Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:39

Ermənistan ‘əsirlər’in qaytarılmamasını pisləyir


Erməni əsirlər Yerevan aeroportunda, 14 dekabr, 2021-ci il
Erməni əsirlər Yerevan aeroportunda, 14 dekabr, 2021-ci il

Azatutyun qeyd edir ki, aprelin 8-də əsirlərin yaxınları Erebuni aeroportuna yığışaraq Bakıdan təyyarənin gəlişini gözləyiblər

Ermənistan tərəf hərbi əsirlərin qaytarılması prosesinin təxirə salınmasını pisləyir. “9 noyabr üçtərəfli razılaşmasının 8-ci maddəsinin düşmən tərəfindən yerinə yetirilməməsi müharibədənsonrakı humanitar prosesin kobud şəkildə pozulmasıdır”, – AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) baş nazir müavini Tiqran Avinyanın ofisinə istinadla bildirir.

“Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqlar davam edir. Ümid edirik ki, sonucda Azərbaycan tərəfi imzalanmış bəyanata hörmət göstərəcək, humanitar razılaşmanı yerinə yetirəcək”, – açıqlamada vurğulanır.

Azatutyun qeyd edir ki, aprelin 8-də əsirlərin yaxınları Erebuni aeroportuna yığışaraq Bakıdan təyyarənin gəlişini gözləyiblər.

Bəzi mənbələrdə təyyarənin boş qayıtdığı iddia olunur.

Əsir, yoxsa terrorçu?

Azərbaycan ötən il 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Atəşkəs razılaşmasının 8-ci bəndində hərbi əsirlərin qaytarılması nəzərdə tutulur. Azərbaycan indiyədək qarşı tərəfə hərbi əsirlərin hamısını qaytardığını, hərbi əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, “terrorçu” olduğunu bildirir. Azərbaycanın Ermənistana 69 əsir, o cümlədən mülki şəxs, Ermənistanın Azərbaycana 15 nəfəri qaytardığı bildirilir.

Avropa İnsan Hüquqları Məhkəməsi martın 16-da 72 erməninin Azərbaycanda olduğunu, Azərbaycan hökumətinin də onların saxlandığını təsdiqlədiyini bildirib. Xarici işlər naziri Ceyhun Bayramov isə martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: "Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

Müharibədən sonra saxlanmış ermənilərlə bağlı iki fərqli mövqe
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Krasnova təşəkkürnamə verib

Ötən gün – aprelin 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində səfərdə olan Rusiyanın Baş prokuroru İqor Krasnovla görüşündə onun Azərbaycandan erməni əsirlərin və digər saxlanmış şəxslərin qaytarılması üçün göstərdiyi səyləri alqışlayıb, ona təşəkkürnamə verib. Krasnov qeyd edib ki, məsələnin həllindən ötrü mümkün olan hər şeyi edəcək.

Aprelin 8-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Tərəflərin əsir məsələsini müzakirə edib-etmədiyi barədə məlumat yoxdur.

Bir gün öncə Putin Moskvada Paşinyanla görüşmüşdü.

“Rusiya Prezidenti ilə müzakirələrimizdə Artsax (Qarabağ) və ətrafındakı vəziyyət ən vacib punktlardan idi”, – Paşinyan bunu Qarabağdakı separatçıların lideri Araik Arutyunyanla görüşündə deyib. Bu məlumatı da “Azatutyun” yayıb.

Arutyunyan “təhlükəsizlik və siyasi sferada, xüsusilə Qarabağın statusuyla əlaqədar” gələcək fəaliyyətin vacibliyini vurğulayıb. O, Rusiya sülhməramlılarını “təhlükəsizlik və sabitliyin təminatında vacib oyunçular”, onların fəaliyyətini “effektli” adlandırıb.

110 milyardlıq layihə

Paşinyan qeyd edib ki, 44 günlük müharibə bitəndən sonra Qarabağda normal həyatın bərpasından ötrü hər gün işləyirlər, irimiqyaslı layihələr həyata keçiriblər.

“Onmilyardlarla dramlıq birgə layihələr həyata keçirmişik... Ayastan ümumerməni fondunun vasitəsilə Artsaxda 110 milyard dramlıq yaşayış binaları tikintisi və infrastrukturun yaradılması proqramını qəbul etmişik”, – o vurğulayıb.

Azərbaycan hakimiyyəti isə Qarabağ münaqişəsinin artıq bitdiyini, tarixdə qaldığını iddia edir. Hakimiyyətyönlü deputatlar Ermənistanın Azərbaycan ərazisinə investisiya qoymasını pisləyiblər.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG