Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:22

Videobloqerə hücumun araşdırılmasını tələb edirlər


Məhəmməd Mirzəli
Məhəmməd Mirzəli

Mirzəlinin YouTube kanalının 265 min istifadəçisi var, Prezident İlham Əliyevə müxalif fikirləri, korrupsiya və digər məsələləri əhatələyir

Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hökumətini tənqid edən videobloqerin Fransada bıçaqlanmasını tam araşdırmağa çağırır.

“Made in Azerbaijan” YouTube kanalını işlədən Məhəmməd Mirzəli martın 14-də Fransada bir qrup şəxs tərəfindən döyülüb və bıçaqlanıb.

Nyu Yorkda yerləşən JMK martın 16-da bildirib ki, Mirzəli iki gün öncə Fransanın qərbindəki Nant şəhərində gəzərkən altı nəfər tərəfindən bıçaqlanıb. Azı 16 bıçaq yarası almış bloqer hazırda xəstəxanadadır.

Fransanın hakim orqanlarına çağırış

“Fransa hakimiyyəti mühacirətdə olan azərbaycanlı bloqer Məhəmməd Mirzəliyə bıçaq hücumunu sürətlə araşdırmalı, günahkarları və sifarişçiləri taparaq ədalət mühakiməsinə təqdim etməlidir”, – JMK-nın Avropa və Orta Asiya üzrə proqram koordinatoru Gülnoza Səid deyib.

“Fransa hakimiyyəti Mirzəli və mühacirətdə olan digər bloqer və jurnalistlərin həyatları üçün qorxu hissi keçirmədən ifadə azadlığından istifadə edə bilməsini təmin etməlidir”, – o, sözlərinə əlavə edib.

Mirzəlinin YouTube kanalının 265 min istifadəçisi var, Prezident İlham Əliyevə müxalif fikirləri, korrupsiya və digər məsələləri əhatələyir. O, siyasi fəallığına görə ölkəni 2016-cı ildə tərk edib.

Öncə də təhdidlər olub

JMK bu ilin əvvəlində anonim şəxsin Mirzəlini WhatsApp vasitəsilə şantaja məruz qoyduğunu, fəaliyyətini dayandırmazsa, bacısı ilə həyat yoldaşının intim fotolarını yaymaqla təhdid etdiyini bildirir. Mirzəli tələblərə əməl etməyincə fotolar yayılıb.

Oktyabrda isə silahlılar Nant şəhərində Mirzəliyə atəş açıblar.

2018-ci ilin oktyabrında Mirzəlinin atası və qaynı uyğun olaraq bir və altı günlüyə saxlanıblar. İddialara görə, polis onların Mirzəlinin hökumətlə bağlı tənqidi dayandırması üçün ona təzyiq göstərmələrini istəyib.

“Sərhədsiz Reportyorlar” təşkilatının 2020-ci il dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə içində 168-ci yerdədir.

Azərbaycan hakimiyyəti isə media, ifadə azadlığı ilə bağlı beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.

XS
SM
MD
LG