Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:54

Şuşada atəşfəşanlıq olub (Video)


Prezident İlham Əliyev Şuşada
Prezident İlham Əliyev Şuşada

Mayın 12-də Şuşada atəşfəşanlıq olub. Atəşfəşanlıq “Xarıbülbül” musiqi festivalı çərçivəsində gerçəkləşib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalı çərçivəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Şuşada "Xarıbülbül" musiqi festivalının açılışında iştirak edib.

"Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik", deyə o, açılış çıxışında qeyd edib.

O əlavə edib ki, bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək: "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər...".

Prezident daha sonra da əlavə edib: "...Həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür".

Prezidentin vurğulamasına görə, gələn il Şuşanın 270 illiyi qeyd ediləcək: "Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub...".

Prezident əlavə edib ki, şəhərdə bərpa işləri də başlayıb.

Prezident və Birinci vitse-prezident Qarabağda

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.

"Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə "Xarıbülbül" musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək", - paylaşımda deyilir.

Şuşada "Xarıbülbül" musiqi festivalı

Bu gün, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Şuşanın rəmzi sayılan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın Cıdır düzündə təşkil olunub.

Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutmalıdır.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqramlar təşkil olunacaq.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Şuşa şəhəri daxil. Şəhər 1992-ci il mayın 8-də işğal edilmişdi) və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG