Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:37

ABŞ-ın yeni səfiri müxalifət lideri ilə görüşür


Svetlana Tixanovskaya (solda) və Culi Fişer
Svetlana Tixanovskaya (solda) və Culi Fişer

“ABŞ-ın Belarusda səfiri kimi mənim prioritetim həmin dəstəyi göstərməkdir”, – Fişer söyləyib

ABŞ-ın Belarusda yeni səfiri Culi Fişer ölkənin mühacirətdə yaşayan müxalifət lideri Svetlana Tixanovskaya ilə görüşüb. Bir neçə günə isə Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Rusiya Prezidenti Vladimir Putinlə görüşməlidir. Onlar ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə edəcəklər.

Görüş aprelin 21-də Litvanın paytaxtı Vilnüsdə keçirilib. Lukaşenka ötən ilin avqustunda prezident seçkisinin qalibi elan olunandan sonra Tixanovskaya həmin ölkəyə gedib. Müxalifət seçkini Tixanovskayanın udduğunu bildirir.

ABŞ Belarus xalqının “yanındadır”

“Bugünkü hərəkət Birləşmiş Ştatların Belarus xalqının yanında olmasına aydın mesaj verir”, – Fişer deyib. O, dekabrda ABŞ-ın Belarusa 2008-ci ildən bəri ilk səfiri təyin olunub, amma hələ Minskdə etibarnaməsini təqdim etməyib.

“ABŞ-ın Belarusda səfiri kimi mənim prioritetim həmin dəstəyi göstərməkdir”, – o söyləyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 21-də axşam bildirib ki, Fişer indiki şəraitdə Belarusda işinə başlamayacaq.

“Minskə səfir göndərə bilmək güclü mesaj verərdi. Amma gördüyümüz odur ki, Belarusda insan haqları pozuntuları, repressiya davam edir və hər şey əvvəlki kimi gedə bilməz”, – Prays vurğulayıb.

Fişer Tixanovskaya ilə görüşündə deyib ki, “beynəlxalq ictimaiyyətin baş verənlər haqda ucadan danışması, bizim buna diqqət ayırmağımızı deməsi, Belarusda siyasi məhbusların hamısını dərhal azadlığa buraxmağa çağırması vacibdir”.

Tixanovskaya Belarusun müstəqillik və suverenliyinin saxlamasının vacibliyini vurğulayıb.

“Belarusu müstəqil, azad, bütün ölkələr, ilk öncə qonşularımızla dost və qarşılıqlı faydalı münasibətlər qurmasını görmək istəyirəm”, – müxalifət lideri söyləyib.

Lukaşenkanı tanıyanlar

Avqust seçkisindən sonra Belarusda görünməmiş siyasi çaxnaşma başlayıb. Müxalifət 1994-cü ildən ölkəni idarə edən Lukaşenkanın seçkinin nəticələrini oğurladığını deyir.

Etirazlarda 34 mindən çox saxlanan olub. Nümayişçilərin döyüldüyü, digər insan haqları pozuntularının baş verdiyi bildirilir.

Qərb Lukaşenkanın qələbəsini tanımır. Rusiyadan başqa bir neçə ölkə onu Belarus prezidenti kimi qəbul edir.

Müxalifətin bir çox liderləri ölkədən gedib.

ABŞ və Avropa Birliyi Lukaşenka rejiminə bağlı fərdlərə və şirkətlərə sanksiyalar tətbiq edib.

Həftənin əvvəlində Vaşinqtonda 9 dövlət şirkətinə yenidən sanksiya qoyub və bunun Belarus iqtisadiyyatına sarsıdıcı zərbə vuracağı gözlənir.

XS
SM
MD
LG