmin gün SMS-icazə də götürmüşdüm. Zibili atanda gördüm ki, 4-5 nəfər mülkigeyimli gəlib məndən yapışdı. Özlərini təqdim eləmədilər. Məni Xətai rayon Polis İdarəsinə aparıb, orada o qədər döydülər ki... Birinci dəfə orada döyüldüm...".

Hakim onun sözünü kəsərək ifadə verəndə geniş danışmaq imkanı yaradılacağını bildirib.

Vəkilin vəsatətlərinin heç biri təmin olunmayıb. İş üzrə məhkəmə baxışı martın 10-na təyin edilib.

Xatırlatma

Niyaməddin Əhmədov CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1 (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələri ilə ittiham olunur.

Cinayət işində iddia olunur ki, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin ifadələr səsləndirən Qabil Məmmədov Azərbaycanda terror məqsədilə internet üzərindən açıq çağırışlar edib. Eyni niyyətlə Əhmədova da pul göndərib.

Əhmədov isə bu ittihamı qəbul etmir, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında Əli Kərimlini sonadək tək buraxmadığına görə cəzalandırıldığını deyir. O bildirib ki, Tovuz rayonunun Qazqulu kəndində Qabil Məmmədovla qonşu olublar, münasibətləri vardı. 2017-ci ildə Məmmədov ondan borc alıb, qaytarmayıb. Bir neçə dəfə onunla əlaqə saxlayaraq pulunu geri istəyib. Verdiyi borcdan da bir hissəsini alıb.

Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona karantin rejimi qaydalarını pozma ittihamı ilə 1 ay inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün barəsində cinayət işi başlanıb. Onun ittiham olunduğu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG