Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:52

'Tərtər hadisələri' ilə bağlı hesabat yayılıb


İllüstrativ foto
İllüstrativ foto

Repressiyalar və İşgəncələr Əleyhinə Komitə bugün, aprelin 21-də "2017-ci ilin Tərtər hadisələri: xəyanət, yoxsa həqiqətin ictimaiyyətdən gizlədilməsi. Reallıqlar və uydurmalar" adlı hesabatın birinci hissəsini açıqlayıb.

Hesabatda qeyd edilir ki, 2017-ci ilin mayında Azərbaycanda kütləvi həbslər baş verib. Xatırladılır ki, hüquq-mühafizə orqanlarının birgə bəyanatında Ermənistanın xüsusi xidmət orqanlarına işlədiyi iddia olunan casus şəbəkəsinin ifşa edildiyi bildirilib.

"Ən azı 10 hərbçi işgəncələrdən ölüb”

"Minə yaxın hərbçi saxlanmış və dindirilmişdi. Cəbhəyanı məntəqələrin sakinləri olan mülki şəxslərə qarşı müəyyən işlər açılmışdı. Ən azı 10 hərbçi işgəncələrdən ölüb. Onlardan beş nəfəri ölümündən sonra bəraət alıb".

Hesabat müəllifləri qeyd ediblər ki, hazırda ən azı 25 nəfər həbsdədir. Bildirildiyinə görə, onlar dövlətə xəyanət və digər ittihamlarla müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər:

"Hesabat hazırlanarkən əlaqədar tərəflər, valideynlər, həbs edilən və öldürülənlərin digər ailə üzvləri, həmçinin azadlıqda olan işgəncə qurbanları dindirilib... Məhkəmə materialları, ittiham aktları, ekspertizanın rəyi və digər sənədlər araşdırılıb".

"101 hərbçi zərərçəkən kimi tanınıb"

Hesabatda iddia edilir ki, işgəncələrdən ölənlərin meyitləri ailələrinə verilməyib:

“Özləri dəfn ediblər. Dəfn mərasimlərinə polis cəlb olunub".

İşgəncəyə görə həbslərin olduğu bildirilir.

Hesabatda habelə bildirilir ki, daha sonra 101 hərbçi zərərçəkmiş kimi tanınıb, Müdafiə Nazirliyinin 10-dan çox əməkdaşı işgəncələrə görə həbs olunub.

Sənəddə o da vurğulanır ki, işgəncələrin baş verdiyi hərbi hissədə birləşmə komandiri, digər məsul şəxslər həbs olunmayıblar və işdən kənarlaşdırılmayıblar.

Bu hesabata, hələlik, Hərbi Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yaymışdılar.

Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirirdilər.

Birgə açıqlamada qeyd edilirdi ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində ölməsi ilə bağlı iddialar yayılıb.

Baş prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq ediblər.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan neçə nəfərin öldüyü və məhkəmə qərarları ilə bağlı ictimaiyyətə geniş, detallı açıqlama verməyiblər.

"Tərtər işi" üzrə məhkum edilənlərin əksəriyyəti barələrində çıxarılan hökmlərdən yuxarı instansiya məhkəmələrinə şikayət veriblər. Lakin hökmlər dəyişməyib. Bu iş üzrə məhkəmələrin hökm və qərarlarında iddia olunur ki, irəli sürülmüş ittihamlar məhkəmə araşdırmaları zamanı təsdiqini tapıb.

Bu cinayət işlərində dövlət sirri təşkil edən məlumat və hadisələrdən bəhs olunduğu əsas gətirilərək məhkəmə iclasları qapalı keçirilib.

"Tərtər işi" üzrə həbs olunanlara Cinayət Məcəlləsinin 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150 (seksual xarakterli zorakılıq hərəkətləri), 274 (dövlətə xəyanət), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) və başqa maddələri ilə ittiham irəli sürülüb.

Onların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Azərbaycanın rəsmi qurumlari isə bir qayda olaraq ictimaiyyətə açıqlamlarında ölkənin cəzaçəkmə müəssisələri və təcridxanalarında işgəncə olması ilə bağlı şikayətləri təkzib edirlər.

XS
SM
MD
LG