Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:01

Azərbaycan 2030-cu ildə necə olacaq?


Bakı
Bakı

"Azərbaycanda 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı proqram ötən ay təsdiqlənib. Prezident sərəncamıyla təsdiqlənən həmin sənəddə qarşıdakı 10 il boyunca ölkənin sosial-iqtisadi inkişafında bu 5 öncəliyin gerçəkləşdirilməsi hədəflənib:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi

Qeyd etmək lazımdır ki, bu sənəd Azərbaycan hökumətinin qarşıdakı dövr üçün hazırladığı ilk strateji sənəd deyil. Daha öncə - 2012-ci ildə hökumət "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasını ictimaiyyətə açıqlamışdı. Sənədin əhatə etdiyi müddət ötən il sona çatdı, ancaq hökumətdə bu sənədin icrası və nəticələri ilə bağlı müzakirələr elə də nəzərə çarpmadı.

"Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası adlı sənəddə bir çox istiqaməti əhatə edən fəaliyyətlər nəzərdə tutulsa da, sənəd çərçivəsində müəyyənləşdirilən əsas hədəflər "Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər" adlı bölmədə qeyd edilib. Burada diqqət çəkən məqam hökumətin 2020-ci il üçün hədəfləsə də, çatmadığı konkret rəqəmlərin müəyyənləşdirilməsidir. Bəs hökumət inkişaf konsepsiyasında müəyyən edilən hədəflərinə çata bildimi?

ÜDM nəzərdə tutulandan 3 dəfə az oldu

Sənəddə deyilir ki, "Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13 min ABŞ dollarına çatacaqdır". Ancaq Statistika Komitəsinin məlumatlarından aydın olur ki, ötən il ölkədə əhalinin hər nəfərinə düşən ÜDM 7 min 262 manat 80 qəpiyə, yəni, təxminən 4 min 271 dollara bərabər olub . Bu, konsepsiyada nəzərdə tutulan həddən, az qala, 3 dəfə azdır. Unutmayaq ki, rəqəmin planlanandan az olmasına 2020-ci ildəki pandemiya və iqtisadi böhran ciddi təsir göstərməyib, çünki öncəki illərdə də bənzər nəticələr qeydə alınıb. Məsələn, 2019-cu ildə adambaşına düşən ÜDM 4 min 851 dollara bərabər olmuşdu.

Neftdənkənar sektorda adambaşına ixrac hədəf rəqəmdən 5 dəfə az olub

İnkişaf konsepsiyasında neft-qaz məhsullarının ixracından asılılığın azaldılması və qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması da qeyd edilib. Amma 2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı 1.85 milyard dollara, adambaşına düşən qeyri-neft ixracı isə təxminən 185 dollara bərabərdir. Bu göstərici 2019-cu ildə də 200 dollardan az, yəni, konsepsiyada hədəflənən göstəricidən 5 dəfə aşağı olmuşdu.

Təbii resursların ixracının azaldılması ilə bağlı hədəfə gəlincə, Dövlət Gömrük Komitəsinin statistik məlumatlarından aydın olur ki, 2013-ci ildə Azərbaycanın ixracının toplam 92.4 faizi neft-qaz məhsullarından ibarət idisə, bu göstərici 2020-ci ildə 86.5 faizə bərabər olub. Yəni, bu istiqamət üzrə də ciddi irəliləyiş əldə edilməyib.

Öhdəliyə əməl edilsə, minimum əməkhaqqı 420 manat olmalıydı

Sənəddə daha bir diqqət çəkən hədəf - minimum əməkhaqqının 2020-ci ildə orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması olub. Ötən ilin yekunlarına görə, Azərbaycanda orta aylıq əməkhaqqı 704.5 manata bərabər olub . Ölkədə minimum əməkhaqqının 250 manat olduğunu nəzərə aldıqda, aydın olur ki, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti cəmi 35 faizdir, yəni, hökumətin hədəfindən təxminən 2 dəfə az. Xatırladaq ki, Azərbaycan hələ 2004-cü ildə "Dəyişdirilmiş Avropa Sosial Xartiyası"na qoşularkən minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması ilə bağlı öhdəlik götürmüşdü. Di gəl, 17 il ötsə də, hökumət hələ bu öhdəliyini yerinə yetirə bilməyib. Əks halda, hazırkı göstəricilərlə ölkədə minimum əməkhaqqı 250 manat deyil, 420 manat olmalıydı.

ÜDM-in artım tempi üz güldürmür

Konsepsiyada hədəflənən daha bir istiqamət neftdənkənar sektordakı ÜDM-in artım tempi ilə bağlıdır: "Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur", –sənəddə belə yazılıb. Qeyri-neft sektorunda ÜDM-lə bağlı göstəricilərə baxınca görünür ki, 2013-cü ildə 10 faiz, 2014-cü ildə isə 7 faiz artım müşahidə edilsə də, sonrakı illərdə ən yüksək artım göstəricisi 4 faizi aşmayıb və hətta 2016 və 2020-ci illərdə azalma gözə çarpıb.

XS
SM
MD
LG