Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:49

Səudiyyə Ərəbistanı əzanın səsini azaldır


Məkkədəki Məhəmməd məscidi
Məkkədəki Məhəmməd məscidi

Səudiyyə Ərəbistanının hökuməti məscidlərdəki səsucaldanların səs yüksəkliyinə məhdudiyyət qoyulmasına dair qərarını müdafiə edib.

Hökumətin bu qərarı ictimaiyyətin bir qisminin narazılığına səbəb olub.

Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyi ötən həftə radikal addım ataraq məscidlərdəki səsucaldanların səsinin maksimum həddin yalnız üçdə biri səviyyəsində olmasına icazə verib.

Qərarda habelə deyilir ki, məscidlərdəki səsucaldanlardan yalnız əzanın verilməsi üçün istifadə edilə bilər. Bundan əvvəl səsucaldanlardan Quran və xütbələr də oxunurdu.

The Independent qəzeti yazır ki, Səudiyyədə on minlərlə məscid və İslamın bir neçə ən müqəddəs məkanları var.

İslam işləri naziri Abdulətif əş-Şeyx deyib ki, bu qərar səsucaldanların uşaqlar və yaşlılar üçün narahatlıq yaratdığı barədə ictimaiyyətdən alınan şikayətlərə görə qəbul edilib.

“Restoran səsi azadlqıdır...”

Hökumətin bu qərarına sosial mediaların münasibəti birmənalı olmayıb. Ən çox narazılığı mühafizəkar ruhanilər və ictimaiyyətin bir qismi dilə gətirib.

Sosial mediada bir çoxları restoran və kafelərdən ucalan musiqi səsinin də alınmasını təklif edirlər.

Jurnalist fəallardan Turki əş-Şalubun ərəbcə yazdığı tvit təxminən belədir:

“Vəhy torpağında …Quranın və xütbələrin səsi qadağan olunur, konsertlərin səsi ucaldılır”.

Başqa bir istifadəçi isə yazır?

“Məscidlərdəki səsucaldanların səsi qəmlidir…restoranlardan gələn musiqi səsi isə azadlıq!”

“Krallığın düşmənləri və araqarışdıranlar”

Nazir Abdulətif əş-Şeyx dövlət telekanalı ilə translyasiya olunan videoda bildirir ki, bu qərarı tənqid edənlər “krallığın düşməni” və “araqarışdıranlar”dır:

“Namaz qılmaq istəyənin imamı gözləməsinə ehtiyac yoxdur. Bu adamlar həmin vaxt artıq məsciddə olmalıdırlar”.

Nazir əlavə edib ki, Quran və moizələri bir neçə telekanallardan da oxuyurlar.

Səudiyyə Ərəbistanı hökuməti son illərdə dinin cəmiyyətdəki rolunun tədricən azaldılması istiqamətində bir sıra addımlar atıb.

Vəliəhd şahzadə Məhəmməd bin Salman bir sıra məhdudiyyətləri yumşaldan fərmanlar verib.

Kinoteatrlara və qadınların avtomobil sürməsinə qoyulan qadağanlar qaldırılıb.

Buna baxmayaraq krallıqda fərqli düşüncənin və ifadə azadlığının təqib olunması hələ də narahatlıq doğrurur.

XS
SM
MD
LG