Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:48

Gürcüstan iyunun 1-dən sərhədlərini açır


Gürcüstan-Azərbaycan sərhədi
Gürcüstan-Azərbaycan sərhədi

Gürcüstan iyunun 1-dən ölkə sərhədlərini xarici vətəndaşlar üçün açacaq.

Lakin ölkəyə gələnlər sərhədçilərə ya tam vaksinasiya barədə, ya da ölkəyə girişdən əvvəl 72 saat ərzində alınmış koronavirus testinin neqativ nəticəsi barədə sənəd təqdim etməli olacaqlar.

Gürcüstan özünün Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə ilə quru sərhədlərini bir il bundan əvvəl, pandemiyanın əvvəllərində bağlayıb.

Sərhədlərin açılmasına dair qərar mayın 25-də Gürcüstan hökuməti yanında Koordinasiya Şurası tərəfindən qəbul olunub.

Şura habelə kafe və restoranların istirahət gündlərində də işləməsinə icazə verib.

Xəbər verilir ki, Gürcüstan hökuməti sərhədləri ölkədə epidemioloji vəziyyətin hələ də ağır olmasına baxmayaraq açır.

Məqsəd ölkəyə ilk növbədə Rusiyadan turistlərin cəlb olunmasıdır.

Gürcüstan turizm sənayesini dirçəltmək istəyir

Gürcüstanın iqtisadi inkişaf naziri Natiya Turnava deyib ki, quru sərhədlərinin açılması, habelə xariclə hava nəqliyyatının bərpası Gürcüstana turizm sənayesini pandemiyaya qədərki göstəricələrlə müqayisədə 50 faiz bərpa etmək imkanı verəcək.

Gürcüstan 2019-cu ildə turizmdən 3 milyard dollardan çox gəlir götürmüşdü.

Bəzi ekspertlərin dediyinə görə Tbilisi habelə Rusiyanın Türkiyəyə uçuşları dayandırdığını nəzərə alıb.

Hökumət ümid edir ki, Türkiyəyə istirahətə gedə bilməyənlərin bir çoxu səmtini Gürcüstana çevirəcək.

Bununla belə Gürcüstan hökuməti bütün ölkə boyunca, o cümlədən turizm mərkəzlərində gecə saat 23:00-dan səhər 5:00-a qədər müddəti əhatə edən kommendant saatını qüvvədə saxlayacaq.

XS
SM
MD
LG