Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:44

YAP qurultayında olanlar, olmayanlar...


Prezident İ.Əliyev YAP-ın qurultayında. 5 mart 2021
Prezident İ.Əliyev YAP-ın qurultayında. 5 mart 2021

Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilib. Qurultayda bəzi struktur dəyişiklikləri barədə qərar qəbul olunub. İclasda Prezident İlham Əliyev yenidən partiyanın sədri seçilib.

Həmçinin, yeni İdarə Heyətinin formalaşması barədə qərar qəbul olunub. Bu strukturda say 20 nəfərdən 40 nəfərə qaldırılıb. Bundan başqa, partiyanın Siyasi Şurası ləğv olunub.

Müavinlər...

Partiyadan verilən məlumata görə, yeni nizamnaməyə uyğun olaraq, sədrin əmri ilə Mehriban Əliyeva (Birinci vitse-prezident, prezidentin xanımı-red.) partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

VI qurultaya qədər partiyanın sədr müavinləri Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadə olub.

Başqa gedənlər...

Diqqət çəkən məqam hakim partiyada təmsil olunan keçmiş məmurların çoxunun İdarə Heyətindən çıxarılması olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov, Baş nazirin keçmiş müavini Əli Həsənov və Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov yeni İdarə Heyətində yer almayıb. Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev isə ləğv edilən Siyasi Şuradan Ağsaqqallar Şurasına keçirilib. Deputat Siyavuş Novruzovun adı da yeni İdarə Heyətinin tərkibində yoxdur.

E.İbrahimov
E.İbrahimov

YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov "Turan" agentliyinə bildirib ki, aparılan struktur dəyişiklikləri partiya üçün çox vacib idi:

"Mən bu dəyişiklikləri çox yüksək qiymətləndirirəm".

"Bununla da partiyanın yeniləşməsinə şərait yaradılacaq"

E.İbrahimov qeyd edib ki, bu, partiya həyatında bir yenilikdir:

"Partiya daim yenilənir, strukturların formalaşdırılması, İdarə Heyətinin 40 nəfər olması, 35 nəfərdən ibarət Veteranlar Şurasının və 13 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının yaradılması sözsüz ki, çox lazımlı bir addımdır. Bunlar çox vacib qurumlardır. Bu da qərar qəbul olunarkən nəzərə alınıb. Bununla da partiyanın yeniləşməsinə, partiya içində daha da böyük inkişaflara nail olmağa şərait yaradılacaq".

Partiyanin yeni İdarə Heyətində yer almayan simalarından bu qərara, hələlik, münasibət almaq mümkün olmayıb. Bircə R.Mehdiyev qurultaydan sonra jurnalistlərə qeyd edib ki, Ağsaqqallar Şurasına "çox möhtəşəm, çox tanınmış, böyük hörmətə layiq insanlar seçilib".

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, YAP-da dəyişikliklər çoxdan olmalı idi:

"Çünki partiya cəmiyyətdə, demək olar ki, heç bir funksiyasını və rolunu həyata keçirə bilmir".

"Parlament seçkilərinin keçirilməsi gözləniləndir"

Lakin B.Hacıyevin fikrincə, bu gün, martın 5-də keçirilən qurultayın məqsədi təqdim olunan kimi deyil:

B.Hacıyev
B.Hacıyev

"Qurultayın məqsədi YAP-da real islahatların aparılması, onun hakim partiya kimi cəmiyyətdə nüfuzunun qaldırılması yox, fikrimcə, məhz Siyasi Şuradan və İdarə Heyətindən bəzi şəxslərin çıxarılması ilə bağlıdır. Düşünürəm ki, bunu ona görə ediblər ki, həmin şəxslərin əlində olan müxtəlif resursları neytrallaşdırsınlar. O cümlədən də siyasi partiyalara olan çıxışları məhdudlaşdırılsın, eyni zamanda da, hakim partiyanın özünün resurslarına olan çıxışları bağlansın".

O, hətta hesab edir ki, yaxın gələcəkdə Siyasi Şuradan çıxarılan şəxslərlə bağlı hansısa tədbirlər də görülə bilər. B.Hacıyev bu istiqamətdə cinayət işlərinin açılmasını da istisna etmir. O, hətta hakim partiyada edilən dəyişikliklərdən sonra yeni parlament seçkilərinin keçirilməsini də mümkün sayır. Baxmayaraq ki, ölkədə növbədənkənar parlament seçkiləri cəmi bir il əvvəl keçirilib:

"Parlament seçkilərinin keçirilməsi gözləniləndir. Amma mən fikirləşirəm ki, bunu da hakimiyyət elə bir məqamda edəcək ki, bu gün YAP-ın Siyasi Şurasından çıxarılan şəxslərin ən azından tam olaraq zərərsizləşdirildiyinə əmin olsunlar".

Etibar Məmmədov: 'YAP o qədər şişib ki...'
Gözlə

No media source currently available

0:00 0:25:51 0:00

"Onlar bunu tam olaraq bacarmadılar"

Lakin onun fikrincə, bu, yaxın gələcəkdə görünmür:

"Sonuncu erkən parlament seçkilərinin keçirilməsində əslində hakimiyyətin məqsədi parlamenti tam olaraq yeni komandanın nəzarətinə salmaq idi. Lakin onlar bunu tam olaraq bacarmadılar. Çünki bəzi hallarda rayonlarda icra hakimiyyətləri səviyyəsində bu prosesdə özlərinin arzu etmədikləri nəticələrlə üzləşdilər. Ona görə də yeni parlament seçkiləri köhnə komandaya məxsus şəxslərin tam olaraq neytrallaşdırılmasından sonra keçirilə bilər".

Xatırlatma

YAP-ın sonuncu- VI qurultayı 2018-ci ilin fevralında növbədənkənar prezident seçkiləri ərəfəsində keçirilmişdi.

YAP 1992-ci ildə yaradılıb. Onun ilk sədri Heydər Əliyev bir il sonra Azərbaycanda hakimiyyət başına gəlib. Amma bu partiyanın I qurultayı ondan düz 6 il sonra - 1999-cu ilin dekabrında keçirilmişdi.

XS
SM
MD
LG