Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:53

AB Çexiyanın Rusiyaya qarşı iddialarını götür-qoy edir


Çexiya səfirliyinin əməkdaşları Moskvanı tərk edir
Çexiya səfirliyinin əməkdaşları Moskvanı tərk edir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskvadakı Çexiya səfirliyi bundan sonra Rusiya vətəndaşlarını işə götürə bilməyəcək

Avropa Birliyinin xarici işlər nazirləri Çexiyanın Rusiyaya qarşı iddialarını müzakirə edir. Çexiya bildirir ki, 2018-ci ildə Britaniyada rusiyalı keçmiş ikili agentin Noviçokla zəhərlənməsində əli olduğu deyilən Rusiya hərbi agentləri Çexiyada iki nəfərin ölümü ilə nəticələnmiş silah deposu partlayışının da arxasında olub.

Aprelin 19-da günün sonunacan Praqanı azı 18 rusiyalı diplomat tərk etməlidir. Moskvadakı Çexiya səfirliyinin də 20 əməkdaşına ölkədən çıxmaq əmr olunub.

Qarşılıqlı addımlar və Çexiyanın iddiaları 1989-cu ildə kommunist idarəçiliyi bitəndən sonra bu ölkənin Rusiya ilə ən böyük qalmaqalıdır.

Səfirliklər üçün qayda

“Ümumilikdə, Rusiya ilə münasibətlər yaxşılaşmır, əksinə, müxtəlif cəbhələrdə gərginlik artır”, – AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel 19 aprel görüşündən öncə deyib.

Çexiyanın Baş naziri Andrey Babişin sözlərinə görə, rusiyalı diplomatları qovmaq qərarı çexiyalı müstəntiqlərin təqdim etdiyi “birmənalı dəlilə” əsaslanır, 2014-cü ildə ölkənin şərqindəki Vrbetice şəhərindəki partlayışda Rusiya hərbi kəşfiyyat agentlərinin əli olduğu bildirilir.

Kreml isə aprelin 19-da Çexiyanın addımlarını “provokativ və ədavətli” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskvadakı Çexiya səfirliyi bundan sonra Rusiya vətəndaşlarını işə götürə bilməyəcək.

“Həm Birləşmiş Ştatlar, həm də Çexiya Respublikası ilə bağlı qərar verilib ki, onlar daha ölkəmizin vətəndaşlarını işə götürə bilməyəcəklər. Bu faktor Çexiya səfirliyi, onun Moskvadakı işinin təşkilində vacib rol oynayıb. Onlar xeyli sayda Rusiya vətəndaşını işə götürüblər”, – Zaxarova Rossiya-1 televiziyasına deyib.

GRU agentləri

2018-ci ildə İngiltərənin Solsberi şəhərində rusiyalı agent Sergey Skripalın zəhərlənməsində Rusiyanın GRU hərbi kəşfiyyatının 29155 adlı bölməsinin adı hallanır. Babiş də partlayışda həmin bölmənin rolundan danışıb.

Skripal və qızının zəhərlənməsindən sonra Britaniya və müttəfiqləri Rusiyaya sanksiyalar tətbiq etdi, diplomatlarını qovdu.

Çexiya polisi aprelin 17-də Aleksandr PetrovRuslan Boşirov adları daxil müxtəlif pasportlar gəzdirən iki rusiyalı şübhəli agent barədə axtarış elan edib. Britaniya onları Skripal işində ittiham edir.

“Bellingcat” araşdırma saytı bu şübhəlilərin GRU agentləri Aleksandr MişkinAnatoli Çepiqa olduğunu müəyyənləşdirib.

Birləşmiş Ştatlar ötən həftə Moskvaya qarşı yeni sanksiyalar açıqlayıb, 10 diplomatı seçkiyə iddia olunan müdaxilə, kiber hücumlar, digər ədavətli hərəkətlərdən dolayı qovub. Rusiya da buna qarşılıqlı cavab verib.

XS
SM
MD
LG