Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:39

Həbsdə hansı kitabları oxumaq olar


Həbsxana
Həbsxana

Həbsdə olan şəxslərin bir çoxu vaxtı kitab oxumaqla keçirməyə çalışır. Cəzaçəkmə müəssisələrində bundan ötrü kitabxanalar var. Kitabxana fondunun yenilənməsi üçün büdcədən vəsait də ayrılır.

Mütəmadi yeni kitablar çap edən "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir ki, hər il cəzaçəkmə müəssisələrində kitab fondunu yeniləmək üçün Penitensiar Xidmətin rəhbərliyinə təkliflərini, yeni kataloqunu göndərir. Amma hər dəfə də "yox" cavabı alır.

Ş.Xuduoğlu
Ş.Xuduoğlu

"Adamlar həbsdən çıxanda kitabları orada qoyurlar"

Bu ilin mayında da Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi vəzifəsini icra edən Ələkbər Mirzəyev nəşriyyat rəhbərinə növbəti dəfə cavab məktubu göndərib. Yazıb ki, penitensiar müəssisələrin kitab fondunun zənginləşdirilməsi istiqamətində mütəmadi tədbirlər görülür: "Gələcəkdə ehtiyac olduğu təqdirdə Sizinlə bu istiqamətdə əməkdaşlıq ediləcək".

Xuduoğlu AzadlıqRadiosuna danışır ki, təkcə Penitensiar Xidmət deyil, başqa dövlət qurumları da kitab fondunu yeniləməkdə maraqlı deyil. O qurumlardan da eyni cavabı alırlar.

Cəzaçəkmə müəssisələrinə gəlincə, nəşriyyat rəhbəri deyir ki, həbsdə olan şəxslərə özü də zaman-zaman kitablar göndərir: "Özləri məktublar yazırlar, deyirlər ki, kitabxanada yeni kitab görmürük. Qohumları vasitəsilə göndəririk. O adamlar həbsdən çıxanda kitabları orada qoyurlar. Amma bu qurum bizdən rəsmi olaraq heç vaxt kitab almayıb. Söhbət ondan gedir ki, kitab fondu üçün dövlətin büdcəsindən ayrılan vəsait niyə təyinatı üzrə xərclənməməlidir. Ən əsası, kitab oxuyan hər məhkum oradan nəsə götürə bilər...".

'Həbsxanada hər şey pulladı' - AXCP fəalı Fuad Əhmədli azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

"Nə yazarları, nə də tərcüməçiləri müstəqil düşüncəli fəallar olmalıdır"

Dörd il həbs həyatı yaşamış gənc siyasi fəal Fuad Əhmədli bu müddətdə yüzlərlə kitab oxuduğunu deyir. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrindəki kitabxanalarda vəziyyətin qənaətbəxş olduğunu demək çətin olsa da, yerli klassiklər, xarici ədəbiyyat və hüquqa aid çoxsaylı kitablar vardı: "Corc Oruell, Remark, Etel Lilian Voyniç, Cek London kimi dünyaca məşhur yazarların əsərləri ilə bağlı zaman-zaman çatışmazlıq olurdu".

Əhmədli deyir ki, hökumətə müxalif olan müəlliflərin kitablarının məhkumlara verilməsi də qadağan idi. O, Qənimət Zahidin "Son Dərviş" romanını, Rəşadət Axundovun tərcümə etdiyi "Şahənşah" kitabını misal göstərib: "Kitablar mənə verilmədi ki, qanunvericiliyə uyğun olub-olmadığını araşdırırıq. Daha sonra özüm yazılı müraciət etdim ki, kitabları mənə yox, birbaşa müəssisənin kitabxanasına təqdim etsinlər. Və həmin gün kitablar "yoxa çıxdı". Qısası, kitabların nə yazarları, nə də tərcüməçiləri müstəqil düşüncəli fəallar olmalıdır. Kitabların içində heç bir "salam", əlyazma, yaxud dost mesajı da olmamalıdır".

M.Sadıqov
M.Sadıqov

"Hansı məzmunda kitablara ehtiyac duyduqları öyrənilir"

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, istər istintaq təcridxanaları, istərsə də cəzaçəkmə müəssisələrindəki kitabxanalar yetərincə zəngindir. Kitab fondunun müasirləşdirilməsi üçün lazımi addımlar atılır, hətta məhkumların fikri də nəzərə alınır, bu məqsədlə onların arasında sorğu da keçirilir: "Müxtəlif çeşidli kitablar var. Müxtəlif dillərdə - Azərbaycan, rus, ingilis dillərində kitablar var. Məhkumlardan daha çox hansı məzmunda kitablara ehtiyac duyduqları öyrənilir, həmin kitablar alınır. Həm dövlət tərəfindən alınır, həm də əməkdaşlıq etdiyimiz QHT-lər, müəyyən dostlarımız verirlər. Məhkumların yaxınları da onlara kitab gətirə bilər".

Sadıqov əlavə edib ki, penitensiar müəssisələrə gətirilən bütün kitablar yoxlanılır, ekspertizadan keçirilir. Şöbə rəisinin sözlərinə görə, qanunla qadağan edilməyən kitablar məhkumlara təqdim olunur.

XS
SM
MD
LG