Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:12

Azərbaycanda qidaların beşdə biri atılır


İl ərzində israf edilən qida 30 milyondan çox insanın ömürboyu qidalanmasına yetə bilərdi
İl ərzində israf edilən qida 30 milyondan çox insanın ömürboyu qidalanmasına yetə bilərdi

Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Ətraf Mühit Proqramı ötən ay "Qida Tullantıları İndeksi 2021" (Food Waste Index) adlı hesabatını yayımlayıb. Hesabatdan aydın olur ki, dünyada qida tullantıları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Təkcə hesabatın əhatə etdiyi 2019-cu il ərzində 931 milyon ton qida məhsulu zibilə çevrilib. Bu isə o deməkdir ki, ilboyu bütün qida məhsullarının 17 faizi israf edilib. Eyni dövrdə təxminən 690 milyon insan aclıqdan əziyyət çəkib. Qida tullantılarının miqyası barədə təsəvvür yaratmaq üçün hesabatda bildirilir ki, həmin tullantıları daşımaqdan ötrü 40 ton tutumlu 23 mindən çox yük maşını gərək olardı.

İsraf edilmiş qida tullantılarının 61 faizi evlərdə hazırlanmış qidaların payına düşür. İsrafın 26 faizlik bölümü xidmət sektorunda, 13 faizi isə pərakəndə satış nöqtələrində baş verir. Hesabatda deyilir ki, insan ömrü boyunca təxminən 70 min dəfə yemək yeyir ki, bu da toplam 25-30 ton qida deməkdir. Bu baxımdan, il ərzində israf edilən qida 30 milyondan çox insanın ömürboyu qidalanmasına yetə bilərdi. Digər tərəfdən, qida tullantıları ekoloji problemlərə də təsirsiz ötüşmür. Belə ki, atmosferdəki zərərli qazların təxminən 10 faizi məhz qida tullantılarından qaynaqlanır.

Nəzərə almaq lazımdır ki, hesabatda qida məhsullarının istehsalı, qablaşdırılması və daşınması zamanı ortaya çıxan tullantılar nəzərə alınmayıb. Eyni zamanda, bəzi ölkələrdə bu istiqamətdəki dataların dəqiq olmaması da tullantıların real həcminin daha böyük olması düşüncəsinə haqq qazandırır.

Qida israfı qlobal problem kimi

BMT qida israfı ilə bağlı yaranmış təhlükəli vəziyyətlə bağlı həm hökumətləri, həm istehsalçıları, həm də istehlakçıları daha məsuliyyətli davranmağa çağırıb. Qurumun 2030-cu ilədək müəyyənləşdirdiyi hədəflərdən biri də adambaşına düşən qida israfının iki dəfə azaldılmasıdır. Hesabatdan daha bir ilginc məqam ortaya çıxır: Evlərdə yaranan qida tullantıları ilə bağlı problem gəlir dərəcəsinə baxmadan, əslində, bütün ölkələrdə müşahidə olunub.

Düzdür, nisbətən daha yüksək gəlirli və evdən kənarda yemək mədəniyyəti olan ölkələrin xidmət sektorunda qida tullantıları daha çox gözə çarpıb. Məsələn, xidmət sektorunda formalaşan qida tullantılarının dünya üzrə adambaşına ortalama göstəricisi 32 kiloqram olduğu halda, ABŞ-da bu göstərici iki dəfə daha çox – yəni, 64 kiloqram olub.

Azərbaycanda durum necədir?

Hesabatın nəticəsinə görə, 2019-cu il ərzində Azərbaycanda adambaşına 93 kiloqram, toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcmi baxımından Azərbaycan bir çox ölkələri geridə qoyub. Həmin göstərici ilə Azərbaycan aşağı nəticəli "az etibarlı" (low confidence) ölkələr qrupuna aid edilib. Müqayisə üçün qeyd edək ki, Amerika qitəsindəki ölkələrdə qida tullantıları ilə bağlı adambaşına düşən orta göstərici – 69; Şərqi Avropada- 61; Qərbi Avropada – 65; Cənubi Asiyada – 66; Şərqi Asiyada - 64 kiloqram olub. Postsovet ölkələri arasında isə Azərbaycan Tacikistan və Gürcüstandan sonra, Ermənistanla birlikdə 3-cü yerdə qərarlaşıb.

Xərclərin yarısı ərzağa gedir

Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərc istiqaməti məhz ərzaq məhsullarıdır. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40.2 milyard manatlıq, o cümlədən 21.7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18.5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclər içərisindəki payı 48.6 faiz olub.

Dünya təcrübəsində rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə kimi sahələrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru rolunu oynayır, çünki hesablamalar göstərir ki, əhalinin rifah səviyyəsi aşağı düşdükcə ərzaq məhsullarının ümumi istehlak xərclərindəki xüsusi çəkisi artır. Məsələn, Avropa Birliyi ölkələri arasında ərzaq xərclərinin toplam xərclərdəki payı 9-26 faiz arasında dəyişir. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu göstərici 10 faiz civarındadır. Azərbaycanda isə istehlak məqsədi ilə xərclənən hər iki manatdan biri məhz ərzağa sərf edilib. Bu göstərici ilə Azərbaycan Avropa məkanında ilk yerlərdən birini tutur.

XS
SM
MD
LG