Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Vyanada nüvə danışıqları başlanıb


Vyana danışıqları
Vyana danışıqları

Birləşmiş Ştatların İranın dondurulmuş aktivlərinə qadağanı qaldırmağı nəzərdən keçirməsi haqda da məlumat yayılıb

Mayın 7-də Vyanada Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişinə qayıtmasını hədəfləyən yüksək səviyyəli danışıqlar başlanıb.

Danışıqların məqsədi Vaşinqtonun İrana sanksiyaları qaldırması, Tehranın isə nüvə proqramına məhdudiyyətlər qoyması üçün yol xəritəsi hazırlamaqdır.

Rusiyanın təmsilçisi Mixail Ulyanov danışıqlarda öncə tvitində yazıb ki, İranın xarici işlər nazirinin bəyanatlarında müsbət əlamətlər görür.

“İran nümayəndə heyətinin başçısı Vyana danışıqlarının indiki durumu haqda ehtiyatlı danışır. Həm İran, həm də ABŞ bədbin proqnozlardan çəkinirlər. Bu, hazırkı məqamda pis əlamət kimi görünmür”, – o yazıb.

***

ABŞ İrana əlavə güzəştə getməyəcəyini deyir

Birləşmiş Ştatlar İranla 2015-ci il nüvə sazişinə qayıtması üçün razılaşdığı güzəştlərin siyahısını hazırlayıb, bunu administrasiyanın aparıcı rəsmisi açıqlayıb. ABŞ-ın sazişə qayıtması və İranın ona tam əməl etməsi üzrə danışıqların dördüncü raundu başlamalıdır.

Mayın 6-da reportyorlarla telekonfrans vasitəsilə danışan rəsmi deyib ki, İran yeni böyük güzəştlər gözləməməlidir, hazırda uğur, yaxud iflas İranın həmin güzəştləri qəbul etmək, sazişə tam əməl etməyə başlamaqla bağlı siyasi qərarından asılıdır.

ABŞ-ın Dövlət katibi Entoni Blinken isə müsahibəsində deyib ki, İranın razılaşmaya tam əməl etməkdən ötrü gərəkən qərarlara hazır olub-olmadığı bəlli deyil.

Açıq qalan suallar

“Onlar təəssüf ki, nüvə sazişiylə dayandırılmış proqramın təhlükəli hissələrinin bərpası yönündə addımları davam etdirirlər. Onların gərəkəni etməyə hazır olub-olmaması məsələsi açıq qalır”, – o, mayın 6-da NBC-yə deyib.

Vyanada keçirilən danışıqlarda Vaşinqtonun İrana sanksiyaları qaldırması, Tehranın isə nüvə proqramına məhdudiyyətləri bərpa etməsindən ötrü yol xəritəsi hazırlanır.

Mayın 1-də danışıqların üçüncü raundu başa çatıb. İran nümayəndə heyətinin başçısı, Xarici işlər nazirinin müavini Abbas Araqçı deyib ki, Tehran Birləşmiş Ştatlardan bir sıra sektorlarda sanksiyaları qaldırmasını tələb edir. Buraya neft, bankçılıq, bir çox fərdlərə və qurumlara sanksiyalar daxildir.

Araqçı İran mediasına ziddiyyətlərə baxmayaraq proqresin olduğunu deyib. Fransa, Britaniya və Almaniyanı təmsil edən avropalı deputatlar isə danışıqların çox ləng getdiyini bildiriblər.

Çin və Rusiyanın da qatıldığı danışıqlar ötən ay başlanıb. Birləşmiş Ştatlar sazişi tərk etdiyindən danışıqlarda birbaşa iştirak etmir. Avropalı deputatlar Vyanada İranla ABŞ nümayəndələri arasında vasitəçilik edirlər.

Razılaşma iddiaları

ABŞ Prezidenti Co Bayden ölkəsinin sazişə yenidən qoşulmaq istədiyini bildirib. Sələfi Donald Tramp sazişdən 2018-ci ildə çıxaraq Tehrana sanksiyaları bərpa edib. İran isə bir il sonra saziş çərçivəsində öhdəliklərini pozmağa başlayıb.

Nüvə danışıqları ilə paralel İran mediasının ötən həftəsonu yazmasına görə, Tehranla Vaşinqton arasında hər iki tərəfin məhbusları buraxmasıyla bağlı razılaşma var. Birləşmiş Ştatların İranın dondurulmuş aktivlərinə qadağanı qaldırmağı nəzərdən keçirməsi haqda da məlumat yayılıb. Amma tərəflər bu xəbərləri ya təkzib edib, ya da əhəmiyyətini kiçiltməyə çalışıblar.

CNN mayın 6-da İranın 1 milyard dollarlıq vəsaitinə qadağanın humanitar kömək məqsədilə qaldırılacağı haqda məlumat yayıb. Mənbələrin bildirməsinə görə, İranın ABŞ-da dondurulmuş vəsaitinin buraxılması xoşniyyətli jest kimi görünə bilər. Ancaq Konqresin bəzi üzvləri bu plana qarşı çıxır, bunun ABŞ-ın təsirini azalda biləcəyini deyirlər.

XS
SM
MD
LG