Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:44

'Əli Kərimli əleyhinə ifadədən ötrü elə vururdular...'


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ağır işgəncələrə məruz qaldığını deyir. Onun sözlərinə görə, tələb də bu olub ki, Almaniyada yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına sərt ifadələr, bəzən hətta təhqirlər səsləndirən Qabil Məmmədovun göndərdiyi pulu götürüb Kərimliyə çatdırması haqda ifadə versin.

Əhmədov bu barədə martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb. Bu məhkəmədə onun mühakiməsi başlayıb. 2020-ci il aprelin 15-dən həbsdə olan Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) ittihamı irəli sürülüb. İddia olunur ki, Qabil Məmmədov Azərbaycanda terror aktları törətmək istəyib. Bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.

"Bu dəfə 10 gün saxladılar"

Məhkəmədə ifadə verən AXCP fəalı bildirib ki, ittihamda yazılanlar yalandır. Barəsində terroru maliyyələşdirmə ittihamı ilə cinayət işi başlanmamışdan öncə karantin rejimini pozma iddiası ilə 1 aylıq inzibati həbs olunduğunu deyən Əhmədovun sözlərinə görə, o müddətdə onu iki dəfə inzibati həbs yerindən çıxarıb DTX-ya aparıblar: "Birinci dəfə başıma torba keçirib, bir günlük apardılar, işgəncə verdilər, təcridxanaya qaytardılar. Təcridxanaya qayıdanda məni təkadamlıq kamerada saxladılar. Bir gün sonra yenə apardılar, bu dəfə 10 gün saxladılar. Yenə də eyni şeylər... Qaytaranda da başıma torba keçirirdilər. 1 aylıq həbs müddəti tamam olan gün axşam saat 10-a qalmış çıxmalıydım, gündüz saat 4-də iki nəfər mülki geyimli gəlib məni maşına mindirib apardı...".

Əhmədovun sözlərinə görə, bu müddətdə ona terrorla bağlı ittiham haqda heç nə deyilməyib, yalnız partiya sədrinin əleyhinə ifadə vermək tələb olunub. O isə Kərimliyə nə pul verdiyini, nə də ondan pul aldığını söyləyib.

"Ağrıdan ürəyim gedirdi"

AXCP fəalı deyir ki, onu DTX-da rezin kameraya salıb, ayaqlarının altına dəyənəklə saatlarla vurublar: "Yerə uzadıb, ayaqlarımı dizdən yuxarı qatladılar. Ayaqlarımın altına dubinka ilə vururdular. Hər dəfə 30-40 dəfə vururdular, vəziyyətim pisləşəndə dayanırdılar. Bir az özümə gələn kimi təkrarlanırdı. Məhkəmə zalında olanlardan üzr istəyirəm, məni arxası üstə yerə uzatdılar, kişi xeylağına xüsusi ağrı verən hərəkət elədilər. Elə vurdular ki, ağrıdan ürəyim gedirdi. Halım dəyişdi, dayandırdılar. Bununla da kifayətlənmədilər. Qurşaqdan aşağı soyundurdular, ən alçaq şeyləri tətbiq eləyib videoya çəkməklə hədələdilər. Dedim ki, mənim üçün alçalmaq yalan danışıb kiminsə üzünə durmaq olar. Eləmədilər...".

AXCP fəalı bildirib ki, mayın 15-də inzibati həbsdən buraxıldığı gün onu Baş Prokurorluğun İstintaq İdarəsinə gətiriblər. Yalnız həmin gün ona terror maddəsi ilə ittiham hazırlanması haqda məlumat verilib.

Əhmədovun sözlərinə görə, onu seçim qarşısında qoyublar: ya Kərimlinin əleyhinə ifadəyə imza atıb, ona deyilən mətni video qarşısında səsləndirib evinə çıxıb gedir, yaxşı şərtlərlə yaşayışla təmin edilir, ya da 10 ildən 14 ilə qədər həbs nəzərdə tutulan maddə ilə ittiham irəli sürülür: "Konspektdəkiləri kamera qarşısında danışmaq məsələlərini (müstəntiq və idarənin rəis müavini) Orxan Babayev deyirdi. Razılaşmadım. Öz əxlaqlarına uyğun sözlər danışıb dedilər ki, deyəsən, sən hələ də ağıllanmamısan. Müstəntiq Ramiq Babayevin otağına gətirdilər, orada 214-1 maddəsini göstərib dedi ki, cavanlığın məhv olacaq. Cavab verdim ki, eybi yox, ləyaqətsiz yaşamaqdansa, ləyaqətimi qoruyub həbsdə olmağı seçirəm".

Apreldəki şikayətə dekabrda cavab gəlib

Hakim Siyavuş Hacıyev işgəncələrlə əlaqədar dövlət orqanlarına şikayət edib-etmədiyini soruşub. Vəkil Zibeydə Sadıqova bildirib ki, inzibati həbs olunduğu gün Xətai rayonu, 34-cü polis bölməsində döyülməsindən tutmuş, sonra baş verən hər bir işgəncə halına qədər hamısı haqda prokurorluğa şikayətlər göndərilib. Lakin cavab ala bilməyiblər.

İstintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən məlum olub ki, apreldə inzibati həbs olunduğu gün döyülmə ilə bağlı göndərilmiş şikayətə dekabrın 23-də Xətai rayon Prokurorluğu cavab göndərib. Cavab məktubunda yazılıb ki, Əhmədov inzibati həbs olunanların saxlandığı təcridxanaya gətiriləndə onun bədənində xəsarət qeydə alınmayıb. Həmçinin onun 34-cü polis bölməsinə aparılmasına dair məlumat aşkarlanmayıb.

Məhkəmə prosesi martın 19-da davam edəcək.

Xatırlatma

Niyaməddin Əhmədov CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1 (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələri ilə ittiham olunur.

Əhmədov isə ittihamları qəbul etmir, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında Əli Kərimlini sonadək tək buraxmadığına görə cəzalandırıldığını deyir. O bildirib ki, Tovuz rayonunun Qazqulu kəndində Qabil Məmmədovla qonşu olublar, münasibətləri vardı. 2017-ci ildə Məmmədov ölkəni tərk etməmişdən əvvəl ona və kənddə bir neçə başqa qonşuya borclu olub. Bu üzdən bir neçə dəfə onunla əlaqə saxlayaraq pulunu geri istəyib. Verdiyi borcdan da bir hissəsini alıb.

XS
SM
MD
LG