Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 12:52

İran Natanzdakı insidentə görə İsraili ittiham edir


Natanz zavodu, arziv fotosu
Natanz zavodu, arziv fotosu

İsrailin “Kan” ictimai radiosu kəşfiyyat mənbələrinə istinadla xəbər verib ki, Mossad kəşfiyyat agentliyi kiberhücum həyata keçirib

İran Natanz nüvə obyektində iddia olunan sabotaja görə İsraili ittiham edir və “intiqam” alacağını deyir.

Aprelin 12-də Xarici işlər naziri Məhəmməd Cavad Zərif insidentə görə İsraili suçlayıb, deyib ki, bu ölkə “sanksiyaları qaldırmaq yönündə əldə etdiyimiz proqresə görə intiqam almaq” istəyib.

“Açıq deyiblər ki, bunu bizə imkan verməyəcəklər. Amma biz də sionistlərdən intiqamımızı alacağıq”, – Zarif vurğulayıb. Amma nazir İsrailin insidentdə rolu olmasına dəlil göstərməyib.

İsrailin çoxsaylı media orqanları adını çəkmədiyi kəşfiyyat mənbələrinə istinadla Mossad kəşfiyyat xidmətinin Natanzda uğurlu sabotaj əməliyyat keçirdiyini, bununla uran zənginləşdirmə işini aylarla geri atdığını yazıb.

***

İranın Natanzda ‘nüvə terrorçuluğu’ndan danışır

İranın Natanz nüvə obyektində elektrik enerjisi təminatında yaranmış problemin İsrail tərəfindən törədilmiş sabotaj aktı olmasından şübhələnirlər. Bu insident 2015-ci il nüvə sazişini dirçəltməyi hədəfləyən diplomatik cəhdlərə kölgə sala bilər.

İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi aprelin 11-də insidenti “nüvə terrorçuluğu” aktı adlandıraraq beynəlxalq ictimaiyyəti təhdidi önləməyə çağırıb.

O, iddia olunan sabotajın arxasında kimin durduğunu, yaxud buna nə səbəb olduğunu açıqlamasa da, bildirib ki, İranın “bunu törədənlərə qarşı tədbir görmək hüququnu saxlayır”.

“Bu terrorçu hərəkətə komanda verənlərin məqsədlərini pozmaqdan ötrü... İran bir tərəfdən nüvə texnologiyasını inkişaf etdirəcək, digər tərəfdən ABŞ-ın boğucu sanksiyalarının qaldırılmasına çalışacaq”, – Salehi deyib.

Kiberhücum?

İsrailin “Kan” ictimai radiosu kəşfiyyat mənbələrinə istinadla xəbər verib ki, Mossad kəşfiyyat agentliyi kiberhücum həyata keçirib.

“The New York Times” isə Amerika və İsrailin kəşfiyyat rəsmilərinə istinadla İsrailin “böyük partlayış”da rolu olduğunu yazıb. Partlayış nəticəsində uran zənginləşdirən yeraltı sentrifuqaları təchiz edən daxili enerji təminatı sistemini dağılıb. İnsidentdən bir gün öncə Tehran uranı daha sürətlə zənginləşdirməyə qadir yeni qabaqcıl sentrifuqaları işə salıb.

Kəşfiyyat rəsmilərinin sözlərinə görə, enerji sisteminə dəyən ziyan Natanzın uran zənginləşdirməsini azı doqquz aylığa sıradan çıxarmaq gücünə malikdir.

Yeraltı Natanz obyekti İranın uran zənginləşdirmə proqramı üçün vacibdir, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri tərəfindən təftiş olunur.

İranın əzəli düşməni sayılan İsrail daha öncə də bu ölkəyə qarşı sabotajda – kiberhücumlarda, nüvə alimlərinin qətlində şübhəli bilinib. Ötən il Natanzın yerüstü hissəsində yanğın olmuşdu. Onda da hökumət bunu nüvə proqramına qarşı sabotaj hesab elədi. Sonra noyabrda aparıcı nüvə alimi Möhsün Fəxrizadə Tehran yaxınlığında avtomobilinə hücumda öldürüldü. İran qətlə görə İsraili ittiham elədi.

Gizli müharibə

İsrail adətən gizli əməliyyatları şərh eləmir. Amma Baş nazir Bencamin Netanyahu dəfələrlə İranı ölkəyə ən böyük təhdid kimi təsvir edib.

Son vaxtlar İsrail İrana qarşı çoxdan davam edən gizli müharibəni gücləndirib, Suriyada İrana bağlı qüvvələrə raket zərbələri artırılıb. Bu ayın əvvəlində isə Yəmən sahillərində İslam İnqilab Keşikçiləri korpusunun gəmisinə şübhəli mina hücumu həyata keçirilib.

Natanzdakı insident isə hazırda nüvə sazişini dirçəltmək üçün Vyana danışıqlarına kölgə salır. Sazişin tərəfləri ABŞ-ın 2018-ci ildə tərk etdiyi sənədlə bağlı danışıq aparırlar. İsrail daim bu sazişə qarşı çıxıb.

Prezident Co Bayden Birləşmiş Ştatların sazişə qayıtmağa meylli olduğunu bildirib. Keçmiş Tramp administrasiyası sənəddən çıxandan sonra Tehrana sanksiyaları bərpa edərək “maksimum təzyiq” kampaniyası aparıb. İran da buna nüvə öhdəliklərini tədricən pozmaqla cavab verib.

2015-ci il sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

XS
SM
MD
LG