Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Bayden administrasiyasına Qarabağ təklifi: SC3+2  – Qərb mediası


Prezident İlham Əliyev Şuşada, 20 mart, 2021-ci il
Prezident İlham Əliyev Şuşada, 20 mart, 2021-ci il

Müəllif ATƏT-in Minsk qrupunun fəaliyyətini dirçəltməyin vacibliyini, həmsədrlərdən biri olan ABŞ-ın səfir səviyyəsində çıxış etməli olduğunu yazır

ABŞ Prezidenti Co Baydenin vəzifədə 100 günü hələ tamam olmayıb, amma onun təhlükəsizlik və xarici siyasət komandası Yəməndən tutmuş Myanmaya qədər dünyanın bir sıra alovlu nöqtələrinə vaxt ayıra bilib. “Foreign Policy” dərgisində Daniel Baer Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə necə kömək edə biləcəyindən yazır.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Müəllif qeyd edir ki, Bayden administrasiyasının Ermənistanla Azərbaycanı davamlı sülhə təşviq etməsinin dörd yolu var. Birincisi, atəşkəsin icrası üçün təzyiq göstərməkdir. “Tərəflərin Rusiya Prezidenti Vladimir Putinin iştirakıyla imzaladığı 9 noyabr sazişi ideal deyil. Ancaq yaxın perspektivdə atəşkəsin saxlanmasına alternativ yoxdur”, – yazan müəllif Vaşinqtonun həm də ATƏT komandasının fəaliyyətini dəstəkləməli olduğunu vurğulayır.

Humanitar fəaliyyət, regional inkişaf strategiyası

İkinci məsələ humanitar və yenidən məskunlaşma fəaliyyətini dəstəkləməkdən ibarətdir. Məqalədə deyilir ki, bu işə rəhbərlikdə Rusiya və Türkiyəyə bel bağlamaq olmaz, yerli inamyaratma tədbirlərini həyata keçirə biləcək QHT-lər və beynəlxalq qurumlara dəstək verilməlidir.

Üçüncü faktor regionu əhatələyən iqtisadi inkişaf strategiyası yürütməkdir. İnfrastrukturun inkişafına beynəlxalq sərmayə cəlb oluna, bu isə Ermənistanın, Azərbaycanın, eləcə də qonşu Gürcüstanın iqtisadiyyatını gücləndirər.

“ABŞ-ın Maliyyə naziri Canet Yellen gələn həftə beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarında yüksək səviyyəli danışıqlarda bu regionu gündəmə gətirməlidir. Vaşinqton isə Avropa Birliyi və Cənubi Qafqazın üç hökuməti ilə işləyərək regional inkişafın çərçivəsini hazırlamalıdır. Obama administrasiyasının yaratdığı və Tramp administrasiyasının davam etdirdiyi C5+1 modeli Orta Asiyada regional məsələlər üzrə əməkdaşlığı nəzərdə tutur. Bu, yeni SC3+2 çərçivəsi üçün model ola bilər, üç Cənubi Qafqaz ölkəsi, Birləşmiş Ştatlar və Avropa Birliyini əhatələyər”, – məqalədə deyilir.

Minsk qrupu

Nəhayət, dördüncü yol diplomatiyanı canlandırmaqdır. Müəllif ATƏT-in Minsk qrupunun fəaliyyətini dirçəltməyin vacibliyini, həmsədrlərdən biri olan ABŞ-ın səfir səviyyəsində çıxış etməli olduğunu yazır.

Azərbaycan Prezidenti İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu deyir. Ötən ilin dekabrında prezident Bakıda həmsədrlər ilə görüşündə onları səfərə dəvət etmədiyini, Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını qeyd edib. “Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”, – prezident vurğulayıb.

Azərbaycanda müxalifət qüvvələri və müstəqil müşahidəçilər isə Rusiya hərbçilərinin təmas xəttinə yerləşdirilməsini ölkənin suverenliyinə təcavüz kimi dəyərləndirirlər. Qarabağda rus dilinə rəsmi status verilməsi, Rusiya rəsmilərinin bölgəyə səfərləri, Rusiya hərbçilərinin regiona erməni köçkünlərin qaytarılmasındakı fəaliyyəti isə sosial şəbəkələrdə tənqid olunur. Rusiyanın Qarabağı öz protektoratına çevirməyə çalışması iddiaları səslənir.

XS
SM
MD
LG