Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:52

Rusiyada veteranların təhqiri cinayət sayılacaq


Böyük Vətən Müharibəsi - II Dünya Müharibəsinin veteranlarından biri
Böyük Vətən Müharibəsi - II Dünya Müharibəsinin veteranlarından biri

Rusiya Dövlət Duması ölkənin cinayət və inzibati məcəllələrinə düzəliş barədə qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.

Məcəllələrə edilmiş dəyişikliklərə görə II Dünya Müharibəsinin veteranlarının təhqir edilməsi nasizmə haqq qazandırılmasına bərabər tutulur və belə hərəkətə yol verənləri 5 ilədək həbsxana cəzası gözləyə bilər.

Bu qanun layihəsinə 408 deputat səs verib, yalnız bir deputat bitərəf qalıb.

Yeni qanuna görə “veteranın şərəf və ləyaqətinin, o cümlədən internet və mətbuatda alçaldılmasına” görə hüquqi şəxsə 3 milyon rubldan 5 milyon rubladək (4,5 min – 6,7 min dollar) cərimə tətbiq oluna bilər.

Belə bir əməli fiziki şəxs törədərsə, ona 5 milyon rubl cərimə qoyulacaq.

II Dünya Müharibəsinin, vəfat edənlər də daxil, veteranları barədə bilərəkdən yanlış məlumatların yayılmasına görə 3 milyon rubl cərimə nəzərdə tutulur.

Bu cərimə üç il müddətində icbari əmək və ya eyni müddətdə həbsxana cəzası ilə əvəz edilə bilər.

Navalnıdan “ilhamlanan” qanun

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu qanun layihəsini deputat İrina Yarovaya müxalifətçi Aleksey Navalnının məhkəməsinin getdiyi bir vaxtda təqdim edib.

Navalnı Rusiya konstitusiyasına düzəlişlərin təbliğat videosunda çəkilmiş veterana böhtan atmaqda ittiham olunurdu.

Navalnı konkret ad çəkmədən bu videoçarxda çıxış edənləri “nökərlər”, “ölkəyə ləkə” və “satqın” adlandırmışdı.

Navalnıya bu ittiham üzrə cərimə kəsilib.

Belə qanun layihələri əvvəllər rədd edilib

AzadlıqRadiosu yazır ki, 2019-cu ilin məlumatına görə, o vaxt Rusiyada 75 min veteran hələ də həyatda idi.

Lakin müharibədə iştirak etməsə də, veteran sayılanlar daha çoxdur.

Söhbət ilk növbədə “arxa cəbhənin” veteranlarından və Sovet İttifaqının 1960-cı illərin sonlarınadək qatıldığı müharibələrin iştirakçılarından gedir.

2016-cı ildə veteranların şərəf və ləyaqətinin qorunmasını nəzərdə tutan qanun layihəsi Rusiya Kommunist Partiyası tərəfindən təqdim olunmuşdu.

2018-ci ildə buna bənzər təklifi Çeçenistan lideri Ramzan Kadırov vermişdi.

O vaxt hər iki təklif rədd edilmişdi.

XS
SM
MD
LG