Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:49

OPEK+ neft hasilatını tədricən artırmağa razılaşır


Səudiyyə Ərəbistanında neft mədəni
Səudiyyə Ərəbistanında neft mədəni

Qrup COVID-19 pandemiyası dövründə tələbatın azalmasına cavab olaraq qiymətləri saxlamaq məqsədilə günlük neft hasilatında 7 milyon barel azalmanı koordinasiya edirdi

Neft ixrac edən ölkələrin OPEK+ qrupu gələn aylardan neft hasilatını tədricən artırmağa razılaşıb. Bu qrupa Səudiyyə Ərəbistanı və Rusiya başçılıq edir.

Nazirlərin 1 aprel bəyanatı postpandemiya dövründə neftə tələbatın artacağı gözləntilərindən xəbər verir. Bəyanatda qlobal vaksinasiya proqramı və aparıcı iqtisadiyyatlarda stimul paketlərinin dəstəyilə bazarda yaxşılaşmanın olduğu qeyd edilir.

1.1 milyon barel artım

OPEK+ qrupu Neft İxrac edən Ölkələr Təşkilatı və onun Rusiya daxil müttəfiqlərindən ibarətdir. Qrup COVID-19 pandemiyası dövründə tələbatın azalmasına cavab olaraq qiymətləri saxlamaq məqsədilə günlük neft hasilatında 7 milyon barel azalmanı koordinasiya edirdi.

Son razılaşma çərçivəsində OPEK+ ölkələri mayda gündəlik hasilatı 350 min barel, iyunda 350 min barel, iyulda 450 min barel artırmağa razılaşıblar. Məlumatı Qazaxıstanın Enerji Nazirliyi yayıb.

İranın Neft naziri Bijan Zanganeh qrupun iyuladək gündəlik hasilatı 1.1 milyon barel artıracağını təsdiqləyib.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rossiya-24 televiziyasına deyib ki, ölkəsi OPEK+ çərçivəsində may-iyul aralığında neft hasilatını 114 min barel artıracaq.

“Dirçəliş hələ başa çatmayıb”

Hazırda Avropada və başqa yerlərdə koronavirusa yoluxmalar artmaqdadır və bunun da enerjiyə tələbata təsiri olacaq. Səudiyyənin Enerji naziri Əbdüləziz bin Salman xəbərdarlıq edib ki, istənilən qərara alyansın aylıq toplantılarında dəyişiklik oluna bilər.

Şahzadə Əbdüləziz iclasdan öncə deyirdi ki, “qlobal mənzərə rəvan deyil və dirçəliş hələ başa çatmayıb”.

Səudiyyə Ərəbistanı daha öncəki danışıqlarda neftin qiymətinin müəyyən səviyyədə saxlanması üçün kəskin azalmalara razılaşıb. Ölkə bundan sonra hasilatda əlavə könüllü azaltmanı mərhələli şəkildə həyata keçirəcək – gündəlik hasilatı mayda 250 min, iyunda 350 min, iyulda 400 min barel azaldacaq.

Son altı ayda neftin qiymətində yüksəliş qeydə alınır. Qərbi Texas və Brent neftinin bareli noyabrda 40 dollara yaxın idi, hazırda 60 dolları keçir.

Novak tələbin artacağına nikbin yanaşır.

“Bu gün bazarla bağlı xeyli pozitiv rəqəmlər var, tələb qalxdıqca ehtiyatların sayı xeyli azalıb. Vaksinasiya da müsbət nəticə verir, tələb yüksəlir”, – o deyib.

XS
SM
MD
LG