Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:36

İsrail ordusu quru əməliyyatlarına hazırlaşdığını deyir


Əl-Əqsa məscid kompleksində Ramazan bayramı namazı qılınır
Əl-Əqsa məscid kompleksində Ramazan bayramı namazı qılınır

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Bencamin Netanyahuya telefon zəngində raket zərbələrini pisləyib

İsrail ordusu quru qüvvələrinin Qəzzə zolağında Həmas yaraqlılarına qarşı “quru əməliyyatlarına hazırlaşdığını” deyir.

İki gündən çoxdur İsrail Qəzzəyə raket zərbələri endirir, uşaqlar daxil olmaqla 70-dən çox fələstinli öldürülüb. İsrail tərəfdən 7 nəfərin öldürüldüyü bildirilir.

İsrail ordusu bildirir ki, ölkə “çoxsaylı ssenarilər”ə hazır olduğundan Qəzzəyə zərbələr davam edəcək.

“Quru bölmələrimiz hazırlaşırlar, quru əməliyyatlarına hazırlığın müxtəlif mərhələsindədirlər”, – sözçü Conatan Konrikus jurnalistlərə deyib.

İsrailin Müdafiə naziri Benni Qants isə deyib ki, iğtişaşların qarşısını almaqdan ötrü təhlükəsizlik qüvvələrinə “irimiqyaslı gücləndirmə” göstərişi verib.

Lod şəhərində yandırılmış sinaqoq
Lod şəhərində yandırılmış sinaqoq

***

Bayden İsraili dəstəklədi

Mayın 13-nə keçən gecə Həmas yaraqlıları İsrailə onlarla raket atıb. Bundan öncə isə İsrailin raket zərbələrində silahlı qruplaşmanın komandirləri öldürülüb, Qəzzədə çoxmərtəbəli bina dağıdılıb.

Həmasın nəzarətində olan anklavın səhiyyə nazirliyi bildirir ki, mayın 10-da münaqişə qızışandan azı 56 fələstinli öldürülüb. Onlardan 14-ü uşaqdır. İsraildə isə 7 nəfərin öldürüldüyü bildirilir.

Son illər ən kəskin döyüşləri İsraildə yəhudilərlə ərəblər arasında küçə zorakılığını da gücləndirib.

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Bencamin Netanyahuya telefon zəngində raket zərbələrini pisləyib, “İsrailin təhlükəsizliyinə, legitim özünümüdafiə hüququna tərəddüdsüz dəstək” bildirib. Məlumatı Ağ ev mayın 12-də yayıb.

Netanyahu isə deyib ki, “İsrail Həmasın və Qəzza zolağında fəaliyyət göstərən digər terror təşkilatlarının hərbi gücünə zərbə vurmağı davam etdirəcək”, – İsrail tərəfin açıqlamasında belə deyilir.

1600 vs. 600 raket

Həmas da döyüşü davam etdirmək niyyətini bəyan edib, siyasi lideri İsmayıl Haniyə deyib ki, “düşmənlə qarşıdurma açıq elan olunub”.

İsrail ordusunun məlumatına görə, son 3 gündə Həmas və radikal İslamçı Cihad qruplaşması İsrailə 1600 raket atıb. “Dəmir Günbəz” sistemi onların çoxunu neytrallaşdırıb.

İllərdir 2 milyonadək insanın blokada və humanitar böhran şəraitində yaşadığı Qəzzə zolağına isə İsrail tərəfdən 600-dək zərbə endirilib.

Ötən gün Həmas aparıcı komandirinin və “digər liderlər”in öldürüldüyünü təsdiqləyib.

Döyüşlər Şərqi Yerusəlimdə həftələrlə çəkən gərginlik fonunda qızışıb. Son iki gecədə İsrailin bir neçə yerində yəhudilər və ərəb sakinlər arasında qarşıdurma haqda xəbərlər gəlir. İsrailin 9 milyonluq əhalisinin 20 faizə qədərini ərəb vətəndaşlar təşkil edir.

Təhlükəsizlik Şurası vahid bəyanat qəbul edə bilmir

Mayın 12-də BMT-nin Təhlükəsizlik Şurası daha bir fövqəladə qapalı iclas keçirib, ancaq İsrailin əsas müttəfiqi olan Birləşmiş Ştatların dirənişi ucbatından vahid bəyanat qəbul edə bilməyib.

Diplomatik mənbələrə görə, şuranın 15 üzvündən 14-ü gərginliyin azaldılmasına çağıran birgə bəyanat qəbul etmək tərəfdarı olub. Amma Birləşmiş Ştatların mövqeyincə, bəyanat gərginliyin “azaldılmasına kömək etməyəcək”.

Şuranın Avropadan olan dörd üzvü – Norveç, Estoniya, Fransa və İrlandiya mayın 12-də birgə bəyanat qəbul edərək İsraildə dinc əhaliyə raket atılmasını “qəbuledilməz” adlandırıb. Onlar hər iki tərəfdə dinc sakinlərin, o cümlədən uşaqlar ölümünü pisləyirlər.

“İsraili Şərqi Yerusəlim daxil olmaqla məskunlaşmanı, evlərin sökülməsini və evlərdən çıxarılmanı dayandırmağa çağırırıq”, – bəyanatda vurğulanır.

XS
SM
MD
LG