Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:33

Azərbaycan və Ermənistanın qarşılıqlı şikayətlərinə Böyük Palata baxacaq


Avropa İnsan Hüquqları Məhkəməsinin dinləmə zalı
Avropa İnsan Hüquqları Məhkəməsinin dinləmə zalı

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Ermənistan və Azərbaycanın bir-birlərinə qarşı şikayətləri məsələsinə baxılacağını bildirib.

Bu barədə məlumatda deyilir ki, şikayətlər bu yaxınlarda Ermənistan və Azərbaycan arasında baş vermiş hərbi əməliyyatların gedişində bu ölkələr tərəfindən İnsan Haqları Konvensiyasının geniş şəkildə pozulması barədədir.

Burada söhbət mülki şəxslər, habelə mülki və ictimai mülkiyyət infrastrukturu üzərinə heç bir fərq qoymadan hücumlar, edamlar, hərbçilərə və mülkiilərə qarşı pis rəftar, habelə onlara fiziki xəsarətin yetirilməsi, əsir götürülməsi və əsirlərinin saxlanmasının davam etdirilməsi və hərbi əməliyyatların təsirinə məruz qalan ərazilərdən yerli əhalinin zorla çıxarılmasından gedir.

Azərbaycan əlavə olaraq bildirir ki, Ermənistan 1992-ci ildən bəri yüzminlərlə azərbaycanlının evlərindən qovulması, Azərbaycan vətəndaşlarına qarşı qəddar rəftar və onların itkin salınması, habelə dini-mədəni mülkiyyətin dağıdılması ilə Konvensiyanın bir sıra bəndlərini kobud şəkildə pozub.

İki proses əvəzinə bir proses

Qarşılıqlı şikayət ərizələri Ermənistan tərəfindən 2020-ci il 27 sentyabr, Azərbaycan tərəfindən isə 27 oktyabr tarixlərində təqdim olunub.

Avropa İnsan Hüquqları Məhkəməsi bildirir ki, o vaxt vəziyyətin son dərəcə ciddi olduğu nəzərə alınaraq keçid tədbiri barədə qərar qəbul edilmişdi. Başqa sözlərlə, Məhkəmə konkret hökm çıxarmadan tərəflərə təcili tövsiyələrini bildirib.

Keçid qərarında həm Ermənistanın, həm də Azərbaycanın mülki əhalinin hüquqlarını pozan hər hansı tədbirlərdən, xüsusilə də hərbi hərəkətlərdən çəkinmələrinə çağırış edilirdi.

Məhkəmə bildirir ki, 2021-ci il martın 9-da hər iki şikayətçiyə bu məsələnin Böyük Palatanın yurisdiksiyasına verilməsi təklif olunmuş və tərəflər bu təklifi qəbul etmişdilər.

Beləliklə, Azərbaycan və Ermənistanın qarşılıqlı şikayətlərinə dair məsələ mayın 11-də Böyük Palatanın ixtiyarına verilib və tərəflərin şiakyətlərinə eyni iş şəklində baxılacaq.

XS
SM
MD
LG